Əsas Səhifə > Güney Press, Manşet > “Bu qurum kasıblara sosial yardım deyil, işgəncə verir...”

“Bu qurum kasıblara sosial yardım deyil, işgəncə verir...”


5-07-2024, 17:27
“Bu qurum kasıblara sosial yardım deyil, işgəncə verir...”
Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini Teymurlu Fərid Mahir oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. F.Teymurlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından şikayətçidir:

“Mən, Teymurlu Fərid Mahir oğlu, bildirirəm ki, bu, sizə ikinci şikayətimdir. Ötən şikayətimdə bildirmişdim ki, “Azərişıq” və “Azərqaz” “abonent kodlarında uyğunsuzluq var” bəhanəsi ilə sosial yardım almaqla bağlı müraciətimə imtina cavabı vermişdilər…

Ailədə təkcə mən işləyirəm və 595 manat əmək haqqı alıram. Övladlarımız azyaşlı olduğu üçün yoldaşımdan işləməsi tələb olunmur.

14.04.2024-cü il tarixdə yenidən müraciət etdim, lakin yoxlama gəlib çıxmırdı. Məsələ ilə bağlı 01.07.2024-cü il tarixdə DSMF-nin Beyləqan rayon şöbəsinə yenidən şikayət etdim. Nəhayət, 03.07.2024- cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri ailəmizin məişət şəraitini yoxlamağa gəldilər. Yoxlama zamanı mən evdə olmamışam, işdə idim. Həm də, onsuz da təmsilçi həyat yoldaşımdır…

Yoxlama zamanı imtinaya səbəb olacaq heç bir problem görülməyib. Xeyli fikirləşəndən sonra yoldaşıma deyiblər ki, bir problem var, sizin kirayə müqaviləniz yoxdur. Bu səbəbdən də sizə imtina cavabı gələcək.

Bu vicdansızlar indi də bu yola əl atıblar. 4 aya yaxındır ki, sosial yardım ala bilmirəm. Ailədə 4 nəfərik - mən, həyat yoldaşım, 2 yaşlı oğlum və 1 yaşlı qızım. Vəziyyətimiz həqiqətən də çox çətindir. O qurumun adını sosial yardım deyil, “kasıblara işgəncə” verən qurum qoymaq lazımdır”.

Geri qayıt