Əsas Səhifə > Güney Press, Ana xəbərlər > 10 günlük DİSTANT TƏHSİL: nə itirəcəyik?

10 günlük DİSTANT TƏHSİL: nə itirəcəyik?


5-08-2024, 08:37
10 günlük DİSTANT TƏHSİL: nə itirəcəyik?
Bakıda COP29 konfransının keçirilməsilə əlaqədar məktəblərdə 2024-cü il noyabrın 12-dən 22- dək payız tətili elan olunub. Peşə, orta ixtisas və ali təhsil pillələri üzrə təhsil müəssisələrində isə sözügedən tarixdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda distant formada təhsilə keçid elan edilib.
Nazirlər Kabinetinin “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında əksini tapıb.

NK-nın qərarının təhsilə təsirlərini dəyərləndirən “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri, təhsil eksperti İlqar Orucov "Sherg.az"a deyib ki, həm məktəblərin təhlükəsizliyi, həm də nəqliyyatın sıxlığını nəzərə alaraq tədrisin distant formaya keçirilməsi gözlənilən idi. Onun sözlərinə görə, təhsil ocaqlarının 10 gün müddətində distant təhsilə keçirilməsi ümumilikdə təhsilin keyfiyyətinə ciddi təsir göstərməyəcək:

“Peşə, orta ixtisas və ali təhsil pillələri üzrə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda distant formada təhsil tətbiqinə gəldikdə isə bu sahədə ölkəmizdə ənənə və praktika var. Bunun əsası isə COVID-19 pandemiyası zamanı qoyulub. Ona görə də 10 günlük məsafədən tədrisin hansısa bir fəsadının olacağını zənn etmirəm. Distant təhsilə keçəcək məktəblər şəhər məktəbləridir. İstər internetin təşkili, istərsə də texniki avadanlıqların təmini baxımından təhsil alanların və təhsil verənlərin imkanları yüz faizi təşkil edir”.

İ.Orucov həmçinin qeyd edib ki, sadəcə bu cür beynəlxalq tədbirlər və yoluxucu xəstəliklərin kütləvi yayılma riski olan zamanlarda yox, adi vaxtlarda da distant formada təhsilin inkişaf etdirilməsində maraqlı olmalıyıq:
“Distant təhsili bizim üçün aktual edən səbəblər var. Təhsiltutumlu ölkələrdə distant təhsilə önəm verilir. Məkan və zamandan asılı olmayaraq insanlar üçün təhsil almaq imkanları yaranır. Lakin biz bu prosesə tam hazır olmamış distant təhsili tətbiq etmək olmaz. Bunun üçün yeniliklərə açıq olmalıyıq. Distant təhsildə natamamlıq olmamalıdır. Distant təhsilin tətbiqi ilə bağlı mexanizmlər də hazırlanmalıdır. Müasir texnologiyalar sayəsində təhsilin məsafədən təşkili mümkündür. Distant təhsilin ölkəmizdə inkişaf etdirilməsi, ali təhsil müəssisələrində distant təhsil verilməsi imkanları var. Amma bunun üçün tədrisi həyata keçirən fənn proqramları, dərslik proqramları, infrastruktur olmalıdır”.

Geri qayıt