Əsas Səhifə > Güney Press, Ana xəbərlər > İmtahandakı "Çin səddi" aradan qalxdı
İmtahandakı "Çin səddi" aradan qalxdı14-08-2024, 08:58 |
Azərbaycanda bu il qəbul imtahanlarında 600 və daha çox bal toplayan abituriyentlərin sayı artıb. Ən çox artım I və III ixtisas qruplarında qeydə alınıb. Belə ki, ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb, 2024-cü ildə isə bu say 3228 nəfər olub. Yəni 2023-cü ildə 600 və daha çox bal toplayanların sayı 2 dəfədən çox artıb. Yüksək bal toplayanların qruplar üzrə paylanmasına gəlincə, 2023-cü illə müqayisədə I qrupda 600 və daha çox bal toplayanların sayı 576 nəfər, bu il isə 1 343 nəfər olub. Yəni, I qrupda yüksək bal toplayanların sayı 133 faiz artıb. II ixtisas qrupunda yüksək bal toplayanların sayında isə azalma müşahidə olunub. Ötən il bu qrupda 600 və yuxarı bal toplayanlar 371, bu il 284 nəfər olub. III qrupda isə ötən illə müqayisədə artım 160 faizdən çox olub. Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarında III ixtisas qrupunda 600 və yuxarı bal toplayanların sayı 987 nəfərdir. IV qrupda 2023-cü ildə 379 nəfər, bu il isə 614 nəfər 600 və daha çox bal toplayıb. Maraqlıdır, bu il suallar asan olub, yoxsa abituriyentlərin bilik səviyyəsi yüksək olub? Məsələ ilə bağlı təhsil eksperti Elmin Nuri "Cebheinfo.az"-a açıqlamasında deyib ki, builki nəticələrin ötənilki nəticələrdən yüksək olmasının səbəbi buraxılış imtahanlarında xeyli yumşalmaya gedilməsidir: "Uzun illərdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında tədris proqramı üzərində sanki ikitərəflilik yaranmışdı. Təhsilimizdə iki tədris proqramı vardı, biri Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi illik tədris proqramı, digəri isə DİM-in qəbul etdiyi imtahan proqramıdır. Bu gün artıq əminliklə deyilə bilər ki, imtahan proqramı tədris planının üzərində qurulur. Lakin müəyyən metodlar, sualların təqdimatında fərqli fəndlər var ki, tədris proqramımızdan istifadə edən şagirdlər sualları cavablandırmaqda çətinlik çəkirdilər. Buna görə də bu il bu iki tədris planı arasında yumşalma yarandı, ortadakı "Çin səddi" aradan qaldırıldı. Nəticədə, builki imtahanlarda yüksək nəticələr müşahidə edilib. Yəni, ötənilki bilik səviyyəsi ilə builki bilik səviyyəsi arasında heç bir fərq yoxdur. Fərq olsaydı, bu, özünü blok imtahanlarında göstərərdi. Blok imtahanlarında tədris planları arasındakı fərq qorundu və nəticədə blok imtahanlarında şagirdlərin bəziləri 100 balı belə keçə bilmədi. Blok imtahanlarında yumşalma olsaydı, rəqabətlilik daha da artacaqdı. Balansın qorunması şərtilə bu yumşalma gələcəkdə də müşahidə edilsə, yaxşı olar". Təhsil eksperti İlqar Orucov isə bildirib ki, bu il şagirdlərimizin nəticələri əvvəlki illərə nisbətən daha yüksək olub: "Bir neçə il öncə qəbul imtahanlarındakı zəif göstəricilərlə bağlı narahatlıq vardı. Nəticələrin zəif olması həm də pandemiya ilə bağlı idi. Çünki pandemiya təhsilimizə ciddi ziyan vurub. Lakin hazırda o mənfi hallar aradan qaldırılıb, bu yüksək nəticələr də bunun göstəricisidir. Yalnız qəbul imtahanlarında deyil, beynəlxalq imtahanlarda da yüksək balla dünyanın ən nüfuzlu universitetlərinə qəbul olan tələbələrimizin sayı çoxdur. Azərbaycan təhsilinin inkişafı naminə həqiqətən faydalı işlər görülür. İnfrastrukturun yaxşılaşdırılması istiqamətində yeni məktəblərin tikilməsi də buna nümunədir. Bütün bu işlərin nəticəsində şagirdlər lazımi bilikləri qazanaraq yüksək nəticə əldə edirlər". Geri qayıt |