Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Aİ rəhbərliyində dəyişiklik: İttifaqın siyasi xətti dəyişəcək

Aİ rəhbərliyində dəyişiklik: İttifaqın siyasi xətti dəyişəcək


28-06-2024, 16:16
Aİ rəhbərliyində dəyişiklik: İttifaqın siyasi xətti dəyişəcək
AB liderləri növbəti beş il üçün qurumun orqanlarında yüksək vəzifələrə təyinatları təsdiqləyiblər.
Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.
Onun sözlərinə görə, Ursula fon der Leyen Avropa Komissiyasının rəhbəri, Estoniya Baş naziri Kaya Kallas Jozep Borrelin yerinə Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Portuqaliyanın keçmiş baş naziri Antonio Koşta Avropa Şurasının rəhbəri (Şarl Mişelin yerinə) postuna təsdiq olunublar.

Təyinat Avropa Parlamentində səsə qoyulacaq.

Mövzu ilə bağlı “Sherg.az”a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Avropa İttifaqındakı bu dəyişikliklər sürpriz olmadı:
“Bu dəyişikliklər fərqli siyasət xəttini yürüdəcək kimi də nəticə verməyəcək. Çünki Avropa İttifaqında bir yaranma məqsədi var. Heç kim həmin sistemdən kənara çıxa bilməz. Yeni seçilən şəxslər bu istiqamətdə atılan addımları gücləndirəcəklər. Sadəcə olaraq yanaşma dəyişə bilər. İndiki situasiyada isə həmin yanaşmanın dəyişməsinin nə dərəcədə fərqli olacağı da sual altındadır. Çünki dünyanın qarşılaşdığı həll olunmalı geosiyasi məsələlər var. Bu mənada Ai-nin üzərində olan məsələlər bəllidir. Ona görə də bu məsələlərə yanaşma Aİ-nın məqsəd və prinsipləri çərçivəsində müəyyən sərhəddə malikdir. Sözügedən sərhəddi çox aşmaq olmaz. Məsələn, Ukrayna böhranına Aİ-nın yanaşması Rusiya təhlükəsinin Ukrayna sərhədlərindən keçməməlidir şəklindədir. Yeni gələn şəxslər Ukraynadakı problemin həllində və Avropa İttifaqının qoşulacaq dövlətlər çərçivəsində fərqli yanaşma sərgiləyə bilərlər. Bütün bunlar isə yenə ənənəvi Avropa siyasətini xatırladacaq”.
Ekspert qeyd edib ki, yeni rəhbərlər daha çox Avropa İttifaqını genişləndirməklə məşğul olacaqlar:
“Genişləndirmə məsələləri isə Şərq istiqamətində baş tutacaq. Çünki Şərqdən Aİ üçün hansısa təhlükə gələrsə, həmin təhlükəni müəyyən qarşılıq verməklə neytrallaşdıra bilsinlər. Eyni zamanda, Gürcüstanın üzvlük məsələsində yeni rəhbərlər Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni razı salmağa və öz tərəflərinə çəkməyə cəhd göstərəcəklər. Türkiyə məsələsi Avropa Birliyi üçün həmişə ikibaşlı mövzu olaraq qalıb. Fikrimcə, yeni rəhbərlər Türkiyə mövzusuna daha isti yanaşa bilərlər. Digər tərəfdən isə ittifaqdaxili narazılıqlar əsas prioritet məsələlərdən olacaq. Sözügedən yanaşmaların özünü doğrutmasını isə zaman göstərəcək”.

Geri qayıt