Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Gərək, zəhərlənib öləsən ki, AQTA hərəkətə keçə....

Gərək, zəhərlənib öləsən ki, AQTA hərəkətə keçə....


16-07-2024, 06:29
Gərək, zəhərlənib öləsən ki, AQTA hərəkətə keçə....
Ötən həftə Sumqayıtda zavodların birində kütləvi zəhərlənmə qeydə alınıb. 53 nəfərin nahar vaxtı zavodun yeməkxanasında yedikləri qidalardan zəhərlənməsi müəyyən edilib. Zəhərlənənlər şəhər xəstəxanasına çatdırılıb. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi yeməkxanadakı qidalardan nümunələr götürüb. Ekspertiza təyin olunub.
Bizimyol.info xəbər verir ki, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq aparılır.

Hadisə iyulun 10-da baş verib. Zəhərlənənlərdən 48-nin kişi, 5-nin qadın olduğu bildirilir. Rəsmi məlumatlarda onların vəziyyətinin normal olduğu iddia edilir.

Bir neçə gün əvvəl Ağstafa rayonunda şadlıq saraylarından birində kütləvi zəhərlənmə faktı qeydə alınmışdı. Ümumilikdə 43 nəfərin zəhərləndiyi məlum olmuşdu. Xoşbəxtlikdən ölüm faktı olmamışdı. Hərçənd, son illər zəhərlənmədən ölənlərin olduğunu az görməmişik.

Ümumiyyətlə, qida təhlükəsizliyi ilə bağlı ölkədə vəziyyət yaxşı deyil. İstehlakçıların xüsusilə ərzaq mağazalarına inamı aşağı səviyyədədir. Hesab olunur ki, vaxtı keçmiş məhsullar çoxluq təşkil edir. Buna nəzarət sistemi istehlakçıların ürəyincə deyil.

Bəzən ərzaq mağazalarında endirimlə satılan malların çoxluğu diqqət çəkir. İstehlakçılar qiymətlərin daha ucuz olmasına görə bu məhsullardan istifadə etməyə məcbur qalırlar. Amma vaxtı keçmiş mallardan söhbət getmədiyinə də heç kim zəmanət vermir.

Adətən, necə olur? Zəhərlənmə halı qeydə alınır, hadisə yerinə Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri gəlir. Müəyyən nümunələr götürürlər, ekspertiza təyin olunur. Sonradan ictimaiyyət baş verənlərlə bağlı çox da məlumatlandırılmır. Ya da məlumat verildiyi halda həmin faktların sayı azalmır.

Bəs necə olmalıdır? Qida Təhlükəsizliyi Agentliyinin işi təkcə cərimə yazmaq deyil. Ümumi prosesə ciddi nəzarət lazımdır. Keçən ildən agentliyin vəzifələri də artırılıb. Qurumun məsuliyyəti də artmalıdır. Qida Təhlükəsizliyi Agentliyinin öhdəlikləri və məsuliyyəti var.

Sadalaya bilərik. Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrasını təmin etməlidir, nəzarət sistemini təkmilləşdirməlidir, risk təhlili, habelə risk qiymətləndirilməsi, risklərin idarəedilməsi və risk məlumatları aparmalıdır, istehlakçıların qida təhlükəsizliyinə dair tələblər barədə tam, dəqiq, eyni zamanda, yeni məlumat əldə etmələri üçün tədbirlər görməlidir, əhalini insanlar və heyvanlar üçün ümumi olan xəstəliklərdən qanunla müəyyən edilmiş qaydada qorumalıdır, dövlət orqanları ilə birlikdə qida məhsullarının sınağı üçün laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər verməlidir.

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələrini saymaqla bitməz. Amma agentlik nə edir? Məşhur lətifədə olduğu kimi, "qulaqlar kəsiləndən sonra saymağa başlayır".
Geri qayıt