Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Bakıdan dəvət, İrəvandan tərəddüd: yaxud itirilməməli sülh fürsəti

Bakıdan dəvət, İrəvandan tərəddüd: yaxud itirilməməli sülh fürsəti


22-08-2024, 19:10
Bakıdan dəvət, İrəvandan tərəddüd: yaxud itirilməməli sülh fürsəti
Azərbaycan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək. Bunu Azərbaycan energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib. O bildirib ki, COP29-un əsas mövzusu iqlim dəyişikliyi olacaq: “Həmçinin inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə daha çox dəstək göstərməsi də COP29-un gündəliyində olacaq. İqlim dəyişikliyi ən çox Afrikaya təsir edir”.

Soltanov xatırladıb ki, Ermənistan da COP29-a dəvət edilib: “Təxminən 80 min qonağımız olacaq. Dünyanın bütün prezidentlərinə dəvət göndərilib. 50-dən çox dövlətdən nazirlər gələcək. Bu rəqəmin artacağı da gözlənilir. COP29 Azərbaycanın indiyə kimi ev sahibliyi etdiyi digər bütün tədbirlərlə müqayisə edilməyəcək tədbir olacaq. İqlim müzakirələrinə liderlik edəcəyik. Azərbaycanın qonaqpərvərliyini ortaya qoyacağıq. COP-un uğursuz olma ehtimalı yoxdur”.

Bundan əvvəl də Azərbaycan rəsmilərinin bəyanatlarında İrəvan COP29-a dəvət olunub. Amma İrəvandan hələlik Bakıda noyabrda keçiriləcək böyük tədbirdə iştirak edib-etməməklə bağlı cavab verilməyib. Erməni mediası bir müddət əvvəl yazırdı ki, Ermənistanın Baş naziri Nikol Paşinyan, yaxud xarici işlər naziri Ararat Mirzoyanın COP29-da iştirak edəcəyi istisna deyil.

Hətta COP29-dək Azərbaycan və Ermənistan arasında sülh sazişi, çərçivə sazişinin imzalana biləcəyi ehtimalları da bir çox ekspertlər, ölkə rəsmiləri tərəfindən səsləndirilirdi. Bu günlərdə Avropa İttifaqı da tərəflərə COP29 tədbirinədək sülh sazişi, çərçivə sazişi imzalamaqla bağlı çağırış edib.

Ermənistanın COP29 tədbirinə nümayəndə ilə qatılıb-qatılmayacağı, İrəvandan Bakının dəvətinə hansısa cavab verilməməsi, bu ərəfədə sülh sazişinin imzalanması ehtimalları ilə bağlı AYNA-nın suallarını politoloq Əlimusa İbrahimov cavablandırıb. Analitik bildirib ki, bütün dünya dövlətlərinin bu tədbirə marağı böyükdür:

- Azərbaycanın həm dostları, həm də ölkəmizə qarşı olan qüvvələr COP29-un necə keçəcəyi, qəbul olunacaq qərarların nə olacağını gözləyirlər. Hətta bununla bağlı müxtəlif dairələrdə müzakirələr aparılıb. Artıq 200-ə yaxın dövlətdən 50 dövlət bu tədbirdə iştirak edəcəyini təsdiqləyib. Düşünürəm ki, bütün dövlətlərin COP29-da hansısa səviyyədə iştirakı gözlənilir. Bu, sıradan bir tədbir deyil. Azərbaycanın qarşısında da çox böyük məsuliyyət var. 80 min qonağı qarşılamaq, onların təhlükəsizliyini təmin etmək lazımdır. Nəzərə almaq lazımdır ki, bu qonaqlar sıradan qonaqlar olmayacaq, dövlət və hökumət rəhbərləri iştirak edəcəklər. Hesablamalara görə, 100-dən artıq dövlət başçısının iştirakı gözlənilir. Bu tədbirdən sonra dünya dövlətləri ekologiyanın yaxşılaşdırılması, problemlərin aradan qaldırılması üçün addımlar atacaqlar. Hesab edirəm ki, bu tədbirdə bütün dünya dövlətləri iştirakda maraqlı olmalıdırlar.

