Əsas Səhifə > Güney Press > “3-4 nəfər özü üçün yeyinti yeri açıb, xınayaxdılar, ciyərkəsdilər təşkil edir”

“3-4 nəfər özü üçün yeyinti yeri açıb, xınayaxdılar, ciyərkəsdilər təşkil edir”


12-07-2024, 13:02
“3-4 nəfər özü üçün yeyinti yeri açıb, xınayaxdılar, ciyərkəsdilər təşkil edir”
“O gün qəzetlərdən birində yazılmışdı ki, “xınayaxdı mərasimləri qurtarıb, bundan sonra ciyərkəsdi axşamları başlayacaq”. Siz təsəvvür edirsinizmi biz nə qədər geri gedirik? Hansı dövrdə yaşayırıq? Ciyərkəsdi axşamları nədir? Mən qətiyyən milliliyin, adət ənənələrimizin əleyhinə deyiləm, əksinə! Bunu da ayrıca bir biznes kimi yaradıblar. 3-4 nəfər özü üçün yeyinti yeri açıb. Bu bizim adətlərimizə uyğun deyil. Biri edə bilir, biri edə bilmir. O biri də çalışır ki, borc-xərclə o insanlarla uyğunlaşsınlar. Toylar olsun, nişan olsun. Təki xeyir işləri olsun. O vaxt hərə öz evində sadə şəkildə keçirib, buna görə toyxanalar, çadırlar qurulmayıb. Biz gərək kiçilməyək, xırdalanmayaq. Əlifba bayramını da, son zəngi də biznesə çevirmişik. Bu bizim xalqa yaraşmaz”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti İlham Namiq Kamal bildirib.

O daha sonra “Azərbaycanfilm” kinostudiyasının geyim sexindən narazılığını dilə gətirib.

“Həmişə kinostudiyanın öz kostyum sexi olub. Adi bir nümunə çəkim, “Qaynana” və “Qəribə adam” filmlərinə çəkiləndə əynimə kostyum tikdilər. Köynəyimə, corabıma, çəkməmə qədər kinostudiya verirdi. Sonra o geyimlər kostyum sexində saxlanılırdı, qorunurdu. Sabah hansısa film çəkiləndə ondan istifadə edirdilər. Son illər, bir-iki dəfə kinostudiyada oldum, gördüm ki, geyim sexində heç bir kostyumlar yoxdur. Keçmişdəki kostyumlar hardadır bilinmir? Bir az bu sahədə təsərrüfatsızlıq var. Bu günlərdə cənab nazirimiz Adil Kərimli “Azərbaycanfilm” kinostudiyasının bütün rəhbər şəxslərini dəyişdi. Kinostudiya mütləq olmalıdır. Onun çox böyük ən-ənəsi var. Həm təmir olunmalıdır, həm də orada iş qaynamalıdır, əvvəlki vaxtına qayıtmalıdır”, -deyə sənətkar bildirib.

Geri qayıt