Əsas Səhifə > Güney Press > "Rusiyadakı son teraktlar daha çox “FSB” daxilindəki mövqe mübarizəsinin nəticəsidir..."

"Rusiyadakı son teraktlar daha çox “FSB” daxilindəki mövqe mübarizəsinin nəticəsidir..."


24-06-2024, 14:17
"Rusiyadakı son teraktlar daha çox “FSB” daxilindəki mövqe mübarizəsinin nəticəsidir..."
“Dünən Dağıstanda baş vermiş terror aktı ilə yanaşı, belə bir məlumat da sızdı ki, guya Rusiya-“Abxaziya” sərhədində də posta silahlı hücu olub. Əlbəttə, əslində söhbət Rusiya-Gürcüstan sərhədindən gedir. Çünki Rusiya mənbələrində “Abxaziya” Moskva tərəfindən tanınmış “müstəqil dövlət” kimi göstərilir. Təbii ki, əsas diqqət çəkən Dağıstanın iki əsas şəhərində: Mahaçqala və Dərbənddə baş vermiş terror aktlarıdır. Rusiya rəsmi mənbələrində göstərilir ki, həmin hücumları həyata keçirənlər sələfilərə aid silahlı terrorçu dəstələrdir. Bəs bu son terror aktları nədən xəbər verir? Həmin teraktlarla bağlı bir neçə versiya ola bilər. Birinci versiya ondan ibarət ola bilər ki, bunlar sadəcə terrorçular tərəfindən həyata keçirilmiş terror aktlarıdır. Son 3 ayda Rusiyada müxtəlif reaksiyalar doğuran 3 terakt baş verib. Bu, üçüncü idi. Birinci terakt Moskvada “Krokus Siti”dəki məlum terakt idi, ikincisi Rostov vilayətində həbsxanada terror aktı kimi dəyərləndirilmiş qaçış cəhdi oldu”.

Bunu Moderator.az-a açıqlamasında dünən – iyunun 23-də Dağıstanda baş vermiş son terror aktlarına şərh verən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.

“Diqqətçəkən məqamlardan biri də odur ki, terror aktivliyinin bu qədər yüksəlməsi Rusiyada hakimiyyətdaxili yerdəyişmələrlə paralel gedir. Deməli, Putin öz prezidentlik müddətini uzatdıqdan sonra uzun illər güc strukturlarında kök atmış kadrlardan, tərəfdaşlarından məsafələşməyə başlayıb. O cümlədən Rusiya Müdafiə Nazirliyində aparılan əməliyyatlar, ilk növbədə Sergey Şoyqunun nazir vəzifəsindən kənarlaşdırılaraq simvolik bir posta gətirilməsi, onun bir neçə müavininin həbsə atılması, digər tərəfdən, Şoyqünun gətirildiyi postu tutmuş təhlükəsizlik şurasının keçmiş katibinin formal, daha formal prezidentin köməkçisi vəzifəsinə keçirilməsi... Və son günlər Rusiya mediasında və telegram-kanallarında belə bir məlumat səsləndirildi ki, “FSB”-də, yəni Federal Təhlükəsizlik Xidmətində əsaslı dəyişikliklər olacaq. Bildiyimiz kimi, bu gün Rusiyanı idarə edən komanda Putinin özü başda olmaqla “KQB”-“FSB” mənşəli komandadır”, - davamında bunları dilə gətirən analitik hesab edir ki, şimal qonşumuzun ərazisindəki son teraktlar daha çox“FSB” daxilində gedən qarşıdurmalarla əlaqədardır.

