Əsas Səhifə > Güney Press, Ana xəbərlər > ABŞ-Rusiya gərginliyində İrəvan faktoru...

ABŞ-Rusiya gərginliyində İrəvan faktoru...


4-07-2024, 09:41
ABŞ-Rusiya gərginliyində İrəvan faktoru...
“Ermənistan və ABŞ yeni atom elektrik stansiyasının tikintisi imkanlarını müzakirə edir. Proses əyani mərhələyə keçib”.

“Cebhe.info”-nun məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə belə açıqlama verib.

“Əgər söhbət yeni atom elektrik stansiyasının tikintisindən gedirsə, o halda proses əyani mərhələyə keçib. Biz ABŞ-la hüquqi əsasları müzakirə edirik, bunsuz biz irəli gedə bilmərik. Hazırda “top”un ABŞ-nin tərəfində olduğunu deyə bilərəm.

Biz gözləyirik ki, ABŞ-də daxili prosedurlar tamamlanacaq, bundan sonra biz işə başlayacağıq”, - deyə Qriqoryan bildirib.

Xatırladaq ki, 2017-ci ilin iyul ayında Qərb Ermənistana Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını təklif etmişdi. Bunun qarşılığında ABŞ Ermənistanda bərpa olunan enerjiyə 8 milyard dollar investisiya yatırmağa hazır olduğunu bildirmişdi.

Həmin vaxt ABŞ-nin Ermənistandakı səfiri işləmiş Riçard Milzin bu açılaması böyük rezonansa səbəb olmuşdu. Paralel olaraq, Avropa İttifaqı Ermənistanda bərpa olunan enerjiyə 150 milyon avro vəsait ayırmaq niyyətini bəyan etdi.

Əvəzində Qərb 2017-ci ilin noyabrında Ermənistan və Avropa İttifaqı arasında imzalanmış “Hərtərəfli və Genişləndirilmiş Əməkdaşlıq Sazişi” adlı sənəddə Metsamor AES-in bağlanması haqqında öhdəliyin daxil edilməsini istəyirdi.

Lakin Rusiyanın təzyiqləri nəticəsində, Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan bu təklifi qəbul etmədi. Digər maddələr üzrə razılaşmanın imzalanmasına baxmayaraq, AES-in fəaliyyətinin davam etdirlməsinə dair Rusiya ilə növbəti razılaşma əldə olundu.

Çünki Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası Rusiyanın Cənubi Qafqazda geostrateji maraqlarını təmin edən obyektlərdən biri hesab edilir. İndi Ermənistanda ABŞ-ın AES inşa edəcəyinə dair məlumat Paşinyan hökumətinin Rusiyanın nüvə obyektini bağlamaq niyyətindən xəbər verir.

Söhbət AES-in təmirindən deyil, yenisinin tikilməsindən gedir. Əslində, bu təşəbbüsün məhz ABŞ-dən gəldiyi şübhə doğurmur.

Görünür, Paşinyan Rusiyanın Ermənistanda və bütövlükdə regionda ən vacib dayaqlarından biri olan Metsamor AES-in fəaliyyətinin dayandırılmasına Kremlin həm siyasi, həm də enerji asılılığından xilas etmək vasitəsi kimi baxır.

Ona görə də Rusiya Ermənistanla ABŞ arasında əldə olunmuş bu razılaşmaya reaksiyasız qalmayacaq. ABŞ-nin AES tikmək planı Ermənistanla Rusiya arsında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirə bilər.

Geri qayıt