Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Heç nəyi dəyişə bilməyəcək Peşekiandansa, açıq düşmənçilik edən Cəlili daha yaxşı deyildimi?

Heç nəyi dəyişə bilməyəcək Peşekiandansa, açıq düşmənçilik edən Cəlili daha yaxşı deyildimi?


16-07-2024, 07:54
Heç nəyi dəyişə bilməyəcək Peşekiandansa, açıq düşmənçilik edən Cəlili daha yaxşı deyildimi?
İyulun 5-də prezident seçkilərinin ikinci mərhələsi keçirilib və səslərin hesablanmasının nəticələrinə əsasən, Məsud Pezeşkian İran İslam Respublikasının prezidenti seçilib. Pezeşkian dəfələrlə açıqlamalarında Türk olduğunu və bununla fəxr etdiyini deyib. İranın Azərbaycan siyasəti də hamıya məlumdur. Orada prezidentlər demək olar ki, əsas aparıcı qüvvə deyil. Amma müsahiblərimin birinin fikrincə, İranın dini hakimiyyəti qonşu ölkələrlə münasibətləri tənzimləmək istədiyi zaman rəhbərliyə daha mülayim birini gətirirlər ki, hazırda da digər seçimlərlə müqayisədə Pezeşkianı daha mülayim biri hesab etmək olar. Ən azı Azərbaycanla münasibətlərin tənzimlənməsi üçün Pezeşkian ideal variantdır.
Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran rejimi keçirilən prezident seçkilərinə öncədən hazır deyildi.

“İbrahim Rəisinin uğradığı helikopter qəzasından sonra konstitutsiyaya uyğun olaraq iki ay ərzində yeni prezident seçilməli idi. Bu səbəbdən də, iki ay ərzində bütün hazırlıq işlərinin görülməsi və namizədlərin öz namizədliklərini irəli sürməsi ilə bağlı gedən proseslərin hamısı sürətləndirilmiş şəkildə həyata keçirilirdi. Eyni zamanda İbrahim Rəisinin helikopter qəzasında ölməsi də şübhəli ölüm kimi dəyərləndirilir, hakimiyyət daxilində çəkişmələrin nəticəsi kimi yozulurdu. Bəzi fikirlərə görə, hakimiyyət daxilində bir sıra qüvvələr İbrahim Rəsinin hakimiyyətini davam etməsini istəmədiyi üçün bu hadisənin baş verdiyi yönündə idi”-deyən Sadiq İsabəyli qeyd edib ki, proseslərin sürətləndirilməsi fonunda əhalinin seçkilərə qatılmama qərarları da səsləndirilirdi. Çünki bir neçə ay əvvəl parlamnet seçkiləri keçirilmişdi və nəticələrə görə seçkilərə qatılım bəzi yerlərdə 7-8 faiz, bəzi yerlərdə 11-15 faiz kimi dəyərləndirilirdi.

“Rejim bu rəqəmi çox göstərməyə çalışsa da, mümkün deyildi. Bu da rejim üçün ciddi zərbə idi. Çünki vətəndaşlar artıq səs vermək istəmirdilər. Bu isə, hakimiyyət və vətəndaş arasındakı böhranın dərinliyinin göstərici idi. Bu səbəbdən, prezident seçkilərində də eyni problemlə qarşılaşacağı gözlənilirdi. Düşünülürdü ki, seçkidə iştirak aktivliyi yetərsiz olacaq. Hətta bəzi araşdırmalara, sorğulara və statistik məlumatlara görə, seçkidə iştirakın 20 faizdən çox olmayacağı vəd edilirdi. Rejimin iddia etdiyi "cümhuriyyət" anlayışı vətəndaşların səsvermə you ilə legitimləşdirilir. Bu məsələ artıq sual altında idi. İranın dini ideologiyası, yəni şiə məzhəbi və İslam adı altında bir "cümhuriyyət"in formalaşması məsələsi də ciddi sual doğururdu. Yəni legitim olaraq bu anlama gələcəkdi ki, insanlar artıq bu rejimin mahiyyətini qəbul etmirlər.

Hamı bilir ki, İran 3 siyasi coğrafiyanın içində çoxmillətli bir ölkədir. Rejim hər zaman İranda yaşayan qeyri-fars millətləri inkar etdiyi üçün, bu da onun İran və irançılıq anlayışına da böyük zərbə olurdu. Çünki qeyri-fars millətləri də bu prosesə qarışmayanda İran adı altında bir “milli” kimliyin formalaşdırılması prosesi də ciddi problemlə qarşılaşırdı. Yəni həm irançılıq, həm islam adı altında ideologiyalaşdırılmış siyasi rejimi, həm də "cümhuriyyət" dedikləri “İslami cümhur” dedikləri o cümhuriyyətin özü də ciddi sual altına düşürdü”-deyən Sadiq İsabəyli bildirib ki, iki ay müddətində bütün qeyd edilənlərin həll edilməsi asan məsələ deyildi.

