Əsas Səhifə > Güney Press > Namizədləri var, ancaq sədrləri seçkidə iştirak etmir

Namizədləri var, ancaq sədrləri seçkidə iştirak etmir


5-08-2024, 14:16
Namizədləri var, ancaq sədrləri seçkidə iştirak etmir
Azərbaycanda qeydiyyatda olan 26 siyasi partiyadan 25-i sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Modern.az-ın məlumatına görə, artıq partiyaların müxtəlif sayda namizədləri qeydə alınıb, bəziləri isə cavab gözləyir.

Seçkilərdə iştirak edən partiyalardan 10-nun sədri namizəd olmayıb.

Müsavat Partiyasının sədri İsa Qəmbər, “Ana Vətən” Partiyasının (AVP) sədri Fəzail Ağamalı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov namizədliklərini irəli sürməyib. Ancaq sözügedən partiyaların digər üzvləri seçkilərdə namizəd kimi iştirak edir.

Digər partiyaların sədrləri seçkilərdə iştirak edəcək:

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin namizədliyi qeydə alınıb. O, 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəddir.

Ağ Partiyasının sədri Tural Abbaslının 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizədliyi irəli sürülüb və Partiya sədrinə artıq namizədliyinin qeydə alınması barədə müvafiq vəsiqə təqdim edilib.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev isə 116 saylı Qəbələ seçki dairəsindən namizəddir.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədliyi qeydə alınıb.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyi qeydə alınıb. Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev isə İmişli seçki dairəsindən namizədliyini irəli sürüb.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollzadə və REAL partiyasının sədri İlqar Məmmədov 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən namizəddirlər.

ƏHD partiyasının sədri Qüdrət Həsənquliyev isə 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən namizədliyini irəli sürülüb. Partiya sədrinə artıq namizədlik vəsiqəsi təqdim edilib.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev 10 saylı Binəqədi üçüncü seçki dairəsindən, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirhahmud Mirəlioğlu 43 saylı Sumqayıt İkinci seçki dairəsindən, Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev 118 saylı Ağdam-Xocalı seçki dairəsindən, Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu 8 saylı Binəqədi birinci seçki dairəsindən, Azad Vətən Partiyasının sədri Akif Nağı isə 124 saylı Şuşa - Ağdam - Xocavənd seçki dairəsindən namizəd olublar.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib.

Geri qayıt