Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Avropa Azərbaycanla milyardlıq layihələrin izində

Avropa Azərbaycanla milyardlıq layihələrin izində


27-07-2024, 09:15
Avropa Azərbaycanla milyardlıq layihələrin izində
Avropa İttifaqı Azərbaycanla enerji əməkdaşlığını genişləndirmək istəmir.

Bu barədə İngiltərənin “Financial Times” qəzetində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığına dair məqalə dərc olunub. Məqalədə bir çox məsələlərlə yanaşı, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni qaz müqaviləsinin imzalanıb-imzalanmayacağı ilə bağlı məsələyə də aydınlıq gətirilib.
Məqalədə xüsusilə vurğulanır ki, Azərbaycan Avropa İttifaqının qaz ixracı ilə bağlı uzunmüddətli müqavilə imzalamamasından narahatdır. “Bakı 2040-ci ilə qədər Aİ-nı daimi enerji ilə təmin etmək istəyir. İndiyə qədər model bu cür idi ki, Azərbaycan təchizatın 30 %-ni özü maliyyələşdirir, 70 %-i isə Aİ-dən kredit alır. Lakin Aİ artıq 5 aydan çoxdur ki, Azərbaycana kredit ayırmağı uzadır” - deyə məqalədə qeyd olunub. Müəllif əlavə edib ki, Bakı 2040-cı ilə qədər Aİ-nın “yaşıl enerji”yə keçid siyasəti ilə bağlı tədarükün özü tərəfindən maliyyələşdirməsini qəbul etmir.

Bu, onu deməyə əsas verir ki, belə olan halda Bakı bu qədər pul xərcləyib, lakin gəlir götürməyəcəyini düşünür. Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov bildirib ki, Azərbaycan Avropa İttifaqına 3-6 aylıq təbii qaz göndərməklə yanğınsöndürən olmaq istəmir. Maraqlıdır, niyə Brüssel Bakı ilə yeni qaz müqaviləsi imzalamaqdan yayınır? Bakı 2040-ci ilə qədər Aİ-nı daimi enerji ilə təmin etmək imkanları var?

Digər önəmli məsələsi isə Avropa İttifaqı Kiyev və Bakı ilə Azərbaycan qazının Ukrayna vasitəsilə tədarükü ilə bağlı danışıqlar aparır. Görəsən, Brüssel Azərbaycan qazının Ukrayna vasitəsilə Avropaya tədarükündə, bu istiqamətdə milyard dəyərində investisiya layihələrinin həyata keçirilməsində maraqlı olacaq?

Məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır:

“2022-ci ilin iyunun 15-də Azərbaycan ilə Avropa Komissiyası arasında yeni enerji əməkdaşlığına dair saziş imzalandı. Bu saziş imzalandıqdan sonra hədəflər müəyyən edilib. İmzalanma mərasimindən sonra Avropa Komissiyasının rəsmiləri Azərbaycanın enerji infrastruktur layihələrinə investisiyaların cəlb edilməsi və qaz yataqlarının istismarı istiqamətində Avropa şirkətlərinin Azərbaycan hökuməti ilə sıx əlaqələr qurmaları ilə bağlı çağırışlar edirdilər. Bu, o dövrə təsadüf edirdi ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropanın enerji təchizatında böhranlı vəziyyət yarandı. Ona görə də rəsmi Brüssel Avropaya təbii qaz tədarükünün şəxaləndirilməsi üçün Azərbaycan, Əlcəzair, Nigeriya və digər ölkələrlə danışıqlar aparmağa başladı. Azərbaycan Aİ-nın enerji siyasətində mühüm ölkə hesab olunur”.

Ekspert Azərbaycanın Avropaya indiki həcimlərdən artıq qaz tədarük etmək imkanlarına sahib olduğunu bildirib.

“Əgər Avropa dövlətlərinə 2027-ci ildən sonra əlavə qaz həcmlərinin artırılması barədə söhbət gedirsə, ilk növbədə Cənub Qaz Dəhlizinin komponentləri – Bakı-Tbilisi-Ərzurum, Trans-Anadolu (TANAP) və Trans-Adratik (TAP) qaz boru kəmərlərinin imkanlarını nəzər keçirmək lazımdır.

Hesab edirəm ki, TANAP-nın qaz ötürücülük qabiliyyətinin 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eyni zamanda TAP-ın ötürücülük qabiliyyətinin 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər çatdırılmasına ehtiyac var. Sözsüz ki, hər iki boru kəmərin ötürücülük qabiliyyətinin artırılması üçün əlavə investisiyalar cəlb edilməlidir”.

