Əsas Səhifə > Güney Press > Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi

Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi


11-06-2024, 14:26
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi
Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya
ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir.
Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq
mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş
dövlətlər arasında belə qardaşlıq münasibətləri yoxdur. Bu mənada,
Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xüsusi önəm və əhəmiyyət
daşıyır. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi
tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq
daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni
müstəviyə keçməkdədir. 2021-ci il 15 iyun tarixində keçirilən Şuşa görüşü
isə bu münasibətlərin mühüm tarixi mərhələsidir.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli
strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim
möhkəmlənməkdədir. Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər
Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət» tezisinə əsaslanır. Eyni soy-
kökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik
olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf
etməsinə şərait yaradır. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə
bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-
Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa
çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini
daha da artırmaqdadır.
Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə
davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Prezident
Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi
münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Bu
mənada, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə
qardaşım deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün
də nümunədir. Bütün dünya bu qardaşlığı 44 günlük Vətən müharibəsi
zamanı da müşahidə etmişdi. Məhz, həmin dövrdə Türkiyənin bütün dövlət
strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq
göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq
dəstəyi mövqeyindən geri çəkilmədi. Məhz, əldə olunmuş zəfərin siyasi
zirvəsi olan Şuşa görüşü də dünyaya 44 günlük müharibə dönəmində
olduğu kimi mühüm mesajdır.
Qardaş ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana
səfəri çərçivəsində Şuşada olması, Prezident İlham Əliyevlə görüşü, Şuşa
Bəyannaməsinin imzalanması və mətbuata bəyanatların verilməsi, eyni
zamanda, “Xan qızı” bulağını ziyarət, Cıdır düzündə tədbirlərin təşkili bir
daha iki qardaş ölkənin uğurunun sevincinin paylaşdığını göstərir.
2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi
Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsi oldu. Heç şübhəsiz,
Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu sənədin
imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm
qoyur. Bu tarixi Bəyannamə hərbi, siyasi, mədəni, iqtisadi baxımdan iki
qardaş ölkənin bir-birinin yanında olması deməkdir. Eyni zamanda sənədin
ən mühüm müddəalarından biri də tam şəkildə təhlükəsizliklə bağlı olan
bənddir. Belə ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə,
suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət
və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə iki dövlətin
birgə fəaliyyəti nəzərdə tutulur.
Şuşa bəyannaməsi ilə Azərbaycan dünyanın 17-ci ən böyük
iqtisadiyyatına sahib olan Türkiyə ilə əməkdaşlıqdan daha çox
faydalanacaq. Türk iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox
inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul olmuşdur.
Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri
üçün zəmin yaratdı. Bəyannamənin Şuşada imzalanması Qarabağda
investisiya mühitinə əlavə bir qarant kimi qiymətləndirilməlidir. Şuşa
bəyannaməsi Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi
əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da
artıracaq.
Şuşa Bəyannaməsinin daha bir əhəmiyyəti onun ölkəmizin siyasi
partiyaları və ictimai birlikləri tərəfindən dəstəklənməsidir. Təsadüfi deyildir
ki, Bəyannamə imzalandıqdan sonra ölkədə fəaliyyət göstərən 48 siyasi
partiya siyasi həmrəylik nümunəsi göstərərək birgə bəyanatla çıxış etmiş və
bu sənədin dəstəklədiklərini bəyan etmişlər.
Həmçinin 2022-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin birinci
ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji
müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir”
mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dövlət rəsmiləri ilə
yanaşı Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın
rəhbərləri də iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycan Prezidenti,
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına
müraciəti oxunub. Bu konfrans da iki qardaş ölkə arasında bütün sahələr
üzrə əlaqələrin daha da genişlənməsinə bir töhfə olmuşdur.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dia-az.İnfo

Geri qayıt