Əsas Səhifə > Güney Press > Ölkədən valyuta axınına

Ölkədən valyuta axınına


5-08-2024, 14:57
Ölkədən valyuta axınına
Salyanda ümumi əkin sahəsində azalma müşahidə olunub.

Salyan Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu il 45708,1 hektar kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsinin 14852,9 hektarını dənli və dənli paxlalı bitkiləri, 10337,6 hektarını texniki bitkiləri, 490,0 hektarını kartof, 1785,6 hektarını tərəvəz, 1025,0 hektarını bostan bitkiləri və 17217,0 hektarını isə yemlik bitkiləri təşkil edib. Cari ilin məhsulu üçün ümumi əkin sahəsi əvvəlki illə müqayisədə 202,9 hektar və ya 0,4 faiz azalıb.

Eyni vəziyyət başqa bölgələrdə də müşahidə edilir.

Maraqlıdır, əkin sahələrnin azalması hansı nəticələr verə bilər?

Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Salyan rayonu Aran zonası olduğuna görə orada su çatışmazlığı var:

“Su çatışmazlığı olan istənilən bölgədə məhsuldarlıq aşağı səviyyədə olur. Aşağı səviyyədə məhsuldarlıq olan bölgələrdə zamanla əkinçilik azalır və dayanır. Əkinçiliyin dayandığı sahələrdə isə torpaq şoranlaşır və deqradasiyaya uğrayır. Ondan sonra həmin sahələrdə əkinçiliyi bərpa etmək daha çətin və məsrəfli olur”.

Onun sözlərinə görə, əkinçilik azaldıqca idxal məhsulları artacaq:

“Ölkəmizdə istehsal edilən yerli kənd təsərrüfatı məhsulları daxili tələbatı qarşılamağa qadir deyil. Buna görə ölkəmizdə idxal məhsulları artır. İdxal məhsullarının artması ölkədən valyutanın çıxması deməkdir.

Əgər ölkəyə valyuta axını əvəzinə ölkədən valyuta çıxırsa, bu, ölkənin gəlirlərinə mənfi təsir göstərəcək”.

O qeyd edib ki, əkin sahələrini artırmaq üçün dövlət tərəfindən dəstək ayrıla bilər:

“Fermerlərin fəaliyyətinə dəstək üçün müxtəlif subsidiyalar ayrılır. Lakin ayrılan dəstəyi artırmaq lazımdır. Dövlət dəstəyi artacağı halda kənd təsərrüfatı inkişaf edər və xaricdən edilən idxalda azalma olar”.

Geri qayıt