Onun sözlərinə görə, Azərbaycanın 2027-ci ildən sonra Avropa ölkələrinə 16 milyard kubmetr qaz nəql etməyi hədəfləyib:

“Bu hədəfə çatmaq üçün Cənubi Qaz Dəhlizinin imkanları genişləndirilməli, xüsusilə TANAP və TAP ətrafında yeni qaz stansiyaları tikilməli və əlavə texniki işlər görülməlidir. Təbii ki, bütün bunların həyata keçməsi üçün əlavə investisiyalar cəlb olunmalıdır. Lakin rəsmi Brüssel bəyan edir ki, onun yeni infrastruktur layihələrinin maliyyələşdirilməsində imkanlarını məhduddur. Brüsselin bu bəyanatı Avropa İttifaqının yeni enerji siyasətindən irəli gəlir. Çünki Aİ-nın ənənəvi karbohidrogen ehtiyatlarına və bu ehtiyatların nəqlinə yönələn infrastruktur layihələrinin reallaşmasına maliyyə ayırmağa marağı azalır. Əsas səbəb məhz budur. Avropa Komissiyasının, bütövlükdə Avropa İttifaqının yeni enerji hədəfləri Azərbaycanın beynəlxalq qaz ixrac qabiliyyətini artırmaqla bağlı hədəfləri ilə ziddiyyət təşkil edir. Əgər Azərbaycan Avropaya qaz həcmlərini artırmağı hədəf kimi götürübsə, onda həm infrastruktur layihələrinin həyata keçməsinə, həm də Cənubi Qaz Dəhlizinin komponentlərinin ixrac imkanlarının genişləndirilməsinə əlavə investisiyalar yatırılmalıdır.

Azərbaycan bu dəhliz vasitəsilə Avropanın səkkiz ölkəsinə təbii qaz tədarük edir. Azərbaycan keçən illə müqayisədə bu il TAP boru kəməri vasitəsilə Avropaya 13 milyard kubmetr qaz tədarük edəcək. Bu, pik nöqtədir. Halbuki kəmərin hazırkı ötürücülük qabiliyyəti 12.3 və ya 12.5 milyard kubmetr civarındadır. Hazırda təbii qazın axın sürətini artırmaqla TAP-nın ötürücülük qabiliyyətini 13 milyard kubmetrə çatdırmaq olar”.

O bildirib ki, Azərbaycan Avropa Komissiyası ilə uzunmüddətli qaz sazişi imzalamaqda maraqlıdır:

“Avropaya əlavə qaz həcmlərinin nəql olunmasına əngəl yaradan heç bir ciddi problem yoxdur. Amma Aİ-nın yeni enerji siyasəti Azərbaycan qazının tədarükünün artırılmasına məhdudiyyət yaradır. Brüsselin yeni enerji siyasəti ilə bağlı sənədlərdə qeyd olunur ki, Avropada karbohidrogen ehtiyatlarının 80 % azaldılması nəzərdə tutulub. Bu 80 %-ın 40 %-i təbii qaza aiddir. Bu, Azərbaycanın enerji hədəfləri ilə üst-üstə düşmür”.

Azərbaycanın Ukrayna üzərindən Avropaya gələcək qaz nəqlinə gəlincə, Zəfər Vəliyev vurğulayıb ki, bu, texniki cəhətdən mümkün görünmür:

“Bu ilin sonunda Aİ, Rusiya və Ukrayna arasında tranzit qaz sazişinin müddəti başa çatacaq. Müddət başa çatdıqdan sonra Avropanın ümumi qaz balansında 11 milyard kubmetr defisit yaranacaq. Belə olan halda Avropanın üç ölkəsi - Slovakiya, Moldova və Avstriyanın qaz təchizatında ciddi problemlər yaşanacaq. Hər üç ölkənin beynəlxalq sulara çıxış imkanları məhduddur. Avropanın birləşdirici qaz kəmərlərinin ötürücülük qabiliyyəti elə də yüksək səviyyədə deyil. Əgər belə olmasaydı, Avropa İttifaqının üzv ölkələrinin aktivlərində təbii qaz terminallarının gücü 75 %-dən aşağı olmazdı. Belə bir hal Avropa Komissiyasını Azərbaycanın imkanlarından yararlanmağa vadar edir. Azərbaycan Rusiya ilə Ukrayna arasında tranzit qaz sazişi ilə bağlı təmasların qurulmasında və danışıqların aparılmasında vasitəçilik edə bilər. Artıq bu istiqamətdə ilkin addımlar atılır. Azərbaycan qazının Ukrayna üzərindən Avropaya nəqlinə gəlincə, bu, texniki cəhətdən mümkün deyil. Azərbaycan yalnız Cənubi Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə təbii qaz nəql etməkdə maraqlıdır. Azərbaycana digər ölkələrin infrastrukturundan istifadə etmək lazım deyil. Həm də bu, ölkəmizin enerji siyasətinə ziddir. Bildirim ki, Ukraynanın qaz nəql sistemləri hazırkı müharibə fonunda təhlükə altındadır. Rəsmi Kiyev artıq Luqansk yaxınlığında yerləşən Saxranovka qaz ötürmə stansiyası üzərində nəzarəti itirib”.

Sonda Zəfər Vəliyev qeyd edib ki, Avropa Komissiyası yeni enerji siyasətini yenidən nəzərdən keçirməlidir: “Bu istiqamətdə zəruri addımlar atılmazsa, Avropanın enerji təhlükəsizliyində problemlərin çoxalmasına şahidi olacağıq”.

Geri qayıt