Əsas Səhifə > Güney Press > “Belə olan halda bu “BRİKS” Türkiyəyə nə verə bilər?..

“Belə olan halda bu “BRİKS” Türkiyəyə nə verə bilər?..


11-06-2024, 15:08
“Belə olan halda bu “BRİKS” Türkiyəyə nə verə bilər?..
“Türkiyənin “BRİKS”-ə qoşulmaq istəyi haqda verilən bəyanatların nə dərəcədə ciddi olduğunu söyləmək çətindir. Ola bilsin ki, bu, Ərdoğan hökumətinin hansısa bir manevridir. Və Ərdoğan bununla Qərbə göstərmək istəyir ki, onun başqa seçim imkanları da var. Bu daha çox siyasi addıma bənzəyir. Məqsəd də odur ki, NATO, Avropa Birliyi və bütövlükdə kollektiv Qərb Türkiyəni itirmək istəməsin və ona münasibətini dəyişsin. Qərbin istər bütövlükdə, istərsə də Avropa Birliyinin ayrılıqda, istər NATO daxilindəki Qərb ölkələrinin ayrı-ayrılıqda, əlbəttə, Türkiyəyə münasibətləri ögeydir. Və Türkiyənin uzun illərdir Avropa Birliyinə nəinki üzv, hətta namizəd kimi qəbul olunmaması göstərir ki, burada bir qərəzli münasibət var. Bu baxımdan, görünür, Ərdoğan hökuməti “BRİKS”-ə daxil olmaq məsələsindən bir siyasi manevr kimi istifadə edir. Amma eyni zamanda istisna deyil ki, Türkiyə gerçəkdən də bu quruma daxil ola bilər”.

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri Moderator.az-ın "Türkiyə XİN başçısı Hakan Fidanın Çində də, Rusiyada da ölkəsinin “BRİKS”-ə daxil olma arzusunu ifadə etməsi, həmin qurumun Rusiyadakı tədbirində iştirak etməsi, hətta “BRİKS”i “AB-yə alternativ” adlandırması Ərdoğan iqtidarının doğrudanmı Moskvanın aparıcı rol oynadığı quruma üzvlükdə maraqlı olmasını ifadə edir, yoxsa bu, rəsmi Ankaranın növbəti özünəməxsus manevri, gedişidir?” sualını cavablandırarkən dilə gətirib.

“Bəs Türkiyə “BRİKS”-ə daxil olacağı halda nə əldə edə bilər? Bu olduqca ciddi bir sualdır. Əvvəla, bu gün Türkiyənin əsas ticari dövriyyəsi hər bir halda Qərb ölkələri ilədir. Yəni Türkiyəyə texnologiyaların idxalı da, ixracı da daha çox Avropa Birliyi ölkələri və qismən də ABŞ-la bağlıdır. Bu ölkənin nə Çinlə, nə Hindistanla iqtisadi əlaqələri, ticari dövriyyələri o qədər də böyük dür. “BRİKS”-də Rusiya var, Rusiya-Türkiyə münasibətləri, iqtisadi əlaqələri həmişə yüksələn xətt üzrə gedib. Amma Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində burada da azalma müşahidə olunur. Mən artıq “BRİKS”-in yaradıcı ölkələrindən biri olan Cənubi Afrika Respublikasını, Braziliyanı demirəm. Həmin ölkələrlə Türkiyənin iqtisadi əlaqələri yetərincə zəifdir”, - deyə davamında analitik bildirib.

“Burada hər şey “BRİKS”-in özünün perspektivindən asılı ola bilər. Söhbət yalnız Türkiyənin quruma daxil olacağı halda nə əldə etməsindən yox, ümumiyyətlə, “BRİKS”-in özünün hansı perspektivi ola biləcəyindən gedir. Deyək ki, bu qurum Avropa Birliyini, Qərbi əvəz edə bilərmi? 5 “BRİKS” ölkəsi: Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası və Braziliyanın birlikdə ümumi daxili məhsulu 27 trilyon dollar civarındadır. Avropa Birliyinin ümumi daxili məhsulu 20 trilyon dollara yaxındır. ABŞ isə təkbaşına 25-26 trilyon dollarlıq ümumi daxili məhsula malikdir. Lakin nəzərə alsaq ki, istər ABŞ, istər Avropa Birliyi və onların həm siyasi, həm iqtisadi tərəfdaşlıq əlaqələri olan digər müttəfiqlərini, Cənubi Koreya və Yaponiyanı da buraya qoşduqda və nəhayət, Avropa Birliyinə aid olmayan Böyük Britaniyanı, eləcə də Avstraliyanı da daxil etdikdə biz görərik ki, şərti olaraq “kollektiv Qərb” adlandıra biləcəyimiz bu ölkələrin ümumi daxili məhsulu 55 triyondan artıqdır. Göründüyü kimi, bu, “BRİKS”-in ÜDM-indən iki dəfə böyükdür. Hələ mən Sinqapur, Malayziya kimi ABŞ-la kifayət qədər yaxın iqtisadi əlaqələrdə olan ölkələri demirəm",- deyə Ərəstun Oruclu diqqətə çatdırıb.

