Əsas Səhifə > Güney Press > Bizdə TURİZM NİYƏ YOXDUR...

Bizdə TURİZM NİYƏ YOXDUR...


27-07-2024, 14:10
Bizdə TURİZM NİYƏ YOXDUR...
Ölkədə turizmin durumunu bir kəlmə ilə ifadə etsək, BƏRBAD sözü durumu təsvir etmək üçün yüngül söz olar. Bu cəmiyyətdə turizm dedikdə də hər kəsin təsəvvür etdiyi yalnız dağlara baxıb yemək yeməkdir, bir də yük daşımaqdan yorulmuş yabıları minib bir dövrə vurmaq, vəssalam. Başımızı qaldırıb nə qardaş Türkiyədə, nə də qonşu Gürcüstanda turizmin əhatə dairəsinə diqqət yetirmirik. Türkiyənin sahil zolağını gözdən keçirək, əyləncə, istiharət və asudə vaxtını zövqlə keçirməkçün N qədər fəaliyyət növü və məkan var, yaxtasından tutmuş su motosikletinə, paraşütündən tutmuş hava balonuna, tennis meydançalarından tutmuş piknik məkanları və çay bağçalarına kimi. Dünyanın ən böyük gölünün sahillərindəyik, nəyimiz var? Bu bir yana, otel və kirayə qiymətləri əl yandırır, restoranların bir tək məqsədi var – gələn müştəriyə elə hesab oxumaq ki, it kimi peşiman olsun, bir də o qapını açmasın. Xaricdə insanlar çəmənliklərdə oturur, uzanır, dincəlir, bizdə ayağını qazona qoydunmu, danasını satıb paqon almış bir polis qırğı kimi başının üstünü kəsib deyir ki, burda çəmənliyi brilliantla döşəyiblər, sən bunun üstündə gəzə bilməzsən, çıx ordan. Turizmi cəlbedici etmək üçün zərrə qədər fundamental yanaşmamız da yoxdur təəssüf ki. Bölgələrdə turizm adına ceyran belində olan qiymətlərdən savayı göstərəcək heç nəyimiz yoxdur. Bir də hələ yekə-yekə narazılıq edirik ki, bu cür gözəl təbiət guşələrimiz var, niyə ölkəyə turist az gəlir. Heç olmasa daxili turizmi insanlar üçün əlçatan etmək lazımdır ki, sıravi vətəndaş yay boyunca evində kondisioner altında oturmağı yeganə istirahət növü kimi görməsin.

Ceyhun Bayramlı - Dia-az.İnfo

Geri qayıt