Əsas Səhifə > Güney Press > “Küskün seçici”: Məsud və Səid onları seçkiyə gətirə biləcəkmi?

“Küskün seçici”: Məsud və Səid onları seçkiyə gətirə biləcəkmi?


4-07-2024, 12:34
“Küskün seçici”: Məsud və Səid onları seçkiyə gətirə biləcəkmi?
2024-cü il mayın 19-da baş verən helikopter qəzasında prezident İbrahim Rəisinin ölümündən sonra İran konstitusiyasına uyğun olaraq seçkilərin 40 gün sonra keçirilməsinə qərar verildi və İran xalqı iyunun 28-də seçkiyə getdi. 40 gün ərzində namizədlik ərizəsi prosesi, Konstitusiya Nəzarətçiləri Şurasının (KNŞ) nəzərdən keçirmə prosesi və nəhayət, namizədliyi təsdiqlənən şəxslərin təşviqatı baş tutub. Bu seçkidə KNŞ biri islahatçı və beşi mühafizəkar olmaqla altı namizədin ərizəsini təsdiqləyib.

Reyting.az xəbər verir ki, bu barədə “İRAM Center” yazıb

Təhlilin birinci hissəsi “Birinci turun qalibləri və uduzanları” adlanır:

İslahatçı namizəd Məsud Pezeşkian təvazökar həyatı ilə diqqət çəkən, keçmiş prezident Məhəmməd Xatəminin dövründə səhiyyə naziri, universitet rektoru və parlamentin sədr müavini vəzifələrində çalışmış təbrizli (məhabadlı – red.) siyasətçidir. Pezeşkian ilk turda ən çox səs toplayaraq ikinci tura vəsiqə qazanan ad oldu.

Mühafizəkar namizədlər arasında iddialı adlardan biri olan Məhəmməd Baqir Qalibaf Hərbi Hava Qüvvələri komandanı, Polis Qüvvələri komandanı və Tehran meri vəzifələrində çalışıb və hazırda parlamentin sədri vəzifəsini icra edir. Seçkidə qalib gələcəyi və ya ən azı ikinci tura keçəcəyi gözlənilən Qalibaf gözləniləndən xeyli aşağı səs toplayaraq seçkini 3-cü yerdə başa vurub.

Mühafizəkarların digər iddialı adı Səid Cəlili İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi və nüvə danışıqçısı vəzifələrində çalışıb. Hazırda Milli Təhlükəsizlik Ali Şurasının və Nizamın Faydalarının Müəyyənləşdirilməsi Şurasının üzvüdür. Səid Cəlili gözləniləndən çox səs toplayaraq ikinci tura keçməyə haqq qazanıb.

Mühafizəkar qanadın digər iki namizədi Qazızadə Haşemi və Əlirza Zəkani isə seçkiyə 2 gün qalmış Qalibaf və Cəlilinin təmsil olunduğu inqilab cəbhəsinə birlik çağırışı edərək seçkidən geri çəkiliblər.

Mühafizəkarlar qanadının digər namizədi Mustafa Purməhəmmədi seçki prosesi zamanı televiziya proqramlarında uğurlu çıxış etsə də, bu performans seçkinin nəticələrində əks olunmayıb.

Seçkilərdə nə baş verdi?

Son illərdə seçkilərdə iştirakda ciddi enişlər yaşayan İranda iştirakın vacibliyini hər kəs, xüsusilə də Ayətullah Əli Xamnəi ciddi şəkildə vurğulayıb. İctimai rəy sorğuları iyunun 28-də keçiriləcək seçkilərdə iştirak nisbətinin 52-60 faiz aralığında olduğunu göstərsə də, İran elitasını sevindirsə də, gözlənilən deyil.

61 milyon 452 min 321 seçicinin olduğu İranda iyunun 28-də keçirilən seçkilərdə ümumən 24 milyon 535 min 185 nəfər seçki məntəqələrinə gəlib. Təxminən 40 faizə uyğun gələn bu nisbət öz legitimliyini ictimaiyyətdən aldığını iddia edən bir sistem üçün çox aşağı göstəricidir.

Namizədlərin səs nisbətlərinə baxsaq, belə mənzərəni görərik: islahatçı namizəd Məsud Pezeşkian 10 milyon 473 min 991 səslə 42,5 faiz, radikal mühafizəkarların namizədi Səid Cəlili 9 milyon 473 min 298 səslə 38,6 faiz, Məhəmməd Baqir Qalibaf 383 min 340 səslə 13,8 faiz, nəhayət, 206 min 397 səslə Mustafa Purmuhammedi 8 faiz səs toplayıb.

Bundan əlavə, 1 milyon 56 min 159 səs etibarsız sayılıb.

Heç bir namizədin ümumi səslərin yüzdə 50-dən çoxunu ala bilmədiyi seçkidə ən çox səs toplayan 2 namizəd 5 iyul 2024-cü il Cümə günü keçiriləcək ikinci tur seçkilərinə qatılmaq hüququ qazandı.

İkinci turda kimlər yarışacaq və onların şansları necədir?

İkinci turda yarışmaq hüququ qazananlar 42,5 faiz səs toplayan islahatçı namizəd Məsud Pezeşkian və 38,6 faiz səslə ikinci yeri tutan radikal mühafizəkarların namizədi Səid Cəlilidir.

