Əsas Səhifə > Güney Press, Ana xəbərlər > DİM qəbul imtahanlarının nəticələrini niyə açıqlamır?

DİM qəbul imtahanlarının nəticələrini niyə açıqlamır?


11-06-2024, 09:02
DİM qəbul imtahanlarının nəticələrini niyə açıqlamır?
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ll və lll ixtisas qrupları üzrə mayın 26-da keçirilən qəbul imtahanı nəticələrinin iki həftə ərzində açıqlanacağı bildirilsə də, proses yubanır.

Nəticələrin elan olunmasının gecikməsi valideynlər və abituriyentlər arasında müəyyən narahatlıqlar, gərginlik yaradır. İmtahanların ikinci cəhdi üçün ərizə qəbulunun iyunun 17-də başa çatması bu naratlığı bir az da artırır. Abuturiyentlər imtahanda ikinci dəfə iştirak edib-etməyəcəklərinə nəticələrindən sonra qərar