Əsas Səhifə > Güney Press > Sakit okeanda ABŞ-la Çin arasında “Böyük oyun” gedir

Sakit okeanda ABŞ-la Çin arasında “Böyük oyun” gedir


23-08-2024, 13:43
Sakit okeanda ABŞ-la Çin arasında “Böyük oyun” gedir
Sakit Okeanda yerləşən ada dövlətləri gəmiçilik zolaqları, dərin dəniz limanları və digər strateji aktivlərə görə Çin və ABŞ arasında rəqabətin mərkəzinə düşüblər.
AzVision.az xəbər verir ki, Sidneydə yerləşən “Loui” müstəqil beyin mərkəzinin dərc etdiyi hesabatda Sakit okeanda ABŞ-Çin rəqabətinin əsas səbəblərinin gəmiçilik zolaqlarına və rabitə kabellərinə yaxınlıq, həmçinin balıq tutmaq və dənizin dibindəki mineralları çıxarmaq siyasətinin olduğu bildirilir. “Blumberg” nəşri həmin hesabata istinadən yazır ki, bununla belə, məhz Asiya, Şimali Amerika və Avstraliya arasında yerləşməsi bu regionu böyük dövlətlərin müdafiə strategiyalarında prioritet əraziyə çevirir.

“Loui” institutunun ekspertlərinin qiymətləndirməsinə görə, Çin diplomatiya, infrastruktur layihələri və inkişafın maliyyələşdirilməsi hesabına öz təsirini genişləndirir. Ada dövlətlərinin Avstraliya və ABŞ kimi ənənəvi tərəfdaşları da öz təsirlərini qoruyub saxlamağa və Çinlə ayaqlaşmağa çalışırlar.

Bu, əvvəllər Qərb ölkələrinin regiona lazımınca diqqət yetirmədiklərindən şikayət edən ada dövlətlərinin başçıları üçün vəziyyəti dəyişdirir.

“Son zamanlar Çin Sakit okean regionunda önəmli oyunçuya çevrilib. Pekin fəal şəkildə dəniz limanları və aeroportlar kimi infrastruktur qurur, telekommunikasiya kabelləri çəkir və həmçinin ordu, polis, rəqəmsal texnologiya və media kimi əsas sahələrdə getdikcə daha mühüm rol oynayır.
Pekinin ada dövlətlərinə verdiyi kreditlər və infrastruktur sərmayələri ona 2019-cu ildən bəri Çinə görə Sakit okeandakı üç diplomatik tərəfdaşını - Kiribati, Nikaraqua və Hondurası itirmiş Tayvanın zərərinə öz varlığını möhkəmləndirməyə imkan verib”, - nəşr yazır.

2022-ci ildə isə Pekinin Solomon adaları ilə təhlükəsizlik paktı imzalaması Qərb ölkələrinin narahatlığını daha da artırıb. Bu, ABŞ və Avstraliyanı Papua Yeni Qvineya da daxil olmaqla digər ölkələrlə təhlükəsizlik və sair razılaşmaları gücləndirməyə sövq etdi. Avstraliya həmçinin Tuvalu ilə iqlim vəziyyəti pisləşəcəyi halda, bu ölkənin sakinlərinin Avstraliyaya köçməsinə icazə verən müqavilə imzaladı.

Pekinlə ayaqlaşmağa çalışan Vaşinqton və onun müttəfiqləri diplomatiya sahəsində də bir sıra mühüm addımlar atıblar. Məsələn, 2017-ci ildən bəri onlar Sakit okean regionundakı Vanuatu və Solomon adalarında Amerika nümayəndəlikləri də daxil olmaqla 18 yeni səfirlik açıblar. Lakin dörd diplomatik nümayəndəlik sonradan bağlanıb. Avstraliya isə 2017-ci ildən bəri regionda altı yeni nümayəndəlik açmaqla Sakit Okeandakı hər bir suveren ölkədə daimi diplomatik iştirakı olan yeganə ölkəyə çevrilib.

“Loui” beyin mərkəzinin ekspertlərinin fikrincə, Sakit okeanla qlobal diplomatik əlaqənin çılğın tempi gərgin rəqabətin getdiyindən xəbər verir. Lakin bu daimi qarşılıqlı əlaqə tez bir zamanda yerli sistemləri alt-üst edə və heç bir maddi fayda gətirməyə də bilər.

Qeyd edək ki, “Böyük Oyun” (digər adı “Kölgələr Döyüşü” ) 19-cu və 20-ci əsrlərdə Orta Asiyada hökmranlıq uğrunda Böyük Britaniya və Rusiya imperiyaları arasında gedən geosiyasi rəqabətdir. “Böyük oyun” ifadəsi ilk dəfə “Şərqi Hindistan” şirkətinin xidmətində olan zabit Artur Konolli tərəfindən 1840-cı ildə Kabildəki ingilis siyasi nümayəndəsinin Bombey qubernatoruna göndərdiyi məktubun surətinin kənarında işlədilib. Sonradan bu ifadə Redyard Kiplinqin 1901-ci ildə nəşr olunmuş “Kim” romanı sayəsində geniş tirajlanıb.

Geri qayıt