Siyasi təhlilçi hesab edir ki, "BRİKS"-ə daxil olan aparıcı ölkələr arasında yetərincə siyasi, geo-siyasi və iqtisadi ziddiyyətlər var.

"Bilirsiz, məsələ yalnız iqtisadi göstəricilərdə deyil. “BRİKS” ölkələrinin münasibətlərinə baxsaq, görərik ki, Hindistanla Çin bir neçə parametr üzrə bir-birləri ilə daha çox rəqibdir, nəinki müttəfiq... Məsələn, bu iki qonşu ölkə arasında mübahisəli ərazi var, bazarlar uğrunda rəqabət var. Və nəhayət, Çinlə Hindistan müxtəlif qlobal layihələrdə bir-birinə diametral zidd maraqlarla çıxış edirlər. Çin “Şərq-Qərb” nəqliyyat-kommunikasiya dəhlizində iştirak edirsə,- bu, onun maraqlarından irəli gəlir, - Hindistan isə iki mümkün dəhlizdən birində iştiraka hazırlaşır. Bunun biri Rusiya ilə birlikdə layihələndirilən “Şimal-Cənub” dəhlizidir. Digəri isə Hindistan- Yaxın Şərq- Aralıq dənizi- Avropa dəhlizidir. Düzdü, Yaxın Şərqdəki gərginlik üzündən hələlik bu layihə ilə bağlı mövzu dondurulub. Ancaq heç kəs onun gələcəkdə aktuallaşa biləcəyini istisna edə bilməz. Bundan başqa Çinlə digər aparıcı “BRİKS” üzvü - Rusiya arasında da yetərincə ziddiyyətlər var. Birincisi, elə həmin dəhliz məsələlərində... Bilirsiz ki, Çin Rusiyanın müəyyən ərazilərinə də iddia edir. Bundan başqa, ərəb monarxiyaları, Yaxın Şərq uğrunda rəqabətdə artıq Çin müstəqil tərəf kimi iştirak edir. Və biz görürük ki, bu kimi məsələlərdə, məsələn, həmin kollektiv Qərbin ortaq maraqları var və olduqca stabil maraqlardır. “BRİKS”-də isə... Mən hələ yalnız bəzi ziddiyyətləri sadaladım. Həmçinin Braziliya, eləcə də Cənubi Afrika iqtisadiyyatının qalan qurum üzvləri olan ölkələrin iqtisadiyyatına necə inteqrasiya olunacağını söyləmək çox çətindir; Braziliya Amerika materikinin Cənub qütbündə, Cənubi Afrika da Afrikanın cənub hissəsində, digərləri isə Avrasiyada... Ola bilsin, məhz elə həmin səbəbdəndir ki, Braziliyanın Çinə ixracı 100 milyard dollar olduğu halda, həmin ölkədən idxalı təxminən 50-53 milyard dollardır, yəni ixracın yarısı qədərdir. Bir sözlə, gördüyümüz kimi, “BRİKS” ölkələrinin özləri arasındakı iqtisadi əlaqələr də o qədər güclü deyil. Belə olan halda bu “BRİKS” Türkiyəyə nə verə bilər? Heç nə verə bilməz...

Bir sözlə, mən düşünmürəm ki, Türkiyə üçün “BRİKS” ölkələri iqtisadi, elə hətta siyasi baxımdan da Qərblə, ABŞ-la, NATO ilə, Avropa Birliyi ilə əməkdaşlıqdan daha üstün ola bilər. Yəni həm təhlükəsizlik, həm müdafiə siyasəti baxımından, həm ən müasir elm və texnologiyalara çıxış əldə etmək baxımından və həm də iqtisadi baxımdan Türkiyə üçün bu gün, ən azı bu gün aralarında olan bütün ziddiyyətlərə rəğmən hazırkı Qərb partnyorları “BRİKS” ölkələrindən daha əlverişlidir. Üstəlik də, məsələn, deyək ki, Çinin gələcəkdə perspektivi nədən ibarət olacaq, Rusiyanın Ukraynadakı savaşı və digər ziddiyyətli məsələlər hansı təsirlərə gətirib çıxaracaq – bunlar da hələ bəlli deyil. Bütün bu söylədiklərimizə istinad edərək demək olar ki, Türkiyə, çox güman ki, “BRİKS”-ə daxil olmaq məsələsini bir siyasi manevr olaraq ortalığa atıb. Və mən belə bir ciddi niyyətin olduğunu hesab etmirəm. Hər halda belə bir ciddi addım atılsa, Türkiyənin bundan ciddi uğur əldə edəcəyini düşünmürəm”, - deyə ekspert vurğulayıb.

Geri qayıt