Əsas Səhifə > Güney Press > "Klassiklərimizin əksəriyyəti qohumla evlənib"

"Klassiklərimizin əksəriyyəti qohumla evlənib"


24-06-2024, 16:59
"Klassiklərimizin əksəriyyəti qohumla evlənib"
Sosioloq Əhməd Qəşəmoğlu saytımıza açıqlamasında İslam dinində qohum evliliklərinə qadağa olmadığını deyib. O, daim bu barədə düşündüyünü və buna təəccüb etdiyini deyib:
"Çünki İslam dinində bədənə, sağlamlığa ziyan verən hər şey haram buyurulur. Amma qohum evliliyi haqqında əksinə danışırlar. Qohum evliliklərinə görə xristian aləmi bizə gülür".

İlahiyyatçı Tural İrfan Bakupost.az -a açıqlamasında sosioloqun fikirlərinə münasibət bildirib.
O, Ə.Qəşəmoğlunun fikirləri ilə razılaşmadığını deyib:
“Mən hörmətli sosioloqumuzun qohum evliliklərinə görə xristianların bizə güldüyü haqda fikriylə razı deyiləm. Hansısa qərarı kiminsə bizə gülməsinə və ağlamasına görə qəbul etməməliyik. Çünki hər xalqın öz mentaliteti, tarixi ənənələri var. O düzgün fikir deyil ki, Qərb tələb edir və biz bunu etməliyik. Qərb həm də eynicinslərin evlənməsini, demokratiya adı altında özbaşınalığı, anarxiyanı təbliğ edir ki, müsəlman ölkələrində öz maraqlarını həyata keçirsin”.
İlahiyyatçının sözlərinə görə, qohum evliliklərinə qadağayla bağlı qanun qəbul edilməmişdən öncə bu, ictimai müzakirəyə çıxarılmalı və cəmiyyətin fikri öyrənilməli idi:
“Əgər bu fəsad verirsə, ziyanı varsa, əlbəttə, bunun dini çıxış yolu var. Din də deyir ki, hökm, qanun dində bu cürdürsə, amma zaman baxımından insanlara problem yaradırsa, həmin hökm ya birdəfəlik, ya da müəyyən müddətə qədər təxirə salına bilər. Klassiklərimizin əksəriyyəti qohumla evlənib və gəlib dahi şəxsiyyət olublar. Düşünürəm ki, qohum evliliklərinin qadağan edilməsi nəticəsində qeyri-rəsmi nikahların sayı çoxalacaq və bu da sonra başqa sosial problemlərə səbəb olacaq”.

Geri qayıt