Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Cənubi Qafqaz planına qarşı YENİ GÜC

Cənubi Qafqaz planına qarşı YENİ GÜC


11-06-2024, 15:21
Cənubi Qafqaz planına qarşı YENİ GÜC
İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfər edib.

Səfər zamanı dövlət başçısınin Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanla ikitərəfli görüşü olub. Görüşdə hər iki prezident ikitərəfli münasibətlərin inkişafı və strateji müttəfiqliyin perspektivləri ilə yanaşı, Azərbaycan-Ermənistan sülh prosesi və regionda hazırki siyasi prosesləri müzakirə ediblər.

Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı bu ölkənin vitse-prezidenti Cevdet Yılmaz və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş baş tutub. Eyni zamanda, Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışı aparıb. Həm görüşdə, həm də telefon danışığında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri və regional məsələləri müzakirə ediblər.

Belə hesab etmək olarmı ki, Azərbaycan ilə Türkiyə arasında yeni regional strateji layihə həyata keçirilsin?

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın bu ilin iyulunda Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək zirvə toplantısına dəvət olunmasını Qərbə ciddi mesaj kimi hesab etmək olar?

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebhe.info”-ya şərhində qeyd edib ki, hər iki dövlət başçısı Türk Dövlətləri Təşkilatını beynəlxalq güc mərkəzinə çevirmək niyyətindədir:

“Müxtəlif beynəlxalq güc mərkəzlərinin Cənubi Qafqazla bağlı planları və regionun iki ölkəsi - Ermənistan və Gürcüstanın geosiyasi mübarizə poliqonuna çevrilməsi həm Azərbaycanı, həm də Türkiyəni daha diqqətli olmağa, vahid mövqedən çıxışa vadar edir.

Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqelərini möhkəmləndirmək istəyi, eyni zamanda Rusiyanın hər iki regionda təsir imkanlarını əldən buraxmamaq üçün çabaları fonunda Azərbaycan və Türkiyənin öz geosiyasi maraqlarını təmin etməsi prioritet məsələyə çevrilib. Bu istiqamətdə məsləhətləşmələrin davam etməsi və bunun fonunda hər hansı regional strateji layihələrin baş tutmasına ehtiyac yaranıb. Türk Dövlətləri Təşkilatının fəaliyyəti çərçivəsində türk ölkələri arasında münasibətlərin daha da inkişaf etdirilməsi və türk ölkələrinin vahid güc olaraq birləşməsi üçün münasib imkanlar yaranıb. Bunun üçün mütəmadi danışıqların keçirilməsi və təmasların qurulması ilkin şərtdir. Ona görə ki, qlobal dünya həssas bir dövrdən keçir. Belə bir dövrdə istər-istəməz vahid bir mövqedən çıxış etmək lazımdır”.

Politoloqun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında təmaslar davam edəcək:

“İki ölkənin prezidenti arasında görüş keçiriləndən sonra iki ölkənin XİN rəhbərlərinin telefon danışığı baş tutub. Eyni gündə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Türkiyə Respublikası vitse-prezidenti Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib. Bütün bunlar onu deməyə əsas verir ki, tərəflər müxtəlif strateji məsələlərlə bağlı zəruri addımlar atmaq niyyətindədirlər”.

R.Bayramov Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada zirvə toplantısına dəvət olunmasını mühüm hadisə hesab edir:

“Azərbaycan türk dünyasının bir parçası və bütün türk xalqlarının birgə mübarizəsinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Belə olan halda Şimali Kipr Türk Respublikasının dövlət başçısının TDT-nin Şuşada keçiriləcək zirvə toplantısına dəvət olunmasını önəmli hadisə kimi qiymətləndirirəm. Azərbaycan bununla Qərbə prioritetin türk dünyası olduğu mesajını verir”.

Geri qayıt