Əsas Səhifə > Güney Press > "Azərbaycana qarşı döyüşmüş hərbi əsirlər kiminsə sözü ilə buraxıla bilməz"

"Azərbaycana qarşı döyüşmüş hərbi əsirlər kiminsə sözü ilə buraxıla bilməz"


3-08-2024, 14:02
"Azərbaycana qarşı döyüşmüş hərbi əsirlər kiminsə sözü ilə buraxıla bilməz"
“İstənilən ölkə bütün məhbuslarla humanist, ləyaqətlə və beynəlxalq hüquq normalarına uyğun davranmalıdır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Bakıda saxlanılan erməni məhbusların azadlığa buraxılma ehtimalını şərh edərkən deyib. Dövlət Departamentinin nümayəndəsi təsdiqləyib ki, Vaşinqton hələ də Cənubi Qafqaz məsələlərində iştirak edir: “Məhkumlarla bağlı biz açıq və ardıcıl şəkildə bəyan etmişik ki, istənilən ölkə bütün məhbuslarla insani, ləyaqətlə və beynəlxalq hüquqa uyğun davranmalıdır. Ermənistan dəfələrlə Azərbaycan tərəfində olan hərbi əsirlərin geri qaytarılması üçün müxtəlif səviyyələrdə addımlar atır. Amma 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızda müxtəlif cinayətlərin səbəbkarı olmuş bu insanları rahatlıqla geri vermək olarmı? Onlar haqqında cinayət işləri açılıb, məhkəmələr keçirilir”.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, biz artıq dəfələrlə şahidi oluruq ki, ABŞ-daki erməni lobbisi və ermənilərin müxtəlif qrupları dövlət departamenti və senatorlar qarşısında məsələlər qaldırırlar.

“Dağlıq Qarabağın keçmiş hərbi xuntasının rəhbərinin azad edilməsi haqqında bəyanatlar yayırlar. Senatorlar da bu məsələləri qaldırırlar. Ancaq bu ABŞ və Avropa ölkələrinə məlumdur ki, cinayətkar dəstə Azərbaycana qarşı uzun illər döyüşüblər. Azərbaycan torpaqlarını işğal ediblər və azərbaycanlıların öldürülməsində şəxsən əlləri olub. Xocalı hadisəsinin törədilməsində də bilavasitə iştirakları olub. Ona görə də onların belə asanlıqla verilməsi mümkün deyil. Çünki onların hər biri haqqında ayrı-ayrılıqda cinayət işləri açılıb. Cinayət işləri gedir, yaxın zamanlarda yekunlaşacaq”-deyə politoloq bildirib.

Elşad Həsənov qeyd edib ki, Azərbaycanda məhbuslara normativ hüquqi qaydalara görə davranılır və beynəlxalq hüququn bütün normaları gözlənilir. Onlar kitabla təmin olunur, hər ay ailələri ilə danışa bilirlər. “Qırmizi Xaç” Komitəsinin üzvləri gəlir, onlarla görüşlər keçirilər.

“Onların yeməkləri, onlara qarşı təzyiqlərlə bağlı hər hansı qeyri-insani tərəflərlə bağlı heç bir şikayətləri yoxdur. Çünki bu da nəzarətdədir. Həm də “Qırmızı Xaç” nəzarət edir. Və bu barədə mənfi heç nə deyə bilməzlər”-deyən politoloq vurğulayıb ki, onların törətdikləri cinayətlər çox ağır cinayətlərdir və onların geri verilməsi məsələsi qaldırılsa da, Azərbaycan dövləti bunu etməməlidir.

Politoloq hesab edir ki, bu gün dünyada elə proseslər gedir ki, hər şey mümkündür. Hətta ABŞ-da “şipiyonajla” tutulmuş adamları Rusiyada dəyişirlər.

“Rusiya ötən günlərdə cinayət törətmiş vətəndaşları geri qaytardı, öz vətəndaşları ilə dəyişdirdi. Türkiyə vasitəsilə onlar ölkəyə qayıtdılar. Çox maraqlı hadisədir ki, həmin adamları Putin şəxsən özü qarşıladı və onlarla görüşüb söhbət etdi. Bu səbəbdən də düşünürəm ki, Ermənistanın Azərbaycanda olan hərbi əsirləri elə-belə azad edilə bilməz. Azərbaycanın Ermənistanda əsiri varsa, əsirlərlə dəyişdirilə bilərlər və yaxud danışıqlar yolu ilə və ya Azərbaycan prezidentinin sərəncamı ilə azad edilə bilərlər. Yəni hər şey mümkündür. Amma indi kiminsə tələbi ilə, kiminsə sözü ilə buraxıla bilməzlər. Onların azad edilməsi üçün böyük, güclü faktlar lazımdır. Ola bilsin ki, siyasi danışıqları zamanı bu məsələlərdən də istifadə oluna bilər. Həmin şəxslərin azadlığı qarşılığında hansısa məsələlərin həll olunması istənilə bilər”-deyə Elşad Həsənov bildirib.

Geri qayıt