Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Qərbin ayırdığı paralar erməniləri xilas etməyəcək

Qərbin ayırdığı paralar erməniləri xilas etməyəcək


4-08-2024, 15:16
Qərbin ayırdığı paralar erməniləri xilas etməyəcək
ABŞ və Avropa İttifaqı Ermənistanı maliyyələşdirməyə davam edir. Ötən günlərdə Ermənistanla Avrasiya İnkişaf Bankı arasında kredit sazişi imzalanmışdı. Sazişə əsasən, Bankın Avrasiya Sabitləşdirmə və İnkişaf Fondundan Ermənistana 100 milyon dollar ayrılacaq. ABŞ Senatı isə Ermənistana 65 milyon dollar məbləğində yardım nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Ümumilikdə Avropa İttifaqının Ermənistana 270 milyon avro, ABŞ-nin isə 65 milyon dollar yardım ayırması nəzərdə tutulub. Ayrılan vəsaitlərin bir hissəsi artıq Ermənistana verilib. Ekspertlər Ermənistanın sosial layihələr və digər humanitar məqsədlərlə əldə etdiyi maddi vəsaitlərin hərbi sahəyə yönəldiyini, silah-sursat, hərbi texnika alındığını iddia edirlər.

Politoloq Əli Oruclu "Sherg.az"a bildirib ki, Ermənistan sovet zamanı olduğu kimi 1991-ci ildən bu yana da Rusiyadan asılı olub. Ekspertin sözlərinə görə, Ermənistan iqtisadiyyatı, enerji sektoru və digər strateji sahələr Rusiyanın tam nəzarətindədir:

"Ermənistanın ixrac etdiyi məhsulların əsas bazarı da Rusiyadır. Ancaq Baş nazir Nikol Paşinyanın Qərbə yaxınlaşma meyilləri Ermənistana ciddi iqtisadi problemlər yaradır. ABŞ və Avropa Birliyi Kremldən asılı vəziyyətdə olan İrəvana maliyyə, siyasi və hərbi dəstək verməklə asılılığı bir qədər azaltmağa çalışır. Təbii ki, Qərbin məqsədi Ermənistanı təsir dairələrində saxlamaqdır. Amma Qərbin maliyyə qurumlarının ayırdığı vəsaitlər erməniləri xilas edəcək səviyyədə deyil. Çökmüş vəziyyətdə olan Ermənistan iqtisadiyyatını Moskvanın asılılığından xilas etmək üçün milyard dollarlar lazımdır. Həm də ölkəyə qoyulacaq sərmayələrin, ayrılan kreditlərin istənilən nəticə verib-verməyəcəyi də sual altındadır. Bəlli olmayan digər mühüm məqamlardan da biri odur ki, bu vəsaitlərin hansı məqsədlər üçün istifadə ediləcəyi, hərbi xərclərə sərf olunmayacağı qeyri-müəyyəndir".

Geri qayıt