Əsas Səhifə > Güney Press > Azərbaycana üstünlüklər qazandıran Astana sammiti

Azərbaycana üstünlüklər qazandıran Astana sammiti


4-07-2024, 14:41
Azərbaycana üstünlüklər qazandıran Astana sammiti
Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin iyulun 4-də keçirilən Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət
başçıları qatılıblar. 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd
şəhərində keçirilmiş Zirvə görüşündə olduğu kimi bu görüşdə də
Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Azərbaycanın belə mötəbər təşkilatın sammitinə ikinci dəfə dəvət
olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında
artan nüfuzunun və göstərilən yüksək etimadın ifadəsidir.
2001-ci ildə Şanxayda 6 ölkə - Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya,
Özbəkistan və Tacikistan tərəfindən təsis edilən təşkilatın 3 müşahidəçi
üzvü və 14 dialoq tərəfdaşı var. 14 dialoq tərəfdaşından biri də
Azərbaycandır. Astana sammitində ŞƏT-ə Belorus yeni üzv seçilib.
Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail
olmaq” mövzusuna həsr olunan Zirvə görüşünün gündəliyi çox zəngin olub.
Dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar
əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları
müzakirə ediblər. Müzakirələrin nəticəsi olaraq Astana Bəyannaməsi
imzalanıb. Bu Bəyannamə ŞƏT-in bu günə qədər olan fəaliyyətinə qiymət
verməklə yanaşı, gələcək üçün istiqamətləri də müəyyənləşdirib.
Üzv ölkələr arasında qarşılıqlı etimad, qonşuluq münasibətlərinin
gücləndirilməsi, bütün sahələr üzrə səmərəli əməkdaşlıq, sülh, təhlükəsizlik
naminə birgə səylərin göstərilməsi, beynəlxalq səviyyəli yeni siyasi və
iqtisadi platformanın yaradılması ŞƏT-in qarşısında duran vacib
məsələlərdəndir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-
cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən
memorandum imzalanıb. Memorandumda terrorizm, ekstremizm və
separatizm ilə mübarizə məsələləri öz əksini tapıb ki, bu da ölkəmizin
maraqlarına tam uyğundur. Azərbaycan lideri bu samitin verdiyi
imkanlardan istifadə edərək regionda yaranan yeni reallıqları diqqətə
çatdırıb.
Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti
Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq
Respublikasının Sədri Si Cinpin ilə görüşləri oldu. Bu görüşlər Azərbaycan
Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri arasında qarşılıqlı inam və
etimada əsaslanan yüksək səviyyəli münasibətlərin göstəricisidir.
Ölkəmizin ŞƏT-in təsisçiləri ilə münasibətləri yüksək səviyyədədir.
ŞƏT-in Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev
tərəfindən qəbul edilərkən Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına
əhəmiyyət verdiklərini dedi. Bu mötəbər təşkilatla əməkdaşlığını
gücləndirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir.
2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın dünyada ikinci ən böyük
təşkilat olan Qoşulmama Hərəkatına uzun müddət sədrlik edib və çox
uğurlu fəaliyyət ortaya qoyub. Bu mənada Azərbaycan Prezidenti sammitdə
iştirak etməklə ŞƏT-in fəaliyyətinə çox böyük töhfə vermiş olur. Bu, həm də
Azərbaycana bir sıra üstünlüklər qazandırır.
ŞƏT-də Azərbaycana münasibət yüksək səviyyədədir. Təşkilatın əsas
üzvləri ilə dostluq münasibətlərimiz, güclü ikitərəfli əlaqələrimiz təşkilatın
ölkəmizə münasibətində özünü açıq şəkildə büruzə verir. Təsadüfi deyil ki,
2011-ci ildə qurumun Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edildi və
qərargahın binasında onun büstü ucaldıldı. Qərargahda iki məşhur tarixi
şəxsiyyətin büstü var: Nizami Gəncəvi və Çin filosofu Konfutsinin.
Azərbaycanı ŞƏT üçün cəlbedici edən digər məqam dövlətimizin
başçısının təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələrdir.
Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib.
Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional
kommunikasiya layihələri ölkəmizə olan marağı artırıb.
Çin-Avropa-Çin marşrutunun önəmli hissəsini təşkil edən Azərbaycan
Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizin yaradılmasında
çox aktiv rol oynayır. Bu marşrutlar ölkələrimiz arasında əməkdaşlığın daha
da inkişafını zəruri edir. Təbii ki, bütün bunlar dünyada uzaqgörən lider kimi
böyük nüfuz qazanmış Prezident İlham Əliyevin düşünülmüş düzgün xarici
siyasətinin nəticəsidir. Dövlətimizin başçısının mötəbər tədbirlərə dəvət
edilməsi təkcə ölkəmizin Şərq ilə Qərb arasında tutduğu vacib coğrafi
mövqeyindən irəli gəlmir, həm də bilavasitə Prezident İlham Əliyevin
nüfuzu və siyasi uzaqgörənliyi ilə bağlıdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dia-az.İnfo

Geri qayıt