“Heç kəsdən də sirr deyil ki, Rusiyanın idarə olunmasında və ümumiiyyətlə, ölkədəki daxili vəziyyətə, proseslərə nəzarət edilməsində ən mühüm dövlət qurumu “FSB”-dir. Və dediyimiz məlumatın ardınca- iyunun 22-də rəsmi bir məlumat da yayıldı ki, “FSB”-nin 5-ci xidmətinin rəhbəri general-polkovnik Sergey Beseda vəzifəsindən azad edilib. Formal baxımdan onun vəzifədən azad edilməsinin səbəbi kimi 70 yaşının tamam olması göstərilsə də, bir çox mənbələr iddia edir ki, əslində bu, onun müharibədən öncə Ukrayna ilə bağlı topladığı və dövlət rəhbərliyinə təqdim etdiyi məlumatların yanlış çıxması və Rusiyanın Ukraynada ağır itkilərlə müşayət olunan savaşa cəlb edilməsi olub. Xatırladım ki, “FSB”-nin 5-ci xidmətinin vəzifəsi həm Rusiya daxilində, həm də MDB məkanında məlumatlar toplamaqdan ibarətdir. Buradan isə belə qənaətə gəlmək olur ki, həmin 5-ci xidmət həm də MDB ölkələrində Rusiyaya loyal xüsusi xidmət orqanlarını nəzarətdə saxlayan bir qurumdur. Bu öz fəaliyyət sahəsinə və dairəsinə görə “FSB”-də bəlkə də ən güclü qurumlardna biridir. Digəri isə “K” xidmətidir ki, bu da ölkənin konstitusiya quruluşunun mühafizəsi və daxili təhlükəsizliyinə cavabdehdir. Bundan əlavə, son günlər yayılan məlumatlarda bildirilirdi ki, hətta “FSB”-də əsaslı yerdəyişmələrdən biri də qurumun direktoru 72 yaşlı Aleksandr Bortnikovun istefası olacaq. Bortnikov isə Putinin “KQB”-“FSB” komandasında kök atmış şəxslərdən biridir. Və həmin komandadan sonuncu da xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkindir. İstisna etmirəm ki, son terror aktı “FSB”-dəki deyilən və qarşıdan gələn yerdəyişmələrlə əlaqədardır. Ona görə ki, “FSB”-yə kim nəzarət edəcəksə, o da faktiki Rusiyaya nəzarət edəcək, ölkənin siyasətini yönəldəcək və idarə edəcək. Sadaladığımız rəsmi və qeyri-rəsmi və ya yarımrəsmi informasliyalardan da bəlli olur ki, hazırda “FSB” daxilində mövqelər uğrunda çox ciddi mübarizə gedir. Və onu da istisna etmirəm ki, Dağıstandakı son terror aktının səbəblərindən biri də məhz həmin daxili mübarizədir. Əgər bu, belədirsə, Rusiyada digər diqqətçəkən hadisələr də olacaqdır. Maraqlı bir də orasıdır ki, Rusiyada sadaladığımız təhlükəsizliyi təhdid edən üç qanlı olay haqda məlumat eyni zamanda yayıldı. Yəni söhbət həmin qeyd etdiyimiz guya “Abxaziya” ilə sərhəddə olan hücum, və bir-birindən xeyli məsafədə yerləşən Mahaçqala ilə Dərbənddəki eyni vaxtda baş vermiş teraktlardan gedir. Bu bir mesaj xarakteri də daşıya bilər. Bununla müəyyən güclər göstərmək istəyirlər ki, Putinin yerdəyişmə planlarına müəyyən müqavimət ola bilər və bu müqavimətin Rusiya daxilində sistemli şəkildə terror olaylarıyla özünü büruzə verməsi mümkündür. Diqqət çəkən məqamlardan biri də odur ki, Dağıstandakı terrorda iştirak edənlərdən üç nəfərin respublikanın rayonlarından birinin başçısının oğulları və bacısı oğlu olması da ortalığa çıxdı. Bax, bu da çox maraqlı faktdır. Əslində bu məlumat Rusiya informasiya mənbələri tərəfindən yayılıb və təkzib də olunmayıb. Düşünürəm ki, bu mənada son terror aktlarının törədilməsində daxili çəkişmələrin rolu kifayət qədər önəmlidir. Və istisna deyil ki, bu ya yeni təyinatlara təsir göstərəcək, beləliklə də yeni teraktların qarşısı alınacaq. Və yaxud Putin o reallıqla hesablaşamayacaqsa, terror aktları davam edə bilər. Bu özündə təxminən 1999-cu ildə Rusiyanın müxtəlif şəhərlərində yaşayış binalarının partladılması əmıəliyyatlarının əlamətlərini daşıyır. Və mümkündür ki, bu, davam etsin”, -deyə şərhçi diqqətə çatdırıb.

“Rusiyadakı son terror aktlarının tərədilməsində xarici amillərin rolu nə dərəcədədir?” sualını isə ekspert belə cavablandırıb:

“Son terror aktlarında xarici amillərin roluna gəlincə, təbii ki, Rusiya təbliğatı bunların arxasında Ukrayna və NATO-nun dayandığını iddia edir. Amma bu, absurddur. Yəni iki ay öncə “Krokus Siti”də törədilmiş terror aktı haqda da belə iddialar səsləndirilirdi. Özü də ən yüksək səviyyələrdə... Həmin keçmiş təhlükəsizlik şurası katibi Patruşev də, Narışkin də, Bortnikov da bunu təkidlə iddia edirdilər. Ancaq hələ ki ortalığa ciddi bir sübut-dəlil qoyulmayıbdır. Bu dəfə də, dediyim kimi, son olaylar Ukrayna ilə əlaqələndirilir. Lakin bu da absurddur. Ukraynanın belə bir terror törətməyə ehtiyacı yoxdur. Və düşünmürəm ki, heç həmin ölkənin bunun üçün gücü və imkanları var. Bu daha çox Rusiyanın daxili məsələsidir. Yeri gəlmişkən, Dağıstanda terror hədəfinə alınanların digər etiqadlara məxsus ibadətgahların olması, yəni rus pravoslav kilsəsi və onun qətlə yetirilən keşişi, digər tərəfdən isə sinaqoqun yandırılması göstərir ki, hadisələr planlaşdırılan və törədilərkən onların beynəlxalq effekt doğurması da nəzərə alınıb. Və bu da hansısa vəhabi qruplarının ağlının məhsulu deyil, ola da bilməz...
Sonda təhlillərdən belə nəticəyə gəlmək olur ki, Rusiyadakı son terror aktları çox böyük ehtimalla ölkənin siyasi elitasındakı daxili davanın nəticəsidir. Bu artıq açıq-aydın görünür. Bilirsiz, bu Ukrayna mövzusunu o qədər istismar etdilər ki, artıq Rusiyanın özündə də insanlar bunlara inanmır. Öncə dediyim kimi, “Krokus”dakı terrordan sonra da həmin teraktı ən yüksək səviyyələrdə Ukrayna ilə bağlamağa çalışsalar da, heç bir effekti olmadı. Çünki hamısı yalandır, ağ yalandır... Bir sözlə, Rusiyada daxilıi dava gedir, özü də çox ciddi dava gedir. Hətta bu qarşıdurma sui-qəsdlərlə, çevrilişlərlə davam etsə, təəccüblənmərəm...”

Geri qayıt