Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Taksi haqqında qərar dəyişə bilər

Taksi haqqında qərar dəyişə bilər


17-08-2024, 09:34
Taksi haqqında qərar dəyişə bilər
Azərbaycanda bir aydan çoxdur taksilər yeni qaydalarla fəaliyyət göstərir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra xidmət keyfiyyətinin yüksəlməsinin müşahidə edildiyini deyib. O, paytaxtda taksi sayının 2 dəfə azaldığını, 67-70 mindən 35 minə endiyini qeyd edib.

Yeni mövsümdə, dərslər başlayanda Bakıda əlavə taksilərə ehtiyac yarana bilərmi?

Məsələ ilə bağlı “Cümhuriyət” -a danışan iqtisadçı-alim Vüqar Qocayev bildirib ki, taksi sahəsində xaotik vəziyyət hökm sürür:

“Ölkədə ən çox problemli sahələrdən biri də taksi sahəsidir. Son illər ölkəmizdə xarici taksi şirkətlərinin axını rəqəmsal taksiyə marağı artırdı. Bu səbəbdən dolayı sürücülər toplu halda taksi şirkətinə üzv oldu. Lakin üzv olan sürücülərin bir çoxu taksi xidməti göstərməyə uyğun gəlmirdilər. Əsasən də narkomanların taksidən gəlir qazanması nöqsanları xeyli artırdı.

Buna görə də yeni qərarların qəbul edilməsinə ehtiyac yarandı və taksi haqqında ardıcıl bir neçə yeni qərar qəbul edildi. Bu qərar taksilərin keyfiyyətinə müsbət təsir göstərə bilmədi. Əksinə yenə “köhnə hamam, köhnə taz” mənzərəsi ilə qarşılaşdıq”.

O bildirib ki, taksi sahəsində olan nöqsanlar hələ ləğv edilmiş Nəqliyyat Nazirliyinə dayanır:

“Ölkəmizdə taksi bazarını oliqarxlar ələ keçirməyə çalışıblar. 2000-ci illərin əvvəlində “Tofaş” adı ilə məşhur olan “Renault” markalı avtomobillər taksi bazarına daxil oldu. Lakin o taksilər heç keçmiş sovet avtomobillərini belə əvəz edə bilmədi. Yenidən taksi bazarını təkmilləşdirmək və bazara daxil olmaq üçün Bakıya “London” taksilərini keçmiş nəqliyyat nazir Ziya Məmmədov və onun biznes ortağı, “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədov gətirirdi.

Onlar Azərbaycanda taksi fəaliyyətinin təkmilləşdirilməsi üçün belə bir addım atdılar. Lakin sadəcə küllü miqdarda pul itkisi ilə nəticələndi”.

Onun sözlərinə görə, taksi sayının azaldılması qanunsuz fəaliyyət göstərən taksilərin sayının artacağına zəmin yaradır:

“Taksi haqqında yeni qaydalar qəbul edilsə də, yenə xəttə “Toyota Prius” markalı və digər “AVRO-4” standartlarına cavab verən yaşı 10 ildən artıq olan taksiləri görmək olur. Qeydiyyatdan təzə avtomobil keçir, amma gələn yenə köhnə avtomobildir. Bildirim ki, rəsmi rəqəmlərlə 35 min taksi olsa da, amma reallıqda fəaliyyət göstərən taksilərin sayı hələ də 100 min civarındadır”.

İqtisadçı qeyd edib ki, qiymət artacağı halda taksi istifadəçilərinin sayı azalacaq:

“Taksinin qiyməti münasib olduğuna görə, taksidən istifadə edən sərnişinlərin sayı xeyli çox idi. Lakin taksinin qiymətinin artması taksi istifadəçilərinin sayına mənfi təsir göstərdi.

Bununla belə, əgər taksinin qiyməti minimum 5 manat olacaqsa, o zaman qanunsuz fəaliyyət göstərən taksilərin bazarına müsbət təsir edəcək”.

O əlavə edib ki, qanunsuz fəaliyyət göstərən bəzi taksi sürücüləri yol kənarında əlində telefonla dayanan piyadaya yaxınlaşıb taksi xidməti təklif edir:

“Bu yaxında taksi axtarırdım. Bir sürücü mənə yaxınlaşaraq taksi xidməti təklif etdi. Mənim sifariş edəcəyim taksinin qiyməti 18 manat təşkil edirdi. Lakin həmin sürücü mənə daha ucuz taksi xidməti təklif elədi, cəmi 10 manat. Belə olan halda kim ucuz taksidən imtina edər? O səbəbdən hesab edirəm ki, taksi haqqında qəbul edilmiş qərara dəyişiklik edilməlidir”.

Geri qayıt