Əsas Səhifə > Güney Press > "Həccdəki ölənləri Allahın adına yazmaq ona böhtan atmaqdır"

"Həccdəki ölənləri Allahın adına yazmaq ona böhtan atmaqdır"


25-06-2024, 15:29
"Həccdəki ölənləri Allahın adına yazmaq ona böhtan atmaqdır"
Bu il Həcc ziyarəti zamanı vəfat edən zəvvarların sayı 1100 nəfəri keçib. Açıqlanan məlumatlarda vəfat edənlərin anomal hava səbəbindən həyatını itirdiyi bildirilir.

Son məlumatlara görə, Səudiyyə Ərəbistanında havanın temperaturu 52 dərəcəyə qədər yüksəlib.

Həccə gedən şəxslərdən bəziləri sosial şəbəkələrdə qeyd edir ki, müqəddəs yerlərin ziyarəti zamanı yaranan sıxlıq da buna əsas səbəblərdən biridir.

Bəs görəsən, İslam dininin 5 vacib ibadətindən sayılan Həcc ziyarəti zamanı bu faciəyə görə Səudiyyə Ərəbistanı hansı məsuliyyəti daşıyır?

İsti havalarda zəvvarların ibadətini asanlaşdırmaq üçün hansı alternativ şərait yaratmaq mümkün ola bilərdi? Bəzi məkanları dəhşətli istilərin müşayiəti ilə ziyarət etmək nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan araşdırmaçı ilahiyyatçı Tural İrfan deyir ki, İslam dinində Həcc vacib əməllərdən biri olsa da, ancaq onun şərtləri var ki, o şərtlər tam mükəmməl olmalıdır: “Ümumiyyətlə, ibadətlər, hökümlər İslam şəriətində zaman, şərait və dövrə uyğun tənzimlənməlidir. Təəssüf ki, bizim aləmdə bu mövzular unudulub. Reallıq budur ki, təhrifçilər, xurafatçılar İslamın elmi tərəfdən yox, ancaq öz nəfslərinə, öz maraqlarına sərf edən istiqamətdə təqdim ediblər. Halbuki belə deyil. Bütün hökümlər, halal-haramlar da bura daxildir. İslamda çıxış yolları çoxdur. İbadətlərin asan qaydada icrası var. Bu barədə Qurani-Kərimdə ayələrə də rast gəlmək olar. Məsələn deyək ki, ayaq üstdə namaz qıla bilməyən kəs oturaq halda bu hökmü icra edə bilər. Yaxud cümə namazı vacib bir toplanış ibadətidir. Şərtlər kamil olmayanda o namazı da icra eləmək doğru deyil. Yəni o artıq vacib hökmündən düşür. Həcc də bu qaydadır. Həccin şərtləri şəraiti mükəmməl olmasa, doğru deyil. Tarixə nəzər etsək görərik ki, Xilafət dövründə 8 il müsəlmanlar ümumiyyətlə Həcc ziyarətinə gedə bilməyib. Xilafət arasındakı ixtilaflarda, Abdullah ibn Zubeyrin Məkkədə özünü xəlifə elan etməsindən sonra o dövrdə əsas Xilafət Dəməşq şəhərində idi. Müsəlmanlar həmin müddətdə Həcc əməlini icra edə bilmirdilər. Yəni, bu demək deyil ki, insanlar onda günah qazanıb. Məcburiyyət, zərurət var”.

