Əsas Səhifə > Güney Press > Tehranın kobud səhvi:
Tehranın kobud səhvi:14-08-2024, 14:25 |
İran silahlı qüvvələri Xəzər dənizində Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayacaq. İran KİV-lərinin məlumatına görə, təlimlər İran ordusunun strateji donanmasının müdafiə qüvvələrini maksimum dərəcədə hazırlamaq məqsədi güdür. Maraqlıdır, İsrail ilə gərginliyin artması fonunda Tehran niyə Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir? Tehran təhlükəni niyə məhz Azərbaycandan görür? Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a şərhində qeyd edib ki, İsrail ilə gərginlik fonunda İranın Azərbaycandan təhlükə gözləməsi heç bir məntiqə sığmır: “İran ordusunun Xəzər dənizində Azərbaycanla sərhəddə hərbi təlimləri İsrail ilə gərginləşən hərbi-siyasi böhran fonunda baş verir. Bu təlimləri SEPAH həyata keçirir. İran hakimiyyəti əvvəlki təlimlərdə olduğu kimi bu təlimlərdə də Azərbaycana manipulyasiya etməyə çalışacaq. Halbuki Azərbaycandan İrana qarşı heç bir təhdid yoxdur. Son zamanlar İran ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesi gedir. Amma göründüyü kimi, SEPAH və İran daxilində müəyyən qüvvələr iki ölkə arasında mnüasibətlərin normallaşmasında maraqlı deyil. İsrail məsələsi gündəmə çıxanda, İran Azərbaycanı təhdid etməyə başlayır. Azərbaycanla sərhəd ərazilərdə bir sıra hərbi təlimlər keçirirlər”. O bildirib k, İran Xəzər dənizində hərbi təlimlər keçirsə də, Azərbaycana qarşı ciddi təzyiqlər edə bilməz: “Çünki Azərbaycanın Türkiyə kimi müttəfiqi var. Türkiyə ən ağır zamanlarda belə Azərbaycanın yanında olub. Azərbaycanda İsrailin heç bir bazası yoxdur. İran hakimiyyəti bunu çox yaxşı bilir. Sadəcə olaraq, Azərbaycan ilə İsrail arasında diplomatik-siyasi, hərbi-strateji, iqtisadi-ticari, enerji və təhlükəsizlik sahələrində çox güclü və çoxşaxəli münasibətlər qurulub. Azərbaycan müstəqil ölkədir və istənilən ölkə ilə strateji münasibətlər qura bilər. Azəraycanın İsrail, eləcə də Qərb ilə əlaqələri üçüncü ölkəyə qarşı yönəlməyib. Azərbaycan İrana qarşı heç bir cəbhədə yer almayıb. Hesab edirəm ki, İranın Azərbaycana qarşı təzyiqləri və təhdidləri onun ziyanına işləyəcək və Tehran tezliklə öz kobud səhvini anlayacaq”. Geri qayıt |