Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Repetitorların “qazanc qapısı” nə vaxt bağlanacaq?

Repetitorların “qazanc qapısı” nə vaxt bağlanacaq?


16-07-2024, 07:57
Repetitorların “qazanc qapısı” nə vaxt bağlanacaq?
Son illər aktual olan mövzulardan biri ölkədə repetitor fəaliyyətinin daha da genişlənməsi ilə bağlıdır.

Bu gün artıq belə fikirlər səslənir ki, ali məktəblərə qəbulun nəticələri repetitorların uğurudur. Direktorlar isə bunu məktəbin adına yazırlar. Repetitora vəsait ödəyə bilməyən valideynlər isə övladlarını repetitor yanına göndərə bilmirlər.

Qeyd edək ki, son illər sertifikasiyada toplanan bala uyğun olaraq da müəllimlərin əməkhaqqına əlavələr olunur. Bununla yanaşı, bir çox müəllimlər məktəbdə tədrisdən daha çox repetitorluq fəaliyyətinə üstünlük verirlər.

Beləliklə, bu gün müəllimlərə yüksək əməkhaqqının verilməsi, yaxud digər hansı amillərlə təhsili məktəblərə qaytarmaq olar?

VI çağırış Milli Məclisin üzvü Ceyhun Məmmədov “Cebhe.info”-ya bildirib ki, Azərbaycanda repetitorluq geniş yayılıb:

“Bəzən deyilir ki, dünyanın hər yerində belədir. Ancaq repetitorluq dünyanın heç bir yerində Azərbaycandakı qədər deyil. Yəni bizdə daha çoxdur və bu, ciddi narahatlıq doğuran bir məsələdir. Ali məktəblərə qəbulda da birmənalı olaraq repetitorluq böyük bir rol oynayır.

Bu gün ali məktəbə qəbul olmaq istəyən abituriyentlərin böyük əksəriyyəti müəllim yanına gedir və bunun vasitəsilə valideynlər öz övladlarının ali məktəblərə qəbul olmasına nail olurlar. Bu mənada həmin məsələ istiqamətində çox ciddi iş aparılmalıdır. Bunun üçün ilk növbədə məktəblərdə tədrisin keyfiyyəti daha da artırılmalıdır. Eyni zamanda, məktəblərdə repetitorluğun geniş yayılmasına şərait yaradılmamalıdır.

Bəzən eyni məktəbin müəllimləri bu işləri görürlər. Ona görə də davamlı nəzarət olmalııdr. Bu, sadə bir məsələ deyil. Ancaq davamlı iş aparsaq, müəyyən addımlar atsaq, təbliğat aparsaq bu məsələnin dəyişikliyinə nail ola bilərik. Ancaq hələ bir müddət bunun üçün çalışmaq lazımdır”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə bildirib ki, məktəbin yuxarı siniflərində ixtisas seçimi şagirdlər üçün ən vacib hadisələrdən biridir:

“Ancaq təəssüf ki, heç də həmişə bütün şagirdlər ixtisaslarını düzgün seçmirlər. Mən bu işdə ilk növbədə valideynləri günahlandırmaq istərdim. Onlar bir sıra hallarda şagirdlərin qabiliyyəti əsasında ixtsisasları seçmirlər, öz istəkləri əsasında şagird üçün ixtisaslar müəyyən edirlər.

Bu, şagirdin qarşısında müəyyən çətinliklər yaradır. Belə şagirdlər qabiliyyəti olmayan ixtisasa hazırlaşmaq üçün repetitor yanına getməli olurlar. Halbuki məktəb geniş həcmli proqram əsasında şagirdlərə bilik verir, bacarıqlar aşılayır. Əgər şagirdlər məktəbdə yüksək fəallıq göstərərək, yüksək qiymətlərlə təhsil alsalar, onlar universitetə məktəbdə əldə etdikləri biliklər əsasında da qəbul ola bilərlər.

Doğrudur, orta məktəbdə şagirdlər test imtahanına, test texnologiyasına hazırlanmırlar. Onlarda yaradıcı təfəkkürün inkişafı əsas istiqamət olur. Ancaq ali məktəblərə qəbul zamanı test imtahanından istifadə olunur. Belə hallarda da valideynlər övladlarını repetitor yanına göndərməli olurlar”.