İlahiyyatçı Tural İrfanın fikrincə, bu məsələdə məsuliyyət birbaşa Səudiyyə hökumətinin üzərindədir. O, qeyd edir ki, hökümət bu barədə əvvəlcədən məlumat verməli idi: “Səudiyyə hökumətinin Həcc nazirliyi var və adiyyətı qurumları var. Bu qurumlar birbaşa olaraq məsuliyyət daşıyırlar. Çünki varlı bir dövlətdir və insanların təmin edilməsi üçün hər cür imkanı, şəraiti var. Təəssüf ki, xurafatları ilə dolu olan Səudiyyə Ərəbistanında hava haqqında proqnozdaşdırma verməyə icazə yoxdur. Bu gün dünyada inkişaf gedir. Hansı dövr, hansı zamandır ki, köhnə üsullardan istifadə edilsin. Əvvəlcədən bu barədə məlumat verilməli idi. Bütün bunları nəzərə alaraq həmin şəraitdə hökm təxirə salınmalı idi. İbadətlərin əziyyətli hissələri təxirə salınıb əvəz edilməli idi. Qeyd etdiyim kimi dinimiz də buna icazə verir. Əgər bu da mümkün deyildisə, ümumiyyətlə o ibadət təxirə salınmalı idi. Təəssüf ki, Səudiyyə rejiminin “ülamaları” radikal fikirlərə və fərqli əqidələrə sahibdirlər. Ənənəvi İslamdan fərqli düşüncədədirlər. Bunun üçün də bu cür qaydalara riayət etmirlər. Ölkənin adiyyatı qurumları nəzarət etməli idi. O ölkələr ki, müsəlmanlar Həccə gedir həmin ölkələrin aidiyyatı qurumları, yola salan idarələr, onlara izn verən qurumlar da bu barədə bilgili olmalı idi. Burada yaş həddi var və müəyyən insanlar var ki, səhhətində bəzi problemlər var. Bunların hər biri əvvəlcədən yoxlanılır, sağlamlıq kağızı alınır. Bütün bunlara əsasən hər bir incə məqamlar nəzərə alınmalı idi. Əziz Peyğəmbərimiz Həzrəti Muhamməd (s) da buyurub: “Həcc kiçik qiyamətdir” Yəni insan sanki Qiyamətə gedir. Ölə də bilər, sağlam qayıda da bilər. Bura hər adamı göndərib, ölümə məhkum etmək olmaz”.

Tural İrfan, həmçinin qeyd edir ki, Həcc ziyarətində minlərlərə insanın həyatını itirməsində xarici qüvvələrin də rolu mümkündür. O, vurğulayır ki, müsəlmanlar əleyhinə mənfi fikirdə və ideologiyada olan qurumlar var ki, müxtəlif yollar ilə müsəlmanları sayını azaltmaq istəyir.“Hər zaman olduğu kimi xarici qüvvələrin niyyəti İslam dinini gözdən salmaq olub. Heç şübhəm yoxdur ki, bu ibadətin hörmətdən salınmasında onların rolu olmasın. Bu gün Həcc ziyarətində baş vermiş bu hadisələr insanlar tərəfindən qınağa çevrilib. Hər bir halda bunların qarşısı alınmalıdır. Qərbin dırnağarası Avropa dəyərləri adı altında təbliğ olunan insan azadlığı, demokratiya, bu dəyərlərin altında yatan müsəlman qanunu ucuzlaşdırmaqdır, müsəlmanları hədər etməkdir. Bu gün dünyada bir avropalı öldürülsə, bu böyük bir qlobal problemə çevrilir. Amma hər gün yüzlərlə müsəlman ölür hər kəs susur. Onların qanı sanki hədər gedirmiş kimi məsələyə adi yanaşılır. Təəssüf ki, müsəlman ölkələrinin bir çoxu da Qərbin məkirli niyyətlərinə alət olurlar”.

Həccin turizm səfərinə çevirildiyinə toxunan ilahiyyatçı deyir ki, ölkəmizdə Həcc ziyarətini təşkil edənlər çox diqqətli olmalıdır. “Hər kəs öz vətəndaşının qədrini bilməlidir. Əgər bu gün Səudiyyə Ərəbistanı bu məsələlərdə məsuliyyətsizlik edirsə bu o demək deyil ki, biz də belə etməliyik. Bu baxımdan mən hesab edirəm ki, indən belə bizim ziyarətə gedən insanlarımız öz təhlükəsizliyi baxımından müqavilə bağlamalıdır. Müqavilədə onların harda qalacaqları, necə qorunacaqları, hansı şəraitlə təmin olunacaqları və s. bildirilməlidir. Əks halda təhlükələr daha da arta bilər. Həccə hər kəsi də göndərmək olmaz. Xəstəsi, qocası var. Bu məsələlərdə ciddi istilahatlara ehtiyac var”.

Sonda ilahiyyatçı deyir ki, bəzi xurafatçılar da var ki, bunu Allah, tale ilə əlaqələndirir. O, qeyd edir ki, müqəddəs bir gündə, minlərlə insan bu müqəddəs torpaqlarda dünyasını dəyişməsini Allah da bəyənməz: “Bunu Allahın üstünə atmaq, Allahı iftiralamaq deməkdir. Belə bir şey yoxdur. Birbaşa cinayət məsuliyyətidir, təhlükəsizlik tədbirləri görülməyib. Qaranlıq məqamlar çoxdur. Ona görə də bu məsələlər dərin şəkildə araşdırılmalıdır”.

Geri qayıt