Əsas Səhifə > Güney Press > İnternetin qiyməti artdı, sürət yerində saymağa davam edir...
İnternetin qiyməti artdı, sürət yerində saymağa davam edir...23-08-2024, 08:30 |
Bir neçə gündür ölkənin bütün provayderləri internet qiymətlərini artırıb. İndi aylıq internet imkanları əldə etmək üçün azı 25 manat ödəmək lazımdır. Həm dövlət, həm də özəl provayderlər qiymət artımından danışanda bunu sürətin artması, beynəlxalq standartları tətbiq etmə istəyi ilə əlaqələndirirdilər. Qiymət artıb, amma sürətin yaxşılaşmasından söhbət belə gedə bilməz. Bizimyol.info xəbər verir ki, ayrı-ayrı vətəndaşlar sosial platformalarda internet sürətini əks etdirən şəkillər paylaşır. Buradan sürətin söz verildiyi kimi, 100 Mbit/s olmadığı görünür. Hətta bir çox hallarda göstərici 50 Mbit/s-yə də çatmır. Onda icazə versinlər deyək ki, qiymət artımı camaatın cibinə girməkdən başqa bir şey deyil. Çünki vədə əməl olunmayıb, əvəzində yeni tarif tətbiq edilir. Bölgələrdə minimum 25 manata internetdən istifadə etmək əksəriyyət üçün əlçatmaz görünür. Bir sıra ucqar kəndə də xətt çəkilib, amma nəzərə alınmayıb ki, insanlar pulu ödəmək gücündə deyil. Azərbaycan İnternet Forumu bununla bağlı təkliflər paketi hazırlamışdı. Burada bölgə camaatı üçün qiyməti 18 manatda saxlamaq təklif olunurdu. Belə görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qiymət artımını dəstəkləməkdə davam edəcək. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz hesab edir ki, dəyişikliklərdən sonra ən azı 4 məsələ özünü göstərəcək. Birincisi; bölgələrdə, xüsusilə kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq. İkincisi; bölgələrdə, yenə xüsusilə kəndlərin rəqəmsal transformasiyası ləngiyəcək. Üçüncüsü; qonşular, yaxınlar yığışıb şərikli internet xidməti formalaşdıracaqlar, bu da Azərbaycanın indiki inkişaf səviyyəsi üçün xoşagəlməz bir hal olacaq. Dördüncüsü, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin inhisarçılar qarşısında nə qədər gücsüz olması açıq formada görünəcək. Osman Gündüzün qeyd etdiyi üçüncü bənd artıq bölgələrdə populyarlaşmağa başlayıb. Qonşular şərikli internet istifadə etmək qərarı verirlər. Yəni bir IP ünvanından bir neçə yaxın evdə istifadə olunması tətbiq edilir. Görün 21-ci əsrdə insanlar nəyə vadar olur. O əsrdə ki, az qala hər gün yeniliklər diqqət çəkir. Yeniliklərə açıq olmaq əvəzinə insanları geriyə addım atmağa sövq edirlər. Geri qayıt |