Əsas Səhifə > Güney Press > Vaşinqton ikibaşlı oyun aparır?

Vaşinqton ikibaşlı oyun aparır?


5-08-2024, 15:39
Vaşinqton ikibaşlı oyun aparır?
İsmayıl Haniyənin və Fuad Şükrün öldürülməsinə görə qisas alacaqları barədə Tehranın və “HƏMAS”-ın təhdidləri qarşılığında ABŞ İsrailə dəstəyini gücləndirir.
İsrail mediasının məlumatına görə, Vaşinqton Yaxın Şərqə döyüş gəmiləri və təyyarələri, habelə müdafiə sistemləri yerləşdirir. Bundan əlavə, Bayden administrasiyasının İsrailə yarım tonluq (1000 funt) “MK-83” bombalarının tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırdığı bildirilir.

“İsrail Hayom” qəzeti yazır ki, bu qərar hələ indiki eskalasiyadan əvvəl verilib. Hər biri bir ton ağırlığında olan “MK-84” bombalarına gəlincə, ABŞ-nin onları İsrailə təhvil verməyə razılaşıb-razılaşmayacağına dair hələlik dəqiq məlumat yoxdur.

“ABŞ prezidenti Co Bayden artıq “MK-83” bombalarını İsrailə təhvil verməyə hazır idi. Lakin İsrailin baş naziri Binyamin Netanyahunun Amerika administrasiyasını öz müttəfiqinə silah tədarükünü gecikdirməkdə ittiham etdiyi videodan sonra münasibətini dəyişdi”, - təhlükəsizlik mənbələrinə istinad edən “İsrail Hayom” qəzeti bildirir.

Maraqlıdır ki, Küveytin “Əl-Cəridə” qəzetində dərc olunan materialdan isə, Vaşinqtonun İsrailin əleyhinə Tehranla da müəyyən sövdələşmələr apardığı aydınlaşır.

Qəzetin yazdığına görə, Yaxın Şəqrdəki gərginlik fonunda İran hakimiyyətini sakitləşdirmək üçün Ankaradan gizli şəkildə İrana gedən ABŞ rəsmiləri rəsmi Tehrana böyük müharibədən yayınmağın vacibliyi barədə xəbərdarlıq ediblər. İki saatlıq kritik görüşdə amerikalılar İranın İsrailə hücum edəcəyi təqdirdə ABŞ-nin Təl-Əvivin yanında olacağını və onun müdafiəsini dəstəkləyəcəyini bildirərək, Ağ Evin böyük müharibə istəmədiyini vurğulayıblar.

Görüş zamanı xoşməramlılıq əlaməti kimi Amerika nümayəndə heyətinin “Mossad”ın İrandakı 10 agentinin siyahısını Tehrana verdiyi iddia olunur.

“Biz başa düşürük ki, siz prestij üçün hücum edirsiniz. Ancaq böyük bir addım atmayın. Əgər biz dərhal nüvə sazişi bağlasaq, bu, Netanyahu üçün ən böyük zərbə olacaq”, - qəzet ABŞ nümayəndə heyətinin İran rəsmilərinə dediyini geniş ictimaiyyətə çatdırıb.

“Əl-Cərida” nəşrinin yazdığına görə, Amerika nümayəndə heyəti Bayden administrasiyasının əsaslı dəyişikliklər aparmağa və Netanyahunun iştirakını istisna edən yeni regional balans yaratmağa çalışdığını vurğulayıb. Amerikalılar, həmçinin Netanyahunun hakimiyyətdə qalmasının qlobal təhlükəsizlik və sülhə töhfə vermədiyini də deyiblər.

AzVision.az

Geri qayıt