Əsas Səhifə > Güney Press > Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını ləyaqətlə təmsil edirlər

Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını ləyaqətlə təmsil edirlər


14-08-2024, 16:18
Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını ləyaqətlə təmsil edirlər
Hazırda Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi
tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya
Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə
olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Mötəbər beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, eləcə də,
ölkəmizin beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi
etməsi, əldə edilən uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və
sözünə malık olkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman
sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü
ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu
kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə
davam etdirilir.
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya
Komitəsinin Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında
medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul
edərək bu münasibətlə idmançıları və onların məşqçilərini təbrik edən
dövlətimiz başçısı deyib: “Olimpiya Oyunları bütün digər idman yarışları
arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman
bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə
hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son
Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir”.
Qeyd edilib ki, bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay
Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2
qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. Ölkəmiz bu oyunlarda
dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır. Həmçinin
Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq
Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb və bu öz
növbəsində çox gözəl və tarixi nəticədir.
21 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham Əliyev
idmançılarla mütəmadi görüşü bir daha idmanın inkişafına və
idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və
uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi
gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc
idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə
saxlayacaqlar və bu, daimi proses olacaqdır.
Görüş zamanı Prezident İlham Əliyev bildirib: “Əlbəttə ki, indi müəyyən
istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm
dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti
Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq”.
Qeyd edilib ki, hazırda bir neçə idman növündə nəsillərin dəyişməsi
prosesi gedir. Ona görə də növbəti Olimpiya Oyunlarına bu prizmadan
yanaşılaraq xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət
göstərilməlidir. Bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər bir
yerində gözəl şərait vardır. İdmana rəhbərlik edən qurumlar arasında
koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət
göstərir.
“Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə
ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların,
yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya
Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq”, - deyə dövlət başçısı
əlavə edib.
Görüşdə ölkə başçısı qızıl medalçılarımızı – Hidayət və Zelimi ürəkdən
təbrik edərək bildirdi ki, “Onların həm peşəkarlığı, həm idmandakı uğurları
və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən
sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar
və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların
məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək
istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-
hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır”, - deyə dövlət
başçısı əlavə edib.
Prezident İlham Əliyev həm cüdo, həm digər idman növləri ilə məşğul
olmaq istəyən uşaqların sayının çox olacağına əminliyini bildirərək
vurğuladı ki, “Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər
və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən
sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin.
İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc
nəslimizlə haqlı olaraq fəxr edə bilərik”.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dia-az.İnfo

Geri qayıt