Əsas Səhifə > Güney Press > Sabiq məmurun həbsdə olan oğlu şikayətini geri götürdü

Sabiq məmurun həbsdə olan oğlu şikayətini geri götürdü


23-08-2024, 09:23
Sabiq məmurun həbsdə olan oğlu şikayətini geri götürdü
Bakıda 2 milyonluq dələduzluqda ittiham edilən Xətai Rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

Qeyd: Elvin Həşimli zərərçəkmiş Möhkəm Səmədova biznes qurmaq adı ilə yalan vədlər verərək, onun 2,5 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə küllü miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılıb. Prokuror təqsirləndirilən şəxsə 12 il həbs cəzası tələb edib. Sonuncu iclasda məhkəmə Elvin Həşimlinin təqsiri sübuta yetirilmədiyini elan edərək ona bəraət verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Sonradan Ali Məhkəmə prokurorun kassasiya şikayətini təmin edib. İş araşdırılması üçün apellyasiya baxışına təyin olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, əsasən, Elvin Həşimli xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbsə alınıb.

Xatırlatma: Elvin Həşimli əvvəllər Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı işləyib. O, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sabiq rəisi Elçin Həşimlinin oğludur.

Geri qayıt