Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Məktəblərdə cəza dövrü yenidən başlayır

Məktəblərdə cəza dövrü yenidən başlayır


17-08-2024, 09:28
Məktəblərdə cəza dövrü yenidən başlayır
"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" ilə bağlı layihədə məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər haqqında müddəalar qeyd edilib.

Artıq bunun tətbiqinə 2 ildir ki, başlanılıb.

Belə ki, şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla, inzibati tədbirlərə müəllim baxışı, qeyri-verbal münasibət, şagirdlərlə sakit söhbət, xəbərdarlıq, uzaqlaşdırma, valideyn ilə əlaqə saxlamaq, dərsdən sonra şagirdin məktəbdə saxlanılması, psixoloqa yönləndirmə, sarı xəbərdarlıq məktubu, narıncı xəbərdarlıq və qırmızı xəbərdarlıq kimi qaydalar daxildir. Hər yarımilin sonunda yaşıl kartların sayına uyğun olaraq şagirdlər tərifnamə, təşəkkürnamə və fəxri fərman ilə təltif olunur. 3 yaşıl kart olarsa, şagirdə tərifnamə verilir.

Şagird cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu alarsa, onun tərifnamə alması üçün yaşıl kartlarının sayı ən azı 5 olmalıdır. Şagirdə qırmızı xəbərdarlıq məktubu verilibsə ən azı 8 yaşıl kartı olmalıdır. 5 yaşıl kart olarsa, şagirdə təşəkkürnamə verilir.

Şagirdə cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu verilibsə, onun təşəkkürnamə alması üçün yaşıl kartların sayı ən azı 8 olmalıdır.

Şagirdin cari yarımildə qırmızı xəbərdarlıq məktubu varsa, ona təşəkkürnamə verilə bilməz. 8 yaşıl kart olarsa, şagirdə fəxri fərman verilir. Şagirdə cari yarımil ərzində narıncı və ya qırmızı xəbərdarlıq məktubu verilibsə, ona fəxri fərman verilə bilməz.

Şagirdin təltifnamələri onun şəxsi işinə əlavə edilir. Şagird yaşıl kart aldıqdan sonra sarı xəbərdarlıq məktubu alarsa, 1 yaşıl kartı, narıncı və qırmızı xəbərdarlıq məktubu aldıqda isə 2 yaşıl kartı ləğv olunur.

Bəs bu cür cəzalandırma üsulu normaldırmı, yoxsa qaydalara yenidən baxılmalıdır?

Təhsil eksperti Elşən Qafarov "Cümhuriyət"-ə açıqlamasında bildirib ki, bu kartların Azərbaycan reallığı ilə heç bir əlaqəsi yoxdur:

"Bu, artıq 2 ildir tətbiq olunur. Ötən il məktəblərdə baş verən neqativ hallar məhz həmin qaydaların tətbiq olunduğu ölkəmizdə baş verdi. Bunun Azərbaycan reallığı ilə heç bir əlaqəsi yoxdur. Hansısa xarici ölkələrdən tərcümə olunmuş, uyğun olmayan formada götürülmüş qaydalardır. Bu, yerli mühitə uyğun olaraq tətbiq olunmalıdır. İstənilən halda idarəetmədə rəğbətləndirmə, cəza üsulu var. Həmin rəğbətləndirmə halları ilə bağlı təkliflərimiz olub.

Şagirdlərin rəğbətləndirilməsi üçün regional təhsil idarələri səviyyəsində şagirdlərə təşəkkür məktubları, tərifnamə verilməlidir. Cəza sisteminə qaldıqda isə, cəza sistemi ilə bağlı şagird qaydaları məktəblərin özünün fərdi nizamnaməsində əksini tapmalıdır".

Onun sözlərinə görə, məktəblərin hər birinə uyğun nizamnamə hazırlanmalıdır:

"2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda və 2011-ci ildə qəbul edilmiş orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnamələrinə görə məktəbdaxili nizam-intizam qaydaları məktəb tərəfindən müəyyənləşdirilə bilər. Məktəblərin hər birinə uyğun nizamnamə hazırlanmalıdır ki, məktəblər yerləşdiyi əraziyə uyğun olaraq əlavə dəyişiklik edə bilsin. Nə qədər ki, məktəblərinin özünün fərdi nizamnaməsi qəbul edilməyib, bu qaydaların effekti də olmayacaq. Sizə bir nümunə danışım.

Qazaxıstanda Elm və Təhsil, Maarif Nazirliyi var. Nazirliyin Məktəbəqədər Təhsil Şöbəsinin müdiri könüllü şəkildə ərizə yazaraq gedib bağça müdiri işləyir. Biz onunla bağçada görüş keçirib, bunun səbəbini soruşduq. O dedi ki, nəzəri cəhətdən tapşırıqlar verirdik və görürdük ki, nələrsə qaydasında deyil. Mən də nazirdən xahiş etdim, məni bağçaların birinə müdir olaraq göndərsinlər ki, görüm, niyə bizim tapşırıqlarımızı yerinə yetirə bilmirlər, hansı problemlər var. Bu, böyük təcrübədir".

Ekspertin fikrincə, bu cür nümunələr ölkəmizdə də reallaşdırılmalıdır:

"Bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ayrı-ayrı struktur bölmələrində nəzəri biliklərlə yanaşı, praktiki bilikləri də olanlar çalışmalıdır. Nə qədər ki, bu agentlikdə ümumtəhsil məktəblərindən çıxmış kadrlar işləməyəcək, daim belə olacaq. Hansısa qaydalar hazırlanacaq və onlar da reallıqla üst-üstə düşməyəcək".

Geri qayıt