Əsas Səhifə > Güney Press > İsrail dirəşir, ABŞ düşünür, ərəblər ehtiyat edir
İsrail dirəşir, ABŞ düşünür, ərəblər ehtiyat edir5-08-2024, 14:02 |
ABŞ və İsrail İrandan gələn təhlükəyə qarşı NATO-ya bənzər ittifaq yaratmalıdır. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Konqresindəki çıxışında deyib. Çıxışı zamanı o, bütövlükdə Yaxın Şərqə yönəlik baxışını açıqlayıb. Yəhudi dövlətinin Nazirlər Kabineti rəhbərinin sözlərinə görə, "bu, qismən insanların İkinci Dünya müharibəsindən sonra şahid olduqlarına əsaslanır". “Müharibədən sonra ABŞ SSRİ-dən artan təhlükəyə qarşı çıxmaq üçün Avropada təhlükəsizlik alyansı (NATO) yaratdı. Eyni şəkildə, Amerika və İsrail bu gün İrandan gələn təhdidlərə qarşı durmaq üçün Yaxın Şərqdə təhlükəsizlik ittifaqı yarada bilər”, - deyə Netanyahu bildirib. Qeyd edib ki, regionda yəhudi dövləti ilə münasibətləri normallaşdıran istənilən ölkəni bu alyansa dəvət etmək lazımdır. Maraqlı təklifdir, əlbəttə. Bəs belə bir hərbi ittifaqın yaradılması nə dərəcədə realdır? Və nə dərəcədə təsirli ola bilər? Yaxın Şərqi təşkil edən ölkələr arasındakı vəziyyətə və münasibətlərə ayıq nəzər salsaq, indi hansı dövlətlər bu alyansa üzv ola bilər? AYNA-nın suallarını tanınmış israilli ekspertlər cavablandırıblar. Hərbi ekspert David Gendelman: “Reallıqda Netanyahunun dediyi hərbi ittifaq artıq qismən mövcuddur. Son illərdə ABŞ-ın himayəsi ilə Yaxın Şərqdə raket hücumu əleyhinə koalisiya yaradılıb və heç də əbəs deyil ki, İordaniya və digər ərəb ölkələri - bəziləri açıq, bəziləri isə gizli şəkildə - aprelin 13-də İranın İsrailə raket və dron hücumunun dəf edilməsinə kömək edib. Bu, müvafiq siyasət qərarları nəticəsində CENTCOM damı altında ilkin əməliyyat və texniki koordinasiya işlərinin nəticəsi idi. Amma buradan, təbii ki, NATO kimi tamhüquqlu hərbi alyansa getmək üçün hələ uzun yol var ki, bu da müdafiə xarakterli olmaqla yanaşı, lazım gələrsə, hücum hərəkətlərini də nəzərdə tutur. BƏƏ, Bəhreyn, İordaniya və Səudiyyə Ərəbistanı İranın sabitliyi pozan addımlarından qorxur və buna görə də bu koalisiyada müxtəlif səviyyələrdə iştirak edirlər. Lakin ABŞ hələ də İrana açıq şəkildə hərbi güclə müqavimət göstərmək istəməsə, onlar da İsrailin əvəzinə “şabalıdları oddan çıxarmaycaqlar”. Onlar dəstək ola bilər, amma bu hərəkata rəhbərlik edə bilməzlər”. İranşünas tədqiqatçı və jurnalist Mixail Borodkin: “Obyektiv nöqteyi-nəzərdən götürsək, Yaxın Şərqdə təhlükəsizlik sahəsində ümumi maraqları olan bir sıra ölkələr var. İsrail, İordaniya və Ərəbistan yarımadasının ərəb dövlətləri İran rejimi və onun satellitləri, eləcə də sünni ekstremist qrupları tərəfindən təhdid edilir. Bu yaxınlarda belə hadisələrin adətən nadir olduğu Omanda terror aktı baş verdi. Yəni təhlükə çox yüksəkdir. Və obyektiv nöqteyi-nəzərdən yaxın hərbi ittifaq bu ölkələr üçün faydalı ola bilər. Nəzəri cəhətdən belə bir ittifaq effektiv ola bilər. Bu, İrana və digər kənar oyunçulara Yaxın Şərq dövlətlərinin artıq onların daxili işlərinə müdaxiləyə dözmək istəmədiklərini, həmçinin onların əsl düşməninin və müttəfiqinin kim olduğunu başa düşdüyünü göstərəcək. Effektiv kəşfiyyat mübadiləsini qurmaq, döyüş effektivliyini artırmaq üçün birgə təlimlər keçirmək, terrorla mübarizə əməliyyatları keçirmək, regionun müdafiəsi üçün strateji planlar hazırlamaq və s. Artıq mötədil ölkələrin hərbi ittifaqını yaratmaq cəhdləri olub - Səudiyyə Ərəbistanı bir vaxtlar husilərə qarşı müharibə üçün blok yaratmışdı. Müharibənin uğurları, yumşaq desək, təvazökar və mübahisəli olsa da, İran körfəzinin ərəb dövlətlərinin hərbi qüvvələrinin tarixdə ilk dəfə birləşməsi faktının özü çox diqqətəlayiqdir. Bununla belə, ərəblərin və İsrailin iştirakı ilə “Yaxın Şərq NATO-su”nun yaradılmasının bir çox maneələri var. Yeni alyansa ABŞ-ın möhkəm zəmanəti lazımdır, o cümlədən orada Amerikanın iştirakı olmadan ərəb dövlətləri bu ittifaqda iştirak etməyə razı olmayacaq. Reputasiya riski çox böyükdür, çünki onların çoxu hələ də İsraillə münasibətləri normallaşdırmayıb. Və ərəb ölkələri təhlükəsizlik məsələlərində ABŞ-a inamını tamamilə itirdikdən sonra - ümumilikdə Obamanın siyasəti və xüsusən də İran razılaşması və Baydenin bin Salmanla münaqişəsi səbəbindən (Tramp vəziyyəti bərpa etməyə uğursuz cəhd etdi, lakin Baydenin dövründə hər şey yenidən çökdü) - çətin ki, belə bir ittifaqa razı olsunlar. Beləliklə, ABŞ-da prezident seçkiləri keçirilməyənə qədər bu alyansdan danışmaq mənasızdır. Hər şey seçkilərdə kimin qalib gələcəyindən və qalibin bu proqramı həyata keçirmək istəməsindən asılı olacaq. Netanyahu bütün bunları çox gözəl anlayır. Hesab edirəm ki, onun təklifi daha çox belə bir ittifaqın yaradılmasına nail olmaq məqsədi ilə deyil, ərəb ölkələrinə düşmənlərinin İsrail deyil, İran olduğunu bir daha xatırlatmaq məqsədi ilə edilib”. Geri qayıt |