69 yaşlı Məsud Pezeşkian 5 dəfə Təbrizdən millət vəkili seçilib. O, 2024-cü ilin martında keçirilən parlament seçkilərində 95 min səslə Təbrizdən parlamentə birinci yerlə daxil olub. 2021-ci ildə prezidentliyə namizəd olub, lakin onun namizədliyi KNŞ-də rədd edilib.

Pezeşkian bu seçkidə KNŞ-də təsdiqlənən yeganə islahatçı namizəd olub. Keçmiş prezidentlər Məhəmməd Xatəmi, Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəstəyini alan Pezeşkian seçki kampaniyalarında ölkədə etnik və məzhəb ayrı-seçkiliyi, məcburi hicab və internetə çıxış kimi problemlərə önəm verib.

Prezident seçiləcəyi təqdirdə şəffaf olacağına, mənfəətpərəstliyə və qohumbazlığa qarşı mübarizə aparacağına söz verən Pezeşkian nüvə probleminin həlli və sanksiyaların aradan qaldırılması üçün başda ABŞ olmaqla Qərb ölkələri ilə danışıqlar yolunu seçəcəyini bəyan edib. Həsən Ruhani və Cavad Zərifin Pezeşkiana intensiv dəstəyi mühafizəkarların “3-cü Ruhani hökumətinə yox” deyərək əks təbliğata səbəb olub.

Partiyası ilə islahatçı olmayan Pezeşkian müzakirə proqramlarında konkret layihələrdən bəhs etməsə də, ümumiyyətlə, İnqilab Rəhbəri Əli Xamnəinin cızdığı çərçivəyə əsaslanaraq ölkəni idarə edəcəyini bəyan edib. O, iqtisadiyyat və sosial məsələlərlə bağlı sualları “ekspertlərdən soruşacağıq”,- deyərək cavablandırıb. Onun dini mətnlərə tez-tez müraciət etməsi də diqqət cəlb edib.

Kampaniya boyu keçmiş xarici işlər naziri Cavad Zərifin meydanlarda olması Pezeşkianın qalib gəlsə, xarici siyasəti Zərifə təhvil verəcəyi ilə bağlı şərhləri də özü ilə gətirdi. Üstəlik, onun Zəriflə birlikdə iştirak etdiyi müzakirə proqramında çıxışı da bu iddianı təsdiqlədi.

İyulun 5-də keçiriləcək ikinci tur seçkilərdə mühafizəkarlar qanadının namizədi Səid Cəlilinin profilinə nəzər saldıqda, xarici siyasətdə barışmaz və sərt mövqeyi ilə seçilən anti-Qərb profili görürük. O, inqilab prinsiplərinə sadiqdir.

1980-ci illərdən mühüm vəzifələrdə çalışan 59 yaşlı Cəlili İran-İraq müharibəsinin veteranıdır. Cəlili ilk dəfə prezidentliyə namizəd kimi qatıldığı 2013-cü il seçkilərində təxminən 11 faiz səs toplamışdı. O, 2021-ci il prezident seçkilərində İbrahim Rəisinin lehinə namizədliyini geri götürüb. Cəlilinin “nüvə sazişi”nə qarşı çıxması və Qərb ölkələri, xüsusilə ABŞ ilə danışıqlara uzaq münasibəti ilə tanınır.

İran siyasi spektrində mühafizəkarlar arasında radikal bazanı təmsil edən Cəlilinin ikinci tura keçmək şansının olmadığı düşünülürdü. Buna görə də mühafizəkar tərəfin önəmli adları və media qurumları ona son günə qədər təzyiq göstərərək, Qalibafın xeyrinə geri çəkilmələrini etsələr də, Cəlili bu təzyiqlərə boyun əyməyib, seçkidən geri çəkilməyib və gözləniləndən çox səs toplayıb. Yəni seçkilərin ikinci turunda iştirak etmək hüququ qazanıb.

Bu məqamda Səid Cəlili mühafizəkarların digər namizədi Qalibafa verilən 3 milyon 383 min 340 səsin hamısını və ya böyük əksəriyyətini qazanarsa, iyulun 5-də keçiriləcək seçkinin qalibi ola bilər. Qalibaf və digər mühafizəkar namizədlər ikinci turda Səid Cəlilini dəstəkləyəcəkləri barədə bəyanat versələr də, onların qarşılıq görmədən bütün səsləri “bağışlaması” mümkün görünmür.

Digər tərəfdən, 2021-ci ildə keçirilən seçkilərdə İbrahim Rəisi 19 milyona yaxın səslə prezident seçilib. Bu seçkidə 2 mühafizəkar namizədin aldığı ümumi səs 13 milyon civarında olub. Bu nisbət həm də onu göstərir ki, mühafizəkar qanadda seçkiyə getməyən böyük bir qrup var. Əgər Cəlili və mühafizəkar qanad seçkiyə getməyən bu kütləni özünə cəlb edə bilsə, onların qalib gəlmək şansları artacaq. Eynilə, Məsud Pezeşkian və islahatçı qanad narazı seçiciləri inandırmalı və onların səs verməsini təmin etməlidir.

Geri qayıt