Əsas Səhifə > Güney Press > Cəlili, yoxsa Pezeşkian?

Cəlili, yoxsa Pezeşkian?


2-07-2024, 14:00
Cəlili, yoxsa Pezeşkian?
İrandakı prezident seçkilərində ikinci turun ilk debatından sonra bir daha əmin oldum ki, Məsud Pezeşkian idealist solçu, populist, demaqoq və hətta müəyyən mənada, separatçılığa meyilli adamdır.

Qənaətim çox sərt ola bilər, amma şəxsi rəyimdir.

İslami Şura Məclisində (parlament) çoxillik təcrübəsinə baxmayaraq, o, siyasətçi kimi içdən əsla böyüməyib

Həqiqət budur ki, Məhəmməd Xatəminin "islahat hökuməti"ndə tutduğu nazir vəzifəsi Pezeşkianın yeganə icraçı işi olub və bu məhdud təcrübə illər keçdikcə əriyib; indi prezident kürsüsünə sahib olduğu təqdirdə, Pezeşkiana yenidən təcrübə toplamaq lazım gələcək.

Yəni "sıfır"dan başlamalıdır!

Bəli, Məsud Pezeşkian əlitəmiz, özü və ailəsi görməmiş dəbdəbəsi ilə dilə-ağıza düşməyən nadir siyasətçidir; dediklərində yetərincə həqiqət payı var və bu acı həqiqət o qədər çılpaqdır ki, Pezeşkian kimi bələdçiyə belə ehtiyac duymur!

Amma bu müşkülləri o necə düzəldəcək, İranı necə sahmana salacaq?

Məsud Pezeşkian heç nə demir! Heç nə vəd etmir! Bircə çıxış yolu göstərmir!

Əlbəttə, deyə bilər ki, əsas prezidentin siyasi iradəsidir, onun mövcudluğudur!

Məsud Pezeşkian iqtidara gələcəyi təqdirdə istedadı və bacarığına görə idarəetmədə hər kəsin (hətta qeydinə qaldığı sünni kəsimin, bəzi etnik qrupların) layiqincə təmsil olunacağını söz verə bilər.

Amma qandığım budur ki, onun və arxasında "dağ kimi" dayanmış islahatçı kəsimin real yol xəritəsi yoxdur!

Onun rəqibi isə icraedici vəzifələri ilə öyünəcək şəxs yox, sırf xarici siyasət və təhlükəsizlik mütəxəssisidir.

Səid Cəlilinin prezidentliyi, ümumiyyətlə, beyinlərdə daha çox qadağa və məhdudiyyətlər təcəllisi yaradır. Hətta "Taliban" rejiminə bənzətmələr var (Cəlilinin özü də debatda seçkiyə qatılmayanlar barədə "Taliban"çı kəsim" ifadəsini işlətdi).

Bəli, Səid Cəlilidə iqtisadi inkişaf və sosial vəziyyətin yaxşılaşdırılmasına dair qalın qovluqlar var.

Amma "Əsre İran" nəşri bu prezidentliyə namizədə çox dəqiq səciyyə verib: Səid Cəlili "Belə olmalıdır",- deyir, amma "belə necə olmalıdır"ın cavabını verə bilmir.

Yaxud bu misalı nəzərdən keçirək:

İrana 8 faizlik iqtisadi artım vədi... Qeyri-real və əsla inandırıcı deyil; buna bişmiş toyuğun belə gülməli gəlir!

Ümumən dərd təkcə onda deyil ki, İranın dövlət büdcəsi neft satışı və neft qiymətlərindən asılıdır; ABŞ və Avropa İttifaqının sanksiyaları maliyyə sistemini iflic edib; ticarət dövriyyəsi konkret çevrə ilə əhatələnib və s.

Dərd ondadır ki, İran konstitusiyası solçu müddəalarını qoruyur, mühafizəkar cinahda "İslam iqtisadiyyatı" adlı qondarma nəzəriyyə var, İslam Respublikası kapitalizmlə ayaqlaşa bilmir...

Uzun sözün qısası, mən İranda olsam, səsverməyə getmərəm!

Əziz RZAZADƏ - Reyting.az

Geri qayıt