Əsas Səhifə > Güney Press > Paşinyan silahları yığır: Payız "isti" keçəcək
Paşinyan silahları yığır: Payız "isti" keçəcək13-08-2024, 17:49 |
Ermənistan hakimiyyəti ilə “Qarabağ klanı” arasında münasibətlər yenidən gərginləşib. İrəvandan gələn xəbərlər Nikol Paşinyan hökumətinin payız aylarına doğru eks-prezidentlər Robert Köçəryana və Serj Sarkisyana bağlı siyasi qruplara qarşı təzyiqinin artacağından xəbər verir. Ermənistan Daxili İşlər Nazirliyi Qarabağdan getmiş ermənilərə silahların təhvil verilməsi ilə bağlı müraciət edib. Müraciətdə ov tüfəngləri də daxil olmaqla bütün odlu silahların verilməsi tələb olunur. Ancaq bu qərarın Ermənistan ermənilərinə deyil, yalnız Qarabağdan gələnlərə aid edilməsi konkret səbəblərlə bağlıdır. Görünür, Baş nazir Nikol Paşinyan ölkədə silahlı qiyamın baş verəcəyindən ehtiyatlanır. İsti yay ayları ilə əlaqədar Ermənistanda dayanmış etiraz aksiyalarının sentybarda yenidən bərpa olunması ehtimalı var. Arxiyepiskop Baqrat Qalstanyanın bölgələrə səfərləri və yerli sakinlərlə keçirdiyi görüşlər də payızda Paşinyanın istefası tələbi ilə mitinqlərin davam etdirilməsinə hazırlıq məqsədi daşıyır. Bu isə sentyabr-oktyabr aylarının Ermənistanda heç də sabit keçməyəcəyini proqnozlaşdırmağa əsas verir. Lakin may və iyun aylarında Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən aksiyaların ciddi nəticə verməməsi, yəni Paşinyanın bu “oyun”dan siyasi uduşla çıxması ölkədə dinc yolla hakimiyyət dəyişikliyi ehtimalını zəiflədib. Ona görə də keşiş Baqrata siyasi himayədarlıq edən “Qarabağ klanı” Paşinyanı istefaya göndərmək üçün ona qarşı terrordan istifadə edə bilər. Noyabr ayına qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində bir sıra mühüm addımların atılacağı gözlənilir ki, bu da müxalifətin Paşinyana qarşı revanşını gücləndiər bilər. Belə ki, iki ölkə arasında çərçivə sazişinin imzalanacağı, hətta Nikol Paşinyanın COP29 konfransında iştirak etmək üçün Bakıya gələcəyi istisna edilmir. Bundan başqa, payız aylarında Paşinyan Ermənistanın işğal altında saxladığı daha dörd kəndi Azərbaycana qaytara bilər. Artıq məzuniyyətdən qayıdan Baş nazirin sentyabrdan etibarən Ermənistan Konstitusiyasının yeni mətninin hazırlanması və referenduma hazırlıqla bağlı hökumətə tapşırıqlar verəcəyinə dair məlumatlar var. Çox güman ki, qeyd edilən amillərdən Paşinayana qarşı siyasi hücum vasitəsi kimi istifadə etməyə çalışan müxalifət ilk növbədə, potensial sosial bazası olan Qarabağ ermənilərini aksiyalara cəlb etməyə çalışacaq. Qarabağdan köçən ermənilər hökumətin dəstəyindən kifayət qədər narazıdır. Özünü buraxmış keçmiş qondarma rejimin nümayəndələrindən biri Hrayr Ayriyan Nikol Paşinyana yazdığı məktubda Qarabağdan köçən ermənilərin taleyin ümidinə buraxıldığını bildirib. Onun sözlərinə görə, Qarabağ miqrantlarına adambaşına 50 min dram ödənilir ki, bu da kirayə, kommunal xərclər, yemək, geyim və s. xərclərini çox çətinliklə ödəyir. Bəzilərinə isə bu məbləğ də verilmir. Ona görə də revanşist müxalifət bu kimi arqumentlərdən istifadə edərək Paşinyana qarşı etirazlara start verməyə cəhd edəcək. Ancaq Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması yalnız dinc formada deyil, sui-qəsd yolu ilə də mümkündür. Çünki Ermənistanda terrorçuluq siyasi mübarizə vasitəsi kimi qadağan edilməyib. Yarımhərbi və terrorçu təşkilatlar ölkədə siyasi proseslərdə aktiv iştirak edir. Üstəlik, Qarabağdan gəlmiş ermənilər özləri ilə Ermənistan ərazisinə xeyli sayda silah-sursat keçirib. Bu isə bir gün Paşinayana qarşı yönələ bilər. Ona görə də Paşinyan Qarabağdan köçmüş ermənilərdən silahların yığılmasını tapşırıb. Sözügedən qarşıdurmanın ilkin əlamətləri artıq özünü büruzə verməyə başlayıb. Serj Sarkisyanın kürəkəni Mikael Minasyan barəsində cinayət işinin açılması “Qarabağ klanı”nın liderlərinin birini susdurmaq üçün Paşinyanın preventiv addımlarından biri sayıla bilər. Minasyan dövlətə 350 milyon dollar dəyərində ziyan vurmaqda ittiham olunur. Yəni “Qarabağ klanı”nın nümayəndələrinə siyasi təzyiqlərin artacağı gözlənilir. Bu da Ermənistanda payızın çox “isti” keçəcəyindən xəbər verir. Müşfiq Abdulla “Cebheinfo.az” Geri qayıt |