Əsas Səhifə > Güney Press, Ana xəbərlər > ABŞ-dən Ermənistana daşınan hərbi yüklər nədir?

ABŞ-dən Ermənistana daşınan hərbi yüklər nədir?


17-08-2024, 08:50
ABŞ-dən Ermənistana daşınan hərbi yüklər nədir?
ABŞ Ermənistanda hərbi mövcudluğunu möhkəmləndirməyə çalışır.

Türkiyənin “Milliyet” qəzetində ABŞ-nin Ermənistanda hərbi mövcudluğu barədə məqalə dərc olunub. Türkiyə nəşri qeyd edir ki, ABŞ hərbçiləri 2024-cü ilin iyulunda yenidən birgə təlimlər bəhanəsi ilə Ermənistanda peyda olublar.

Məqalədə qeyd olunur ki, Amerika və erməni hərbiçilərinin “Eagle Partner” adlı birgə təlimlərindən sonra Amerikalı hərbçilərin bir qismi strateji cəhətdən əhəmiyyətli olan Zəngəzur istiqamətində yerləşdirib.

“Milliyet” qəzeti, həmçinin Azərbaycan mətbuatına istinadən xəbər verib ki, “Eagle Partner” təlimləri başa çatdıqdan sonra ABŞ-nin iki hərbi yük təyyarəsi İrəvanın “Zvartnots” hava limanına eniş edib. “ABŞ-nin İrəvandakı səfirliyi birgə təlimlərin başa çatdığını rəsmən elan etsə də, ABŞ hərbi-nəqliyyat təyyarələrinin İrəvana çatdırdığı yüklər çoxsaylı suallar doğurur”, – deyə qəzet vurğulayıb.

Maraqlıdır, ABŞ-nin hərbi aviasiya təyyarələrinin İrəvana daşıdığı yüklər nə ola bilər? Həqiqətənmi, Fransa ilə yanaşı, ABŞ də Ermənistanı silahlandırmağa başlayır? Yaxın zamanda “Zvartnots” hava limanının amerikalı hərbçilərin nəzarətinə keçəcəyi ehtimal olunur? ABŞ hərbçilərinin Zəngəzur istiqamətində mövqe qurması ilə bağlı məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Ermənistan hazırda ABŞ tərəfindən intensiv şəkildə silahlandırılır:

“İrəvana gətirilən hərbi yüklərin tərkibində ABŞ istehsalı olan bir sıra silahlar, xüsusilə snayperlər və ona aid sursatlar, mini dronlar, minalar, PUA-ların və raketlərin buraxılışları, aviasiya vasitələrin uçuşlarını izləyən mini radiolokasiya stansiyalarının olduğu ehtimal edilir”.

“Zvartnots” hava limanının yaxın zamanda ABŞ hərbçilərinin nəzarətinə keçib-keçməyəcəyi ilə bağlı məsələyə gəlincə, Ə. Verdiyev bildirib ki, hazırda belə bir halın baş verməsi gözlənilmir:

“Buna ciddi bir ehtiyac yoxdur. Çünki rus hərbçilərinin “Zvartnots” limanından çıxmasından iki-üç gün sonra ABŞ-nin hərbi yükləri Ermənistana daşınmağa başlanılıb”.

Ə. Verdiyev onu da vurğulayıb ki, ABŞ hərbiçilərinin Zəngəzurda yerləşməsi müəyyən məqsədlərə xidmət edir:

“ABŞ iki təyyarə ilə Ermənistana 50-ə yaxın hərbçisini ezam edib.

Həmin hərbçilərin əksəriyyəti ABŞ ordusunda xidmət edən erməni əsilli şəxslər, bir hissəsi isə vaxtilə postsovet ölkələrdən ABŞ-yə miqrasiya edən hərbi qulluqçulardır. Hərbçilər erməni ordusunun hərbi geyimində İranla sərhəd ərazilərdə radiolokasiya stansiyaların fəaliyyətini həyata keçirəcəklər. Bu, birmənalı olaraq, İran ərazisində PUA-lar, raketlər və aviavasitələrin uçuşlarını izləmək üçün nəzərdə tutulub”.

Geri qayıt