Əsas Səhifə > Güney Press > Azərbaycanda boşanmış qadına münasibət

Azərbaycanda boşanmış qadına münasibət


14-08-2024, 16:30
Azərbaycanda boşanmış qadına münasibət
“Azərbaycan xanımının düşüncəsinə əsasən, qadın ailənin bütövlüyünü qoruyub saxlamalı və ona xidmət etməlidir”.

Bu sözləri sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bu səbəbdən də qadınların hər şeyə dözməli olduğu düşünülür:

“Ümumiyyətlə, əvvəldən bizim cəmiyyətdə qadına qarşı münasibət tam yaxşı səviyyədə olmayıb. Hətta qadına kişinin “əşyası” kimi belə baxıblar. Bizim əsas problemimiz də qadını şəxsiyyət olaraq görə bilməməyimizdir.

Məsələn, indi nənələrimiz və digər yaşlı nəslin nümayəndələri boşanmağın əleyhinədir. Çünki onlar zamanında yaşadıqları çətinliklərə dözüblər. Ona görə də yeni nəslin də eyni addımı atmasını istəyirlər. Onlar sanki öz başlarına gələnləri və düşüncələrini gənclərə də yaşatmaq istəyirlər”.

Müsahibimizin fikrincə, problemlərin kökündə qadına “əşya” kimi baxmaq psixologiyası dayanır:

“Bəziləri qadını kişinin “əşya”sı hesab etdiyi üçün onun hər şeyə dözməsini istəyirlər. Onların düşüncəsinə əsasən, qadın xəyanətə uğrayanda da, fiziki və psixoloji şiddətə məruz qalanda da buna dözməlidir. Təəssüf ki, əzəldən bəri bunu normal hesab ediblər.

Çünki ailənin qorunub saxlanmasının qadının borcu olduğuna inanılır. Ailə iki nəfər arasında olsa da, bunu qarşı tərəfdən tələb etmirlər. Əslində, ailədə bütün yük qadının üzərinə düşməməlidir. Ona görə də son zamanlarda ölkəmizdə boşanmaların sayı günü-gündən artır”.

Psixoloq təəssüflə qeyd edib ki, hələ də cəmiyyətimizdə boşanmış qadına pis baxanlar var:

“Əfsuslar olsun ki, boşanmış qadına mənfi yanaşan xanımlar da var. Onlar özləri dözərək boşana bilməyən, öz ayaqları üzərində durmağa qorxan, psixoloji və maddi asılılıqları olan qadınlardır. Buna görə də cəsarət nümayiş etdirən qadınlara qarşı münasibətləri mənfi olur. Həmçinin, boşanmış qadını “rahat əldə edə biləcəyini” düşünən kişilər də var.

Bunun da kökündə yenə də qadına “əşya” kimi baxmaq psixologiyası dayanır. Onlar boşanmış qadının “əlçatan” mövqedə olduğunu düşürlər. Bəzi kişilərin fikrincə, qadının öz düşüncəsi olmamalıdır, boşanıbsa, mütləq həyatında başqa kişi olmalıdır. Hətta təəssüflər olsun ki, bəzi iş yerlərində belə boşanmış qadınlara qarşı xoşagəlməz hallar olur”.

Onun sözlərinə görə, cəmiyyətimizdə qadının istəkləri nəzərə alınmır:

“Düşünürəm ki, bu da təkamül nəzəriyyəsinə əsaslanır. Əvvəllər boşanmalar daha az idi. Çünki hər kəs ailəyə həm müqəddəs bir yer kimi, həm də həyatla mübarizədə sağ qalmaq üçün vasitə kimi baxırdı. Üstəlik, evli olanda kişi ilə qadın bir çox sahədə bir-birinə dəstək olurlar. İndiki dövrdə isə qadınlar işləyirlər və öz problemlərini həll edə bilirlər.

Qadınların əksəriyyəti əvvəl öz maddi tələbatlarını ödəyə bilmədiyi üçün dözürdü. İndi isə xanımlar özlərini və uşaqlarının maddi ehtiyaclarını təmin edə bilirlər. Ona görə də boşanırlar”.

Geri qayıt