Əsas Səhifə > Güney Press, Ana xəbərlər > FHN “Qurtuluş 93”də qanunsuz tikilən obyekti nəzarətə götürdü

FHN “Qurtuluş 93”də qanunsuz tikilən obyekti nəzarətə götürdü


24-06-2024, 14:28
FHN “Qurtuluş 93”də qanunsuz tikilən obyekti nəzarətə götürdü
Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsilməsi və yerində inşaat işinin aparılması barədə xəbər vermişdik. May ayının 27-də Yeniavaz.com-da dərc olunan xəbərdə Abşeron Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı açıqlamasında qeyd olunurdu ki, sözügedən əraziyə baxış keçirilib və qeyri-qanuni tikintinin dayandırılması, həmçinin sökülməsi ilə bağlı müvafiq addım atılıb. “Söküntü işləri gedir”, - deyə həmin tarixdə İcra Hakimiyyətindən saytımıza verilən açıqlamada qeyd olunurdu.
İyunun 20-də sakinlər yenidən Yeniavaz.com-a müraciət edərək, obyektin nəinki söküldüyünü, hətta inşaat prosesinin sürətləndiyini bildirmişdilər.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə etdiyimiz təkrar müraciətə qurumun mətbuat katibi Seymur Qasımbəyli belə cavab vermişdi:
“Sözügedən əraziyə iyunun 19-u səhər saatlarında baxış keçirilib və qeyri-qanuni tikinti dayandırılıb. Məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara məlumat verilib”.

FHN “Qurtuluş 93”də qanunsuz tikilən obyekti nəzarətə götürdü

S. Qasımbəyli qeyri-qanuni tikintinin sökülməsi işinin İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğunu bildirmişdi.
Lakin bir gün sonra, iyunun 21-də sakinlər üçüncü dəfə redaksiyamıza müraciət edərək vəziyyətin eyni qaldığını, inşaat prosesinin davam etdiyini bildiriblər.
Onlar prosesi əks etdirən kadrları da Yeniavaz.com-a təqdim ediblər:
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Qurumdan Yeniavaz.com-a bildirildi ki, qeyd olunan qanunsuz tikinti ilə bağlı artıq bir dəfə zəruri tədbirlər görülüb və qarşısı alınıb:
“Bayram günlərindən istifadə edilərək, əsasən gecə saatlarında tikinti işlərinin aparılması bərpa edilmişdir. Obyekt tərəfimizdən nəzarətə götürülmüş və onunla bağlı qaydalarla nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcəkdir”.
Xatırladaq ki, daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də Yeniavaz.com-a açıqlama verilmiş və sözügedən ərazidə bu ilin aprel ayında ağac kəsilməsi ilə bağlı araşdırma aparıldığı bildirilmişdi:
“Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - Nazirliyin məlumatında qeyd olunur.

Geri qayıt