Əsas Səhifə > Güney Press > İran İsraili vuracaq: Azərbaycan siyasiləri belə düşünür

İran İsraili vuracaq: Azərbaycan siyasiləri belə düşünür


5-08-2024, 16:08
İran İsraili vuracaq: Azərbaycan siyasiləri belə düşünür
İsrail ilə İran arasında müharibə olacağına dair daha bir xəbərdarlıq edilib.

Belə ki, ABŞ dövlət katibi Entoni Blinken “Böyük Yeddilik” (G7) qrupunun xarici işlər nazirlərinə İran və “Hizbullah” hərəkatının yaxın 24 saat ərzində İsrailə hücum edə biləcəyini deyib.

Onun bu açıqlaması dünya gündəmini zəbt edib. Hazırda bütün dünyada ən çox müzakirə olunan məsələlərdən biri də elə budur.

Maraqlıdır, yaxın saatlarda İsrail-İran müharibəsi başlaya bilər? Partiya sədrləri bu barədə nə düşünür?

“Cebheinfo.az” sözügedən məsələ ilə əlaqədar partiya sədrləri arasında sorğu keçirib:

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, yaxın saatlarda İran-İsrail müharibəsinin başlaması inandırıcı deyil:

“Hesab edirəm ki, tərəflər arasında yaxın bir neçə saat ərzində müharibənin başlayacağı barədə iddialar həqiqəti əks etdirmir. Bununla bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülüb. Amma İran-İsrail müharibəsinin başlayacağını zənn etmirəm.

Çünki İran İsraillə bərabər gücdə olmadığı üçün ona qarşı müharibəyə başlaya bilməz. Əgər Tehran hakimiyyəti bunu bilməyinə rəğmən, müharibəyə başlasa, İran üçün çox böyük fəlakətlə nəticələnər. İran sadəcə İsrailə qarşı raket zərbəsi endirə bilər, amma müharibəyə başlaya bilməz”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də söyləyib ki, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranla İsrail arasında münasibətlər həddindən artıq gərginləşib:

“Hamı İranın cavab atəşi açmasını gözləyir. İran rəhbərliyi də müəyyən hədə-qorxular gəlib. İsmayıl Haniyənin Tehranda öldürülməsi İsraillə İran arasındakı qarşıdurmanın son nöqtəyə gəldiyini göstərir. Artıq ABŞ də ehtiyat tədbirləri olaraq hərbi gəmilərini Körfəzə göndərib.

Amma İsraillə müharibəyə başlamaq İrana sərf etmir. İsrail rəhbərliyi bütün vasitələrlə İranı silahlı münaqişə çəkmək istəyir. Hesab edirəm ki, İran İsrailə raket zərbələri endirə bilər. Buna baxmayaraq, İranın İsrailə qarşı müharibəyə başlayacağını düşünmürəm”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə qeyd edib ki, İranla İsrail arasında genişmiqyaslı hərbi münaqişənin olacağı gözlənilmir:

“İran bundan əvvəlki dönəmdə də bir neçə dəfə qisas əməliyyatı keçirib. Hətta bununla bağlı öncədən anons da verib. Üstəlik, rəsmi Tehran hər dəfə qisas əməliyyatı keçirəcəyi vaxtı və hansı ərazilərin vurulacağını da öncədən elan edirdi.

Görünən odur ki, yenə də eyni ssenari təkrarlanacaq. İran tərəfindən İsrailə hansısa cavabın veriləcəyi gözlənilir. Amma genişmiqyaslı müharibə olacağını birmənalı olaraq istisna edirəm. Hesab edirəm ki, qarşıdurma davam etsə də, genişmiqyaslı hərbi münaqişə fazasına keçməyəcək”.

Geri qayıt