O bildirib ki, repetitorlar yuxarı sinif şagirdlərini test imtahanına hazırlayırlar:

“Şagirdlərin ixtisas seçimində qabiliyyət amili ön planda olmalıdır. Məktəb psixoloqları şagirdlərin qabiliyyətinin müəyyənləşməsində fəal olmalıdır. Onlar şagirdlərin qabiliyyətini müəyyən edib, onları həmin ixtisaslara istiqamətləndirməlidirlər. Mən burada bizim üçün ağrılı olan bir məsələyə diqqəti cəlb etmək istərdim. Şagirdlərin heç də hamısı ali məktəblərə qəbul olmaq əqli qabiliyyətlərə malik deyillər. Onların bir qismi peşə qabiliyyətlərinə malikdirlər. Əqli qabiliyyətləri olan şagirdlərin məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olması normal dəyərləndirilir.

Peşə qabiliyyətlərinə malik olan şagirdlər isə peşə təhsilinə istiqamətləndirilməlidirlər. Ancaq valideynlər şagirdlərin peşə təhsili almasının tərəfdarı olmadığı üçün onları repetitor yanına getmələrinin tərəfdarı olurlar. Elə hesab edirlər ki, bu, onların ali məktəblərə qəbul olmaq imkanlarını artırır.

Düzdür belə məktəb məzunlarınmın bir qismi ali məktəbə qəbul ola bilirlər. Lakin ali məktəbdə onlar uğur qazanmaqda çətinlik çəkirlər. Repetitor hazırlığı şagirdlərin qabiliyyətinin inkişafına yönəlmir. Bu istiqamətdə məktəbdə əldə edilən biliklər və psixoloqun müəyyən etdiyi qabiliyyət əsasında valideynlər öz övladlarının ixtisas seçimində üstünlüyə yol versələr yaxşı olardı”.

Professorun sözlərinə görə, valideynin şagirdlərin qabiliyyəti əsasında onları ixtisasa, peşəyə istiqamətləndirsələr, onlar daha böyük uğurlar qazana bilərlər:

“Bu gün bazar iqtisadi şəraitində, demokratiyanın hökm sürdüyü cəmiyyətdə yaşayırıq. Biz valideynlərin seçiminin əleyhinə heç cür gedə bilmərik. Lakin onlar da övladlarının arzu və istəklərinin əleyhinə getməməlidirlər. Şagirdlər də təbii olaraq, valideynlərə daha çox etibar edirlər. Valideynlərin peşə seçimi şagirdlərin məktəbə, orada verilən biliklərə etibarını məhdudlaşdırır.

Şagirdlər bir sıra hallarda düşünürlər ki, repetior yanına gedərək, lazımi bilikləri əldə edəcək və ali məktəbə qəbul olacaqlar. Lakin onlar unudurlar ki, ali məktəbə qəbul olmaq, məqsəd deyil, onların həyat yolunda, karyera qazanmaları üçün bir vasitədir. Düşünürəm ki, valideynlər arasında maarifləndirmə işlərini daha yüksək səviyyədə həyata keçirsək, valideynlər məktəbdə verilən biliklərə etibar edib övladlarını məktəb psixoloqunun təklif etdiyi ixtisaslar üzrə yönəltsələr daha yaxşı nəticələr əldə oluna bilər. Bunun üçün məktəblə ailənin əlaqəsinin yaxşılaşdırılmasına ehtiyac vardır. Bu əlaqə bütün dövrlərdə olub, bu gün isə daha böyük zərurətə çevrilibdir.

Repetitorlar öz fəaliyyətləri ilə “məktəb-ailə” ittifaqını zəiflədib. Hazırda məktəb müəllimlərinin sertifikasiyası həyata keçirilir. Sertifikasiyanın həyata keçirilməsi bir çox pedaqoji məsələlər ilə bağlıdır. Bu sınaqların nəticəsində keyfiyyətsiz, səriştəsiz müəllimlər tədris prosesindən kənarlaşdırılırlar. Məktəblərdə daha keyfiyyətli müəllimlərin tədris fəaliyyəti genişləndirilir.

Bu valideynlərin məktəbə inamının artmasında mühüm rol oynayır. Düşünürəm ki, keyfiyyətli müəllimlər şagirdlərin ixtisas və peşə seçimində daha önəmli rol oynayacaq. Hesab edirəm ki, sertifikatlaşmanın keçirilməsində əsas məqsədlərdən biri də budur”.

Geri qayıt