Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Ermənistanın baş diplomatı "arvad ağzı" ilə danışırsa...

Ermənistanın baş diplomatı "arvad ağzı" ilə danışırsa...


28-06-2024, 08:18
Ermənistanın baş diplomatı "arvad ağzı" ilə danışırsa...
Armen Qriqoryan Qarabağla bağlı ziddiyyətli, qarışıq, İrəvanın hazırkı siyasətinə əks çıxan və görünür, mahiyyətcə Ermənistanın əsl niyyətini ortaya qoyan bir açıqlama verib.

Bu barədə Qriqoryan bu gün erməni mediasına deyib: “Rusiya gəldi, Dağlıq Qarabağı əlimizdən aldı, Azərbaycana qaytardı, sonra da geri qayıtdı, bütün reallıq budur. Mən hesab edirəm ki, Rusiya Dağlıq Qarabağı alıb”.

O əlavə edib ki, Rusiyanın razılığı olmadan müharibə ola bilməzdi:

“Ermənistan tamamilə Rusiyadan asılı olanda bizdə müharibə yox idi? Bizdə müharibə var idi. Gəlin dəqiqləşdirək: indiyə qədər biz bu mövcud vəziyyətə görə müharibə şəraitində olmuşuq. Biz bu dəyişikliklərlə sabitliyə nail olmağa çalışdıq və əminik ki, bu dəyişikliklər sabitlik gətirəcək”.

Qriqoryan “Rusiya gəlməsəydi, ümumiyyətlə, ermənilər Qarabağa iddia edib, onu işğal edə bilərdilərmi” sualına cavab verməyib; Qriqoryan Rusiya olmasaydı, ermənilərin Qarabağa və İrəvan xanlığı ərazisinə yerləşməsinin də mümkünsüzlüyünə toxunmayıb; Qriqoryan Rusiya gəlməsəydi, Cənubi Qafqazda heç vaxt “Ermənistan” adlı bir dövlətin olmayacağını da deməyib!

Qriqoryan yalnız “Qarabağın əllərindən alındığından” bəhs edir və bu açıqlaması ilə Qarabağı Azərbaycan ərazisi olaraq tanıyan Nikol Paşinyana da, beynəlxalq qanunlara da tüpürür.

Mövzu ilə bağlı “Sherg.az”a danışan "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli bildirib ki, Armen Qriqoryanın açıqlaması əsasən iki məqsəd daşıyır:
"Birincisi Ermənistan ordusunun məğlubiyyətinin üzərini ört-basdır etmək üçündür. Guya Rusiya Ermənistanı məğlub edib. Halbuki Armen Qriqoryan belə çıxışlar etməklə Ermənistanın necə qeyri-ciddi dövlət olduğunu bir daha göstərir. Çünki dövlət rəsmisi iddialarla deyil, faktlarla çıxış edə bilər. Faktlar da ondan ibarətdir ki, Ermənistan ordusu böyük fərarilərdən təşkil olunub. Bunu baş nazir Nikol Paşinyan da rəsmən dilə gətirib və 44 günlüj savaş dövründə Ermənistan ordusunda döyüş mövqeylərini tərk edən hərbiçilərin sayı 12000-ə yaxın olub. Yəni 12000 fərarisi olan bir ordu hansısa müharibədə qalib gələ bilməz. Bu faktın özü Armen Qriqoryanın dediklərinin məntiqsiz və absurd olduğunu göstərir”.

Ekspert qeyd edib ki, sözügedən çıxışda ikinci məqsəd Rusiya və Ermənistan arasında münasibətlərin gərginləşdirilməsinə cəhd göstərməkdir:
“Qeyri-rəsmi məlumatlara görə Rusiya və Ermənistan arasında gizli təmaslar mövcud idi. Həmin gizli təmaslarla Paşinyan hakimiyyəti gələcəkdə Rusiyaya doğru üz çevirmək üçün indidən imkanların yaradılmasına çalışırdı. Amerika Birləşmiş Ştatlarının kəşfiyyatı isə bununla bağlı məlumat aldı. Son dövrlər də ABŞ-nin emissarları ardıcıl olaraq Ermənistana səfər edirlər. Bunların sırasında Mərkəzi Kəşfiyyat İdarəsinin təmsilçiləri və ABŞ Dövlət Departamentindən yüksək rütbəli rəsmilər də var. Onların İrəvana gəlib-getməsindən sonra emissarlar Paşinyan hakimiyyətinin mövqeyində müəyyən dəyişikliklər etməyə nail oldular. Böyük ehtimalla Amerika kəşfiyyatı Armen Qriqoryanın bu açıqlamanı verməsini istəyib. Çünki həmin açıqlama Ermənistan hakimiyyəti ilə Rusiya siyasi dairələri arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq çıxışdır. Mərkəzi Kəşfiyyat İdarəsi Qriqoryanın vasitəsilə Ermənistanın Rusiya ilə səhnəarxası təmaslarının bloklanmasına ehtiyac duyub. Ermənistanda hər kəs dəqiqliklə bilir ki, Armen Qriqoryan ABŞ-nin Mərkəzi Kəşfiyyat idarəsinin Ermənistandakı əsas agentidir. Armen Qriqoryan hər an Ermənistanda Nikol Paşinyanın yerinə hakimiyyətə gətirilə bilər. Ona görə də Paşinyan hakimiyyəti istəsə belə, ABŞ və Qərbin təlimatlarından kənara çıxa bilməz. Armen Qriqoryanın son açıqlamaları Azərbaycan-Ermənistan və Rusiya-Ermənistan arasındakı münasibərləri korlamağa hesablanıb".

Geri qayıt