Əsas Səhifə > Güney Press > Kafedə tanışının başına bakalla vuran şəxsə bəraət verildi

Kafedə tanışının başına bakalla vuran şəxsə bəraət verildi


4-07-2024, 09:32
Kafedə tanışının başına bakalla vuran şəxsə bəraət verildi
Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Samir Camalovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest və şikayət təmin edilməyib.

İttihama görə, hadisə 28 yanvar 2020-ci il tarixdə, saat 23 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən “Meh” kafesində qeydə alınıb.

Belə ki, kafedə sərxoş vəziyyətdə olan Samir Camalov həmin obyektdə masada əyləşmiş digər müştəri, zərərçəkmiş Mahir Yaşarovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb onun 03 fevral 2019-cu il tarixdə Mahirin digər şəxslə arasında baş vermiş münaqişə ilə əlaqədar polisdə həqiqəti deməməsi ilə bağlı bildirdiyi irad olub. Əvvəlcə Samir onun ünvanına nalayiq ifadə işlədib, sonra pivə bakalının alt hissəsi ilə qəsdən Mahirin başının təpə nahiyəsinə bir dəfə zərbə endirərək zərərçəkmişə xəsarət yetirib.

Hadisədən sonra Samir Camalov cinayət məsuliyyətinə cəlb edilib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Geri qayıt