Sadiq İsabəyli vurğulayıb ki, ötən parlament seçkilərində Məsud Pezeşkian namizədliyini irəli sürsə də, ona səlahiyyət verilməmişdi: “Seyyid Əli Hüseyni Xameneinin müdaxiləsindən sonra onun səlahiyyəti təsdiq olundu. Məsud Pezeşkian seçkilərə qatıla bildi və səs aldı. Məsud Pezeşkian namizdəliyini irəli sürən zaman jurnalistlərə demişdi ki, "mən sadəcə gəlmişəm ki, bu seçkilərdə iştirak edim, seçkilərdə iştirak aktivliyi artsın". Yəni əhali gəlsin seçkilərə qatılsın, əsas məqsəd budur”.

Siyasi şərhçi hesab edir ki, buradan alınmalı olan bir neçə mesaj var idi ki, bunlardan birincisi seçkidə iştirak problemini həll etmək idi.

“Məsud Pezeşkiandan əvvəl Əli Laricani qeydiyyatdan keçəndə bir xəritə paylaşmışdı. O xəritə Tehran şəhərini göstərirdi. Xəritədə prezident aparatının yerləşdiyi və eyni halda da bir küçə var. Onun adı “Azərbaycan” küçəsi idi. Oranı da o xəritədə göstərmişdi. Buradan meydana gələn mesaj da bu idi ki, proseslər Azərbaycan üzərindən oynanılacaq. Yəni Güney Azərbaycan üzərindən”. Məsud Pezeşkian deyir ki, “mən azərbaycanlıyam, Azərbaycan türküyəm və bununla fəxr edirəm”. İranda azı 35 milyon Azərbaycan türkü yaşayır. Nəzərə alsaq ki bu insanların səsvermədə iştirak etməsi və Pezeşkiana dəstək verməsi məsələsi ortaya çıxanda bu mesajlar prezident seçkilərinə qatılımın artmasına təsir göstərəcəkdi. Məsud Pezeşkianın həm seçkilərin qatılımında fəallıq göstərməsi, həm Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin ona dəstək verməsi və bununla yanaşı, azərbaycanlı olduğuna görə qeyri-fars millətlərin əksəriyyətinin ona səs verməsi məsələsi burda çox ciddi daxili və xarici siyasətin gələcəkdə müəyyənləşməsinə təsir edəcəkdi”-deyən siyasi şərhçi qeyd edib ki, Məsud Pezeşkiana qarşı rejimin hərbi ideoloji birliklər və bir sıra dini mərkəzlərdə mafiyalaşmış qruplar var ki, məsələn Səid Cəlili və onun ətrafındakı qruplar hakimiyyətə də ciddi nüfuz ediblər. Bu qruplaşmalar problem yaratmasalar, Azərbaycan və İran arasında çox normal müsbət inkişafı görə bilərik.

Şərhçinin fikrincə, bunun reallaşması ciddi sual doğuran məsələdir: “İranın strateji baxışı və Aərbaycan Respublikasına münasibəti budur ki, "biz elə etməliyik ki, Azərbaycan Respublikası hər zaman geopolitik olaraq, İrandan asılı vəziyyətdə qalsın". Bu səbəbdən də, Naxçıvan və, Zəngəzur məsələsi ilə bağlı problemlər yaradır. Eyni zamanda Azərbaycanın daxilində casus şəbəkələri, terror qruplaşmaları və s. bu kimi işlərlə məşğul olur, ölkədəki media üzərindən anti-azərbaycan təbliğatları aparır. Çünki İran istəmir ki, güclü və geopolitik söz sahibi olan Azərbaycan dövləti Cənubi Qafqazda öz dövlətçiliyini nüfuzunu artırsın, inkişaf etmiş dövlət kimi həm qonşu dövlətlərə örnək olsun, həm də Cənubi Azərbaycanda yaşayan Azərbaycan türklərinə örnək olsun. Bu mənada çox ciddi müxalif fəaliyyətlərin olacağını da nəzərə almalıyıq.

Seçki təbliğatları dönəmində Məsud Pezeşkianın əsas vurğuladığı məsələlərdən biri də bu idi ki, "biz qonşu ölkələrlə münasibətlərimizi yaxşılaşdırmalıyıq. Onlarla normal münasibət qurmalıyıq. O dövlətlər hiss etməlidirlər ki, İran onlara bir təhlükə yaratmır. Biz çalışmalıyıq ki, münasibətlərimizi yüksək səviyyəyə qaldıraq". Məsud Pezeşkianın seçki kampaniyalarını aparanlardan biri Cavad Zərif vurğulayırdı ki, “əgər İranın daxili sabitliyi və xarici siyasətinin inkişafını istəyiriksə, bizim ilk öncə üstünlük verdiyimiz məsələ qonşularla normal münasibətlərin qurulmasıdır ki, onlar bizdən təhlükə hiss etməsinlər”. Təbii ki, bunlar seçki dönəmində deyilənlər və verilən vədlərdir.

