Əsas Səhifə > Güney Press > ABŞ-ın sülhü sürətləndirmək istəyinin arxasında

ABŞ-ın sülhü sürətləndirmək istəyinin arxasında


29-06-2024, 14:10
ABŞ-ın sülhü sürətləndirmək istəyinin arxasında
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O"Braynı qəbul edib. Amerikal; diplomat ABŞ-ın regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğulayıb.
Ceyms O"Brayn regiona səfərindən öncə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib ki, 1990-cı ildən bəri mövcud olan dəhşətli münaqişənin başa çatması üçün Ermənistan və Azərbaycan arasında sülh sazişinə ehtiyac var.

ABŞ rəsmisinin səfər gündəliyinin başlıca mövzuları Prezident İlham Əliyevlə keçirdiyi görüşdə ifadə edilib.
Son zamanlar ABŞ-ın tez bir zamanda sülh əldə olunmasına tələsməsi isə maraqla qarşılanır. Çünki ATƏT-in Mİnsk Qrupunun həmsədri olduğu dövrdə bu canfəşanlıq gözə çarpmayıb.
Bəs ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülhü sürətləndirmək istəyinin arxasında hansı planlar dayanır?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər.
Millət vəkili Arzu Nağıyev deyir ki, ABŞ və Qərb nüfuz qazanmaq üçün Cənubi Qafqazda öz siyasi və iqtisadi həmlələrini etməyə çalışır:
"Vaxtilə ABŞ sülh danışıqları prosesi üçün özünü platforma kimi təqdim etməyə çalışırdı. Lakin sonradan Azərbaycan və Ermənistan vasitəçisiz şəkildə prosesi davam etdirməyə cəhd göstərdilər. Məhz ABŞ-ın müvafiq tərəflərə və ümumilikdə regiona olan təşəbbüsləri bu ölkənin strateji maraqlarından qaynaqlanır".

Millət vəkili bildirib ki, O"Braynın səfərləri də bunu bir daha göstərir:
"Digər bir məqsəd Rusiya ilə bağlıdır, Şimal qonşumuzu regionda təsirsiz vəziyyətə gətirmək istəyirlər. Təbii ki, biz bu prosesdə ABŞ-ın iqtisadi maraqlarını gözardı edə bilmərik. Məhz verilən açıqlamalar da göstərir ki, Vaşinqton Ruisyanı həm sanksiyalar, həm də iqtisadi təşəbbüslərlə tam bloklamağa cəhd edir. Bu gün Cənubi Qafqaz regionun iqtisadi, siyasi önəmi hər kəsə bəllidir. ABŞ rəsmiləri də bu önəmə diqqət çəkərək regiondan tam gücüylə Rusiyaya qarşı istifadə etmək istəyirlər. Amma diqqət edilməli məqam Azərbaycanın tələbləridir. Rəsmi Bakının mövqeyi dəfələrlə bəyan edilib. Hazırkı şərtlər altında dayanıqlı sülhdən danışmaq olmaz. Paşinyandan sonrakı iqtidarların Cənubi Qafqaza yeni müharibələr gətirməməsi üçün konstitusiya dəyişlikləri labüddür. Bununla yanaşı Ermənistanın silahla doldurulması fonunda Qərbin sülhlə bağlı təşəbbüslərinə bel bağlamaq olmaz".

Politoloq Elşən Manafov deyir ki, ABŞ-ın yekun sülh müqaviləsinin imzalanmasındakı fəallığı bölgənin geosiyasi vəziyyətindən qaynaqlanır:
"ABŞ bölgədəki geosiyasi vəziyyəti dəyişmək istəyir. Bu məsələdə Ermənistandakı Paşinyan rejimi ötürücü kəmər rolunda çıxış edir. Çünki Paşinyanı hakimiyyətə ABŞ-ın maliyyə dəstəyi gətirib. Görünür, indi Cənubi Qafqazdakı qüvvələr nisbətini ABŞ və kollektiv Qərbin maraqları xeyrinə dəyişmək üçün həlledici məqamın yetişdiyini düşünürlər".

Politoloq hesab edir ki, Rusiyanın Ukrayndakı münaqişəyə cəlb olunması bu ölkənin Cənubi Qafqazda mövqelərinin zəifləməsnə gətirib çıxarıb:
"Belə qənaətə gəlmək olar ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasından istifadə edib Qərbin maraqlarına cavab verəcək dəyişikliklər etmək istəyirlər. ABŞ artıq Zəngəzur dəhlizinin yaxın zamanda istifadəyə verilməsinə müsbət mövqeyini ortaya qoyur. Amma bir amil var ki, ABŞ Rusiya sərhəd qoşunlarının dəhlizə nəzarət imkanlarının qarşısını almaqla buna isti yanaşacaq. Halbuki nəqliyyat və kommunikasiyaların bərpa edilməsi ilə bağlı razılığın ifadə olunduğu bəyannamənin moderatoru Rusiyadır. ABŞ Moskva razılaşmalarına əməl etməməyə çağırır. Bununla da Rusiyanın Cənubi Qafqazdan tam şəkildə sıxışdırılıb çıxarılması üçün həlledici addımı atmağa çalışır".

Elşən Manafovun sözlərinə görə, ABŞ Azərbaycan tərəfinin Ermənistana ünvanladığı haqlı təkliflərini diqqət yetirmək istəmir:
"Azərbaycan XİN rəhbəri Ceyhun Byaramov bu günlərdə o təkliflərin nədən ibarət olmasına aydınlıq gətirdi. Ermənistanın dövlət müstəqilliyi aktında Azərbaycana qarşı irəli sürülən ərazi iddiaları aradan qaldırılmalıdır. Ermənistan konstitusiyasında nə qədər ki, bu iddialar var, bu özlüyündə sülh perspektivlərini heçə endirə bilər. Çünki növbəti iqtidarlar məlum müddəalara istinad edərək Azərbaycanla sülh müqaviləsinin şərtlərini yerinə yetirməkdən boyun qaçıra bilərlər. Ermənistan parlamenti 1989-cu ildə keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi qərarından da imtina etməyib. Bu da Ermənistanın Qərbin dəstəyi ilə yenidən iddialar irəli sürməsi üçün imkanlar yaradır. ABŞ israrla Ermənistanın irəli sürdüyü təkliflər əsasında sülh müqaviləsinin imzalanmasına tələsdirmək istəyir".
Politoloq hesab edir ki, ABŞ Rusiya-Azərbaycan əlaqələrini sarsıtmaq, Azərbaycanda ABŞ-ın bölgə ilə bağlı maraqlarına cavab verəcək siyasi elitaya yaratmaq üçün addımlar atmaq istəyir:
"Biz bunu Gürcüstanda da görürük. Bölgədə ABŞ-ın istəklərini yerinə yetirən yeganə rejim Ermənistandadır. Azərbaycan isə çoxvektorlu xarici siyasət həyata keçirir. Azərbaycan Rusiya ilə münasibətlərini nəzərə alaraq, sabitliyin dayanqlığını əsas tutaraq ABŞ-ın təklifləri ilə razılaşmayacaq. Azərbaycan bloklara qoşulmayan ölkədir. Bu baxımdan ölkəmiz NATO və KTMT ilə əməkdaşlığı sürətləndirməyə tələsmir. Azərbaycan qlobal oyunçular arasında seçim etmir və Cənubi Qafqaz uğrunda gedən mübarizədə tutduğu mövqe ilə bölgədə sabitliyin təmin olunmasına çalışır. Azərbaycanın bu mövqeyi rəsmi Moskvanın mövqeyi ilə üst-üstə düşür".

Geri qayıt