Əsas Səhifə > Güney Press > Paşinyanın Kərki kəndi ətrafında dolaşması prosesin başlanğıcı sayıla bilər
Paşinyanın Kərki kəndi ətrafında dolaşması prosesin başlanğıcı sayıla bilər22-08-2024, 17:48 |
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Ararat vilayətinə səfər edib. Bu barədə "Hraparak" nəşri məlumat yayıb. Nəşr yazır ki, baş nazir səfər zamanı vilayətin bir çox icmasına baş çəksə də, Tiqranaşendən (Kərki - red.) yan keçib. O hətta kəndə bitişik Sevakavana getsə də, Kərkiyə daxil olmayıb. Məlumata görə, bu məsələ hakim Mülki Müqavilə Partiyası daxilində narahatlıq yaradıb, Kərkinin Azərbaycana veriləcəyi ilə bağlı iddiaların güclənməsinə səbəb olub. N.Paşinyan vilayətə səfərində müxtəlif icmaların rəhbərlikləri və güc strukturlarının nümayəndələri ilə görüşüb, onlara hədiyyələr verib. Nəşr iddia edir ki, baş nazir xüsusilə güc strukturlarına hədiyyə verdiyi hissələrin tam lentə alınması və mətbuatda yayımlanması göstərişini verib. Belə ki, sözügedən ərazidə güc strukturlarının bir qisminin hakim partiya ilə əlaqəsinin olmadığı bildirilib. Baş nazirin bununla həmin şəxsləri də öz idarəsi altında göstərməyə çalışdığı deyilir. Sözügedən məsələnin mübahisəsinin belə absurd olduğunu bildirən siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki,əlbəttə, Kərki kəndi Azərbaycana qaytarılacaq: “Çünki Kərki kəndi Azərbaycan torpağıdır. Nikol Paşinyanın Kərki kəndi ətrafında dolaşması da prosesin başlanğıcı sayıla bilər. Görünür ki, Paşinyan ilkin ictimai rəyi yoxlamaq üçün müxtəlif icmalarla görüşüb və Kərki kəndinə baş çəkməyib. Bunu bir növ nəbz yoxlaması kimi də qiymətləndirə bilərik. Yəni Nikol Paşinyan başa düşür ki, birbaşa Kərki kəndini Azərbaycana qaytaracağı təqdirdə ölkə içində ona qarşı kampaniyalar başladacaqlar. Nəticə etibarilə Nikol Paşinyan əlavə enerji xərcləməli olacaq. Yəni indiki vəziyyətdə Nikol Paşinyanın devrilməsi ehtimalı yoxdur. Necə ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması prosesində keşiş Baqratın Tavuşda başlatdığı hərəkat bir qədər Nikol Paşinyan üçün başağrısı oldu. Görünən odur ki, indi Nikol Paşinyan taktikanı dəyişib. Onun Kərkinin Azərbaycana qaytarılması prosesinə qədər əleyhdarlarını neytrallaşdırmaq yolu tutduğunu düşünürəm. Zaman nə qədər doğru olduğumuzu göstərəcək”. Geri qayıt |