İrandakı siyasi, ideoloji və hərbi formalaşma bir növ anti-Azərbaycan siyasəti üzərində qurulmuş bir siyasətdir. İranın geopolitik yanaşması, xarici siyasətdəki Azərbaycan dövlətinə münasibəti hər zaman düşmənçilik üzərində və hər zaman Azərbaycanın zəiflədilməsi yönündə olub. Ermənistan-İran münasibətləri və ermənilərə verilən dəstək, həm işğal dönəmində, həm işğaldan sonra, yəni Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra Ermənistanın silahlandırılmasına şərait yaratmaq məsələsi… Bu gün də biz görürük ki, Ermənistanla ciddi münasibətlər qurulmasına çalışılır. Ermənistanın Təbrizdə konsulluğunu açılması və s. addımlar atılır”-deyən şərhçi qeyd edib ki, Azərbaycan və İran arasındakı münasibətlərin hansı vəziyyətdə olacağı ilə bağlı öncədən proqnoz vermək asan deyil.

“Azərbaycan hər zaman dostluq-qardaşlıq, regional əməkdaşlıq və s. bu kimi təşəbbüslərlə çıxış edib və İrandan hər zaman bunu tələb edirdi ki, “təxribat yerinə əməkdaşlıq olsun”. Bölgədə sülh, sabitlik olsun və iqtisadi gəlişmə formalaşsın. Amma İran Azərbaycana mövqeyini dəyişərsə və bu dəyişimi öz davranışlarında göstərərsə. Yəni Ermənistanın axı Təbrizdə nə işi var ki, getsin orada konsulluq açsın. İran niyə bu "xəyal"ın gerçəkləşməsinə şərait yaradır? Dostluğa zidd addım atılmasına səbəb nədir? Bu kimi məsələlər aradan qaldırılarsa, Ermənistanın dəstəklənməsinə yönəlik bir sıra siyasətlər aparılmasa, onların xeyrinə orada təbliğatlar, təşviqatlar və müxtəlif seminarlar qurulmasa, Qarabağın azad olunmasından sonrakı proseslərdə İranın müxtəlif medialarında yanlış anti-Azərbaycan təbliğatları aparılmasa, “Qarabağda yaşayan erməni əhalisinin zorla çıxarılması” yönündə əsassız və qərəzli iddialar səsləndirilməsə, ümumiyyətlə Azərbaycanın daxili işlərinə qarışılmasa, Azərbaycana qarşı ideoloji təbliğatlar aparılmasa, bütün bunların hamısını durdurularsa, normal bir qonşuluq münasibətlərinin formalaşması üçün təşəbbüslər göstərilərsə və yaxud edilən təkliflər dəstəklənərsə, təbii ki, o zaman biz deyə bilərik ki, İranın xarici siyasətində bir dəyişim vardır”-deyə Sadiq İsabəyli vurğulayıb.

Sadiq İsabəyli bildirib ki, Məsud Pezeşkian Azərbaycanla İran arasında və Türkiyə ilə İran arasında yaxşı münasibətlərin olmasını istər.

Amma İranın siyasi hakimiyyətində radikal və ciddi təsiredici qüvvələr var.

“Məsələn həm icraedici orqan, həm qanunverici orqan məhkəmə hakimiyyəti demək olar ki, bu "nüfuzlu" qüvvələrin təsiri altındadır. Eyni zamanda hərbi, siyasi, ideoloji, “Sipahi-Pasdaran” silah gücləri və iqtisadi güclər bunların nüfuz dairəsindədir. Hətta Məsud Pezeşkian prezident seçiləndən sonra Səid Cəlili təhdidkar bir bəyanat verərək dedi ki, “Məsud Pezeşkian prezident seçiləndən sonra onunla görüşdüm. Ona dedim ki, bu dönəmdə bizim dediklərimizi edərsə, heç bir problem yoxdur. Əgər etməsə, biz də özümüzə vəzifə bilirik ki, bu məsələlərə qarışaq”. Yəni bu, ciddi bir təhdiddir. Səid Cəlili “Cəbheyi –Payidari” deyilən davamlı, qalıcı cəbhə olan bir ideoloji və siyasi cərəyanın üzvüdür. Onları təmsil edir. Ümumiyyətlə, hakimiyyətlərin xarici siyasətinə ciddi müdaxilə edir.

Azərbaycan dövləti hər zaman sülh, əməkdaşlıq və regional inkişafın tərəfdarı olub. İran bir ideoloji rejimdir. Təbii ki, bu rejimin mahiyyətində terror var. Bu terror qrupları, terroru dəstəkləyən cərəyanlar nə qədər imkan verəcəklər ki, Azərbaycan və İran arasındakı münasibətlər normallaşsın, onu biz gələcəkdə görə bilərik”-deyə Sadiq İsabəyli əlavə edib.

Geri qayıt