Əsas Səhifə > Güney Press > Dəfn pulu niyə bütün vətəndaşlara aid edilmir ?

Dəfn pulu niyə bütün vətəndaşlara aid edilmir ?


8-08-2024, 12:05
Dəfn pulu niyə bütün vətəndaşlara aid edilmir ?
Bəzi vətəndaşlar ölən ailə üzvlərinə dövlət tərəfindən təyin olunan dəfn pulunu ala bilmədiklərindən şikkayətlənirlər. Belə ki, DOST xidmətindən heç vaxt rəsmi rəsmi fəaliyyəti olmadan ölən vətəndaşların ailələrinə ödəniş düşmədiyi bildirir. Bəs ölən şəxsin yaxınlarına dəfn pulu hansı göstəriciyə əsasən verilməlidir?

Hüquqşünas Ruslan Mustafayev Sonxeber.az -a açıqlamasında qeyd edib ki, şəxs öldüyü ana qədər vergi ödəyicisi olmayıb, pensiya almayıbsa, onun ailəsinə dövlət tərəfindən dəfn pulu ödənilmir:

"Əgər öldüyü ana qədər işləyib dövlətə vergi ödəyibsə, yaxud da işlədiyi yerdə onun üçün sosial sığorta ödənişləri tutulubsa, o şəxsin yaxınları, 1-ci dərəcə vərəsələri, övladları, həyat yoldaşı onun dövlət tərəfindən ödənilən dəfn pulunu ölüm haqqında şəhadətnaməni və eyni zamanda yaxın qohumluq münasibətlərini təsdiq edən sənədi, şəxsiyyət vəsiqəsini, nigah haqqında şəhadətnaməni təqdim etməklə ala bilərlər. Şəxs öldüyü ana qədər vergi ödəyicisi olmayıbsa, pensiya almayıbsa onun ailəsinə dövlət tərəfindən dəfn pulu ödənilmir. Əgər kimsəsizdirsə, onunla bağlı müvafiq şəxslər İcra Hakimiyyətinə qurumlarına müraciət edir. Həmin şəxs dövlət himayəsindədi və dövlət həmin şəxsi kimsəsizlər məzarlığında dəfn edir. O şəxsin adı qeyd edilmir yalnız nömrələnmə olur. Həmin nömrələnmə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş uçot qaydalarına uyğun olaraq məxvi şəkildə kitabçada qeyd olunur və o konfidensial olaraq qorunur".

Sosioloq Elçin Bayramlı hesab edir ki, dəfn pulunun ödənilməsi dövlətin vətəndaş qarşısında son borcudur və bu hamıya şamil edilməlidir:

"Dəfn pulu vətəndaşın dövlət qarşısında son haqqı, dövlətin də vətəndaş qarşısında son borcudur. Ona görə də dəfn pulu ayrıseçkilik edilmədən hər kəsə ödənilməlidir. Ömür boyu rəsmi işi olan adamın ailəinin dəfn puluna daha az ehtiyacı var. Bizdə tam tərsinədir. Ehtiyacı olana verilmir, ehtiyacı olmayana isə verilir. Bu dövlətdir, şirkət deyil. Bu bazar elementi də deyil ki, desin sən mənə vergi vermisən, mən də sənə dəfn pulu verəcəm öləndə. Bu çox gülməli bir yanaşmadır. İndiki dövrdə dəfn xərcləri həddən artıq çoxdur. Məzar yerinin alınması, mərasim zalının ödənişi və.s var ki, ola bilər vəfat edən şəxsin ailəsinin bu xəcləri qarşılamağa ailəsinin imkanı olmasın. Yəni burdan belə çıxır ki, ölən şəxs heç vaxt rəsmi işçi olmayıbsa və ailəsi də yoxsul haldadırsa onda o adam dəfn edilməməlidir? Bu biabırçı yanaşma nə məntiqə, nə ədalətə, nə hüquqa, nə də qanuna sığmır. Buna görə də burda ayrıseçkilik yolverilməzdir. Mütləq şəkildə qanunda dəyişiklik olmalı və dəfn pulu bütün vətəndaşlara istisnasız olaraq aid edilməlidir".

"Pensiya, sosial müavinət alanlar, işləyənlər, işsizlikdən sığorta alanlar dəfn müavinəti ilə təmin olunur. Təxminən 10-12 milyon vəsait lazımdır ki, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlara dəfn müavinəti verilsin. Məsələnin gündəmdə qalmağı yaxşı olar. Bununla bağlı Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndəriləcək". bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib.

Geri qayıt