Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Qafqaz üçün məkrli plan...

Qafqaz üçün məkrli plan...


27-07-2024, 12:54
Qafqaz üçün məkrli plan...
"Azərbaycanla Ermənistan arasında növbəti müharibənin baş verməsi Qərbin regiondakı proseslərə yanaşmasından asılıdır".

Bunu politoloq Rəşad Bayramov "Cebheinfo.az"-a açıqlamasında Ermənistanın sürətlə silahlandırılmasının səbəblərini və bu ilin payızında Azərbaycanla Ermənistan arasında növbəti müharibənin baş vermə ehtimalını şərh edərkən deyib.

O bildirib ki, Qərb güc mərkəzləri tərəfindən Ermənistana hərbi-texniki dəstək göstərilməsinin arxasında iki amil dayanır:

"Birincisi, Qərb Ermənistanı Rusiyanın boyunduruğundan xilas etmək istəyir. Qərb güc mərkəzləri, xüsusilə Fransa Ermənistanı müasir silah-sursat və hərbi avadanlıqlar ilə təmin etməklə İrəvana onun təhlükəsizliyinə zəmanət verməyə hazır olduğunu nümayiş etdirir. Əslində isə Qərb Ermənistanda Rusiyadan boşalacaq yeri tutmaq məqsədi güdür.

İkincisi, Qərb tərəfindən Ermənistana hərbi-texniki dəstək göstərilməsi və silahlandırılması, sözsüz ki, bu ölkədə revanşist hissləri oyadacaq və sülh prosesini dalana dirəyəcək.

Qərbin iki məqsədi regionda öz geosiyasi maraqlarını təmin etməyə hesablanıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin daim gərgin qalmasında maraqlı olan Qərb dairələri düşünürlər ki, Bakı ilə İrəvan arasında növbəti toqquşma mərhələsində, xüsusilə Rusiyanın Ermənistandakı hərbi bazasının və Ermənistanın hələ də üzv olduğu KTMT-nin proseslərdən kənarda qalması fonunda Ermənistan Qərbə üz tutacaq və onlardan yardım istəyəcək.

Nəticə etibarı ilə ABŞ, Fransa və Avropa İttifaqı hər hansı hərbi birləşmələrini Ermənistan ərazisində, guya Azərbaycanın təcavüzünün qarşısını almaq üçün yerləşdirməyə çalışacaqlar.

Məsələ burasındadır ki, bu gün hələ də sülh sazişinin imzalanması üçün imkanlar tükənməyib. Amma bu, Ermənistanın özündən asılı olan məsələ deyil. Əgər Qərb Ermənistan ilə Azərbaycan arasında növbəti müharibənin olmasını istəyəcəksə, təbii ki, bu istiqamətdə İrəvana ciddi təzyiqlər ediləcək.

Ermənistan tərəfindən Azərbaycanın ərazisinə hücumların təşkil olunacağı təqdirdə Azərbaycan müvafiq cavab tədbirləri görmək məcburiyyətində olacaq. Yaxın zamanda müharibənin baş vermə ehtimalı Qərbin prosesə yanaşmasından asılıdır. Əgər onlar müharibənin baş verməsini istəyəcəklərsə, onda Ermənistan tərəfindən bu istiqamətdə addımlar atılacaq. Əgər istəməyəcəklərsə, müharibə ehtimalı aradan qalxacaq".

Geri qayıt