Qaldı ki, Ermənistanın iştirakına, Azərbaycan rəsmi səviyyədə dəvət edib. Bu, İrəvanın verəcəyi qərardan asılıdır. Hələlik İrəvandan iştirak edib-etməməklə bağlı cavab verilməyib. Burada Azərbaycana irad tutula bilməz. O zaman irad bildirilərdi ki, Bakı İrəvanı COP29-a dəvət etməzdi, yaxud da Ermənistandan gələcək rəsmiyə təhlükəsizlik zəmanəti verməzdi. Amma Azərbaycan ən yüksək səviyyədə təhlükəsizlik zəmanəti verdiyini açıqlayıb.

Hesab edirəm ki, Ermənistanın nümayəndə ilə Bakıda tədbirdə iştirak etməklə bağlı tərəddüdləri var. Bu tərəddüdlər nədən qaynaqlanır, dəqiq demək çətindir. Ola bilsin ki, İrəıvan bu yolla da müəyyən qədər zaman qazanmağa çalışır. Yəni tərəddüd ediləsi məsələ yoxdur. Bu baxımdan, Ermənistanın tədbirə qatılmaq istəməməsi də zaman uzatma siyasətinin tərkib hissəsi sayıla bilər.

- Avropa İttifaqından çağırış oldu ki, COP29 ərəfəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlamaq məsləhətdir. Sizcə, Ermənistan bu çağırışa müsbət cavab verəcəkmi?

- Bu çağırış Azərbaycana yox, Ermənistana edilən çağırışdır. Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, sülh sazişi imzalamağa hazırdır. Sülh sazişinin imzalanmasını yubadan rəsmi İrəvandır. Ermənistan atdığı addımlar, sülhə zidd siyasəti müqavilənin imzalanmamasına səbəbdir. Azərbaycanın sülh təklifləri bəllidir, şərtlər ortadadır. Qalib tərəf olan Azərbaycan şərtləri diktə etməlidir. Azərbaycanın irəli sürdüyü şərt də ədalətlidir, beynəlxalq qanunlara uyğundur. Tələb birdir: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən bənd ləğv edilməlidir. Çünki ərazi iddiası ana qanunda qalırsa, imzalanan sülh kövrək olacaq, dayanıqlılığı şübhə doğuracaq. Bu mənada, Avropa İttifaqı tərəflərə yox, Ermənistana çağırış etməlidir.

Əgər Ermənistan Azərbaycanın dəvətini geri çevirəcəksə, COP29 ərəfəsində sülh sazişinin, yaxud çərçivə sazişinin imzalanmasından danışmaq çətindir. İrəvanda onu da unutmamalıdırlar ki, COP29 sülh üçün yaxşı fürsətdir. Bu fürsəti qaçırmaq Ermənistan üçün yaxşı nəsə vəd etmir. Çünki sülh Azərbaycandan da çox Ermənistana lazımdır. Ermənistanın inkişafı, tərəqqisi, müstəqilliyi Cənubi Qafqazda sülhün bərqərar olmasından asılıdır.

- Bir müddət əvvəl Ermənistan rəsmilərinin verdiyi bəyanatlardan belə qənaət ortaya çıxırdı ki, İrəvanın COP29-da iştirakı istisna deyil. Hətta Paşinyanın Bakıya gələcəyi haqqında erməni mediası yazırdı. İrəvandan tədbirdə iştirakla bağlı konkret “hə”, yaxud “yox” cavabı verməməsi nə ilə bağlıdır?

- Dediyim kimi, tərəddüdlər var. Ermənistanın tədbirdə iştirak edib-etməməklə bağlı cavab verməməsinin səbəbi məlumdur. Bu gün Ermənistan siyasi cəhətdən müstəqil deyil, marionetkadır. O cümlədən, Paşinyan və onun yaxın ətrafı taleyüklü siyasi qərar qəbul edə bilmirlər. Qərar vermək səlahiyyətini İrəvan sanki ağa bildiyi dövlətlərin üzərinə buraxıb. Xüsusilə, söhbət ABŞ, Fransa kimi dövlətlərdən gedir. Təkcə Ermənistanda deyil, ABŞ və Fransada İrəvanın COP29-da iştirak edib-etməməsi müzakirə olunur, götür-qoy edilir. Müəyyənləşdirirlər ki, Paşinyan, yaxud Mirzoyan Bakıya gələrsə, hansı təkliflərlə çıxış etsin, nə bəyan etsin. Yəni qərar verənlər bunu müzakirə edirlər. Hesab edirəm ki, Ermənistanın havadarları hansı qərarı verəcəklərsə, Ermənistan rəhbərliyi də o qərara uyğun addım atacaq.

Geri qayıt