Əsas Səhifə > Güney Press > Evsizlər üçün bütün yollar bağlıdır

Evsizlər üçün bütün yollar bağlıdır


12-07-2024, 16:15
Evsizlər üçün bütün yollar bağlıdır
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 50 391 borcalana 3 milyard 108,811 milyon manat kredit verib.

Bu barədə İKZF-nin açıqlamasında bildirilir. Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 481,066 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 5 021 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib. Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

5 min 21 mənzilin kirayə üsulu ilə verilməsi evsizlərin sayı ilə müqayisədə çox azdır. Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cümhuriyət”-ə açıqlamasında deyib ki, bir çox dövlət layihələri nəticə verməyib:

“Güzəştli şərtlərlə vətəndaşların sosial durumunu düzəltmək üçün müxtəlif layihələr qəbul edilib. Buna örnək olaraq Mənzil İnşaat Dövlət Agentliyinin sosial mənzillərini misal gətirmək olar. Güzəştli şərtlərlə vətəndaşlara ev vəd edir. Lakin satışa çıxdığı andan 5 saniyə sonra bütün evlər satılır. Buna necə uğurlu demək olar? Düzdür, bəzi vətəndaşlar ev alsalar da, ümumilikdə belə layihələr özünü doğrulda bilmir. Çünki ölkəmiz güzəştli layihələrə hələ tam hazır deyil”.

O vurğulayıb ki, yeni sosial layihələrə böyük ehtiyac var:

“Sosial layihələrin, güzəştli şərtlərlə vətəndaşlara ipoteka, lizinq və digər xidmətləri göstərən bəzi qurumların fəaliyyətində ciddi nöqsanlar var. Belə ki, bəzi sosial layihələr öncədən düzgün araşdırma, hesablanma və təhlil edilmədən qəbul edilir. Nəticədə xaotik vəziyyət yaranır. Yeni layihələr qəbul edilmədən öncə ciddi təhlillər aparılmalıdır. O zaman xaotik vəziyyət yaranmaz”.

O qeyd edib ki, evsizlərin sayı ölkəmizdə nisbətən azdır:

“Başqa ölkələrlə müqayisədə Azərbaycanda evsizlərin sayı nisbətən azdır.

Belə ki, keçmiş Sovetlər dönəmində vətəndaşlar işlədikləri üçün evlə təmin edilirdilər. Bu səbəbdən ölkəmizdə və bütün postsovet məkanında evsizlərin sayı başqa ölkələrə nisbətən azdır. Evsizlər əsasən bölgələrdən paytaxtımıza gələn vətəndaşlardır”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, Azərbaycanda daşınmaz əmlak həm nağd, həm də kreditli şərtlərlə satılır:

“Kreditli şərtlərlə satışa ipoteka, güzəştli ipoteka, bankdaxili ipoteka və digər şərtlər əlavə olunur. Eyni zamanda, uzunmüddətli kredit şərtləri ilə əmlak satan tikinti şirkətləri fəaliyyət göstərir. Ondan əlavə, daha sadələşdirilmiş ipoteka şərtləri ilə Mənzil İnşaat Dövlət Agentliyi fəaliyyət göstərir. Son olaraq 2020-ci ildə Azərbaycan İpoteka Fondu və Kredit Zəmanət Fondu bu mexanizm yolu ilə vətəndaşlara uzunmüddətli kirayə yolu ilə mənzillər satıb. Satılan mənzillərin böyük əksəriyyəti təmirlidir”. O vurğulayıb ki, güzəştli ipoteka şərtləri ilə satılan mənzillər paytaxtətrafı ərazilərdədir: “Bu layihə Bakı, Abşeron, Xırdalan və Sumqayıt şəhərlərində reallaşıb. Kredit şərtləri özəl tikinti şirkətlərinin şərtlərilə müqayisədə xeyli güzəştlidir. Ondan əlavə, ölkəmizdə ən çox evsizlər məhz Bakı və Abşeronu əhatə edir”.

O qeyd edib ki, ölkəmizdə evsiz insanların sayı artır:

“Ölkəmizdə davamlı olaraq sosialyönümlü layihələr qəbul edilsə də, evsizlərin sayı artır. O baxımdan hesab edirəm ki, güzəştli şərtlərlə əmlak alqı-satqısına imkanlar yaradılarsa, o zaman evsiz vətəndaşların sayı da minimuma enə bilər”.

Ekspert əlavə edib ki, keçmiş məcburi köçkünlər üçün tikilən evlər güzəştli şərtlərlə satışa çıxarılır:

“Keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə mərhələli şəkildə köçü davam edir. Bu səbəbdən məcburi köçkünlərin evləri mərhələli şəkildə güzəştli şərtlərlə satışa çıxarılır. Hesab edirəm ki, gələcəkdə bu layihələr davam edərsə, evsiz insanların sayının azalmasına müsbət təsir edəcək”.

Geri qayıt