Əsas Səhifə > Güney Press > “İstisna deyil ki, demokratlar Barak Obamanın özünün də namizədliyini verə bilərlər...”

“İstisna deyil ki, demokratlar Barak Obamanın özünün də namizədliyini verə bilərlər...”


28-06-2024, 16:15
“İstisna deyil ki, demokratlar Barak Obamanın özünün də namizədliyini verə bilərlər...”
“Prezidentliyə ehtimal olunan gələcək namizədlərin debatındakı çıxışlarını diqqətlə dinlədim. Şübhəsiz ki, mənim dəyərləndirməm yetərincə subyektiv ola bilər. Lakin diqqətçəkən ilk məqam ondan ibarətdir ki, bu gün ABŞ kimi nəhəng bir dövlətin prezidentliyi uğrunda mübarizə aparan namizədlərdən birinin, yəni hazırkı prezident Co Baydenin səhhətində ciddi problemlər var, digərinin – Donald Trampın isə bütün fəaliyyəti yalnız ucuz populizmdən ibarətdir. Baydenin səhhətində həqiqətən ciddi problemlər var, fiziki durumu arzuolunan səviyyədə deyil. Tramp isə yenə də ənənəvi yalanlarını danışmaqda, faktları təhrif etməkdə, obyektiv məlumatlarla manipulyasiya aparmaqda davam edir. Bu, onun üslubudur, qaydasıdır və o dəyişməyəcəkdir”.

Bu fikirləri Moderator.az-a açıqlamasında ABŞ-ın hazırkı prezidenti Co Bayden və prezidentliyə mümkün namizəd Donald Tramp arasındakı son debatı şərh edərkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib.

Ekspert hesab edir ki, indiki halda kimin üstünlük əldə etdiyini və edəcəyini söyləmək çox çətindir.

“Hərçənd ilkin müşahidələr, - mən debatın ardınca məlumatları, verilişləri də izlədim,- demokrat düşərgədə bir məyusluq olduğunu göstərir. Söhbət heç də seçici düşərgəsindən yox, ilk növbədə Demokratlar partiyasının rəhbərliyində olanlardan, seçki strateqlərindən gedir. Onlar açıq-aşkar etiraf edirlər ki, Baydenin indiki fiziki durumuyla seçkilərə getmək məğlubiyyət demək olardı. Mən də belə düşünürəm. Və Trampın da populizmi işləyir. Bunun 2016-cı ildə də şahidi olmuşuq. Mən həmin dövrdə ABŞ-da yaşayırdım və seçkiqabağı kampaniyanı izləyirdim. Nəticəsi də elə mənim üçün də gözlənilməz oldu. Düşünürəm ki, o vaxt Trampın özü üçün də bu, gözlənilməz idi. Hər halda həmin o test, 2016-cı ilin seçki testi göstərdi ki, ABŞ seçiciləri də çox asanlıqla populistlərin qurbanı ola bilirlər. Yəni Trampın timsalında bu təsdiqləndi. Təbii ki, Trampın danışdıqlarının çoxu yalandır. Bunu hətta Amerika mediasında olduqca neytral mövqedə olan mənbələr, platformalar da etiraf edirlər ki. Tramp yenə yalan danışır. Amma, təəssüf ki, o yalan işləyir. Və işləyirsə, Tramp niyə bunu danışmamalıdır? O hər şey haqda yalan danışır; Baydenin xarici siyasəti haqqında, 2021-ci ilin yanvarında Konqresə olan hücum barədə, ABŞ-ın Ukraynaya dəstəyi haqqında. Və bütün bu yalanlarla özünü bir özgüvənli siyasətçi kimi təqdim etməyə çalışır. Guya o, Putinlə danışıb Ukrayna problemini 24 saata həll edə bilər, müharibəni dayandıra bilər. Təbii ki, bunlar da hamısı yalandır. Və yəqin, Tramp özü də bunu yaxşı bilir. Onun o dərəcədə primitiv ağıla malik olduğunu düşünmürəm. Sözsüz ki, böyük intellektual olduğunu da fikirləşmirəm. Yəni vəziyyət ABŞ dövlətinin maraqları nöqteyi-nəzərindən bir qədər paradoksaldır. Və burada yalnız ABŞ-ın maraqlarından söhbət getmir, bu, eyni zamanda həmin dövlətin dünya siyasətinə təsirinin nəticələri deməkdir. Bu dövlətin təsiri isə yetərincədir”, -deyə davamında siyasi təhlilçi bildirib.

“Bu iki şəxsdən hansı ABŞ prezidenti seçiləcəkdir? Görünən ilkin reaksiyalardan gəldiyimiz nəticələr budur ki, artıq demokratlar başqa namizəd axtarmaq barədə düşünməli olacaqlar. Bu namizədin kim olacağını isə söyləmək bir qədər çətindir. Amerika siyasətində belə bir yazılmamış qayda, ənənə mövcud olub: seçkiləri uduzmuş namizəd heç vaxt ikinci dəfə mübarizəyə qatılmır. Çox nadir hallarda olubdur ki, kimlərsə əvvəl uduzduğu halda növbəti dəfə seçkilərə qatılıb. Lakin biz gördüyümüz kimi, Tramp bu qaydaları pozdu. Və indi demokratların əlində imkan var ki, seçkiqabağı Demokratik Milli Konqresdə, yəni Demokratlar partiyasının qurultayında Baydeni inandırıb namizədlikdən çəkindirsinlər və başqa bir namizəd irəli sürsünlər. Başqa namizədlərlə bağlı isə müxtəlif təkliflər səslənir. Daha çox adı hallanan eks-prezident Barak Obamanın həyat yoldaşı Mişel Obamadır. Bəziləri bu kontekstdə Hillari Klintonun da adını hallandırır. Bilmirəm, bunu da öncədən söyləmək çətindir. Ancaq mən istisna etmirəm ki, demokratlar yeni namizəd irəli sürmək qərarına gəlsələr, hətta Barak Obamanın özünün də namizədliyini verə bilərlər. Bu, Konstitusiyaya, qaydalara zidd deyil, bu, deyək ki, anlaşılmış şifahi bir qaydaya zidd ola bilər, həmin qaydanı da məğlub namizəd kimi seçkilərə qatılmaqla Tramp özü pozdu. Belə olduğu halda biz hər cür sürpriz gözləyə bilərik”,- deyə ekspert diqqətə çatdırıb.

Geri qayıt