Əsas Səhifə > Güney Press > Azərbaycan-Pakistan münasibətləri yüksələn xəttlə inkişaf edir

Azərbaycan-Pakistan münasibətləri yüksələn xəttlə inkişaf edir


15-07-2024, 07:47
Azərbaycan-Pakistan münasibətləri yüksələn xəttlə inkişaf edir
Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur.
Ölkəmizin möhkəm dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı
münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də
qardaş Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də, çoxtərəfli
platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün
sahələrdə sürətlə inkişaf edir.
Qeyd edək ki, Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk
tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında
diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki
ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik
səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin
avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib. İki dövlət
arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük
töhvələr verib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən
müxtəlif sahələrdə uğurla davam etdirilir.
Dost ölkə olan Pakistan keçmiş münaqişə ilə bağlı hər zaman öz qəti
mövqeyini də bildirib, bu günə kimi Ermənistanla diplomatik əlaqələr
qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin, Pakistan Senatı 2022-ci
il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Eyni
zamanda da Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini
dəstəkləyir. Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl
xarakter daşıyır. Ölkəmiz bu məsələdə Pakistanın haqlı mövqeyini
dəstəkləyir və Pakistan ilə həmrəydir. Eyni zamanda, Azərbaycan İslam
Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə
kontakt qrupun üzvüdür.
Cari ilin iyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan
İslam Respublikasına dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq
münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə
əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.
İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif
mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımız bildirib ki, bizim
qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə
olan dərin hisslərinə əsaslanır. Bu bağlantının böyük sərvət olduğunu
vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu gün Pakistan ilə
Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır.
Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində,
hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli
sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək
qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz
qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir.
Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış,
pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə
həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT
Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq
qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-
yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq.
Mən əminəm ki, ədalət zəfər çalacaq”.
Öz növbəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd
Şahbaz Şərif bildirib ki, Pakistan həmişə Azərbaycanın Qarabağla bağlı
mövqeyini dəstəkləyib və sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin
nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi
dəstəkləyib. Azərbaycanın da həmişə kəşmirlilərin haqq işini dəstəklədiyini
vurğulayan Baş nazir bildirib: “Mən BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail
olmaq üçün yetmiş ildən artıq böyük qurbanlar vermiş milyonlarla insanı
nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və
Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən
olmuşdur”.
Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar
və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına
mühüm töhfə kimi qiymətləndirilir. Dost ölkədə Heydər Əliyev Fondunun
təşəbbüsü ilə həyata keçirilən silsilə humanitar tədbirlər çərçivəsində
Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilib, bu ölkənin
Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə
işləri aparılıb. Həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil
olunub, açıq ürək cərrahiyyə əməliyyatları baş tutub, Pakistan-Əfqanıstan
sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz
olunumuş, təcili tibbi yardım avtomobili hədiyyə edilib. Göz klinikasının
tikintisi üçün maddi yardım göstərilib, Ramazan ayında Pakistanın bütün
əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib. Həmçinin, 30
min nəfərdən çox imkansız insana qurbanlıq paylanılıb.
Bu gün Azərbaycan-Pakistan münasibətləri yüksələn xətlə inkişaf edir.
Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri
nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan
yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin
dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Hazırda Azərbaycanda
3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd
təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət
göstərirlər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin
genişləndirilməsini vacib hesab edir. Pakistan şirkətləri işğaldan azad
edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət
ediblər. iki ölkə arasında ictimai, hərbi, humanitar sahələrdə əlaqələr
yüksək səviyyədədir. Pakistan rəsmiləri etiraf edir ki, İrana nüvə
proqramına görə tətbiq edilən sanksiyalar səbəbindən İran-Türkmənistan-
Əfqanıstan-Pakistan qaz kəməri layihəsi reallaşmır. Karbohidrogen enerjisi
ehtiyacını ödəmək üçün Pakistanın Azərbaycan kimi etibarlı tərəfkeşə
ehtiyacı var. Azərbaycanın da Asiyanın uyğun bazarında İslam
Respublikası ilə əməkdaşlıq etməsi faydalı olar. Bununla ölkəmiz
Pakistanın yerləşdiyi regiondakı bazarda mühüm rol əldə edə bilər. Nəzərə
almaq lazımdır ki, perspektivdə Orta dəhlizdən bu məqsədlə Pakistan da
xeyir götürər. Bakı-İslamabad əməkdaşlığı həm Mərkəzi Asiya, həm də,
Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə də təkan verər.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı,
iqtisadiyyat üzrə fəlsəfə doktoru
Dia-Az.İnfo

Geri qayıt