Əsas Səhifə > Güney Press > "Gələcəyimizin sağlam təməlli olması, qız övladlarımızın "erkən" nikahı yox, təhsil alması ilə bağlıdır"

"Gələcəyimizin sağlam təməlli olması, qız övladlarımızın "erkən" nikahı yox, təhsil alması ilə bağlıdır"


4-07-2024, 13:05
"Gələcəyimizin sağlam təməlli olması, qız övladlarımızın "erkən" nikahı yox, təhsil alması ilə bağlıdır"
Azərbaycanın müxtəlif bölgələrində qızlar erkən yaşlarında təhsildən uzaqlaşdırılır. Azyaşlı qızlar ya erkən nikaha məcbur edilir, ya da ev təsərrüfatında əməyi sözün əsl mənasında istismar edilir. “16 yaşlı qız evdən qaçdı”, “yeniyetmə qız itkin düşüb”, “yeniyetmə qız qaçırılıb” başlıqlı məlumatlarla tez-tez qarşılaşırıq. Bu hadisələrin kökündə nə durduğu araşdırılırmı?
“Bəzən təhsildən yayındırılan qızların özləri təhsilini davam etdirmək istəmirlər. Bu, reterdasiya hallardır. Tamamilə, başqa bir anlamdır. Dini inanclarına görə, ailə məişətinə görə və ya ailənin biraz ehtiyac içində yaşamasından irəli gələn səbəblərdən uşaqlar təhsildən yayına bilər. Amma bu da fərdin özünün seçimidir, öz iradəsidir və bəzən özünün məcburiyyətdən seçdiyi bir addımdır”.

Bu barədə Bizimyol.info xəbər portalına psixoloq Rafiq Allahverdiyev danışıb. Psixoloq qeyd edib ki, çox zaman təhsildən yayındırılan qızlar “Mən bura gedə bilərdim, mənim də rəfiqələrim ola bilərdi, mən də gözəl paltarlar geyinib dərsə gedə bilərdim, mənim də arzularım var idi, amma atan-anam qoymadı” və s. deyə düşünür.

“Bu qadağalar üstünlük təşkil edərsə, məcburiyyət “məcburam dərsə getmirəm” yox, “məni məcbur ediblər” forması aldığı zaman müxtəlif pozuntular ortaya çıxa bilər. Bunlardan ən çox müşahidə edilən nevroloji pozuntulardır”- deyən psixoloq hesab edir ki, təhsildən yayındırılma bütün qızların həyatında müəyyən dəyişikliklərə səbəb olur və onların cinsi münasibətə erkən başlaması ilə nəticələnir.

“Belə qızlar daha aqressiv olur və təhsildən yayındırıldıqları üçün valideynlərini günahkar hesab edirlər. Etiraf edək ki, gələcəyin təməli də qızların təhsil alması ilə bağlıdır. Təhsilsiz qız heç övladına yaxşı ana olmağı da bacarmır. Bu gün təhsildən ayrılıb erkən nikaha məcbur edilən qızların əksəriyyəti, müəyyən yaşdan sonra uşaqlarını buraxıb, “yeni həyat”a can atan qadınlara çevrilir. Təhsilli qadın isə, övladına tərbiyə verməklə yanaşı, cəmiyyət üçün də yararlı vətəndaş yetişdirir. Xüsusi bir nüansa da diqqət yetirək ki, təhsilli qadınlarla qurulan ailələrdə qızlar təhsildən uzaqlaşdırılmır”-deyə Rafiq Allahverdiyev qeyd edib.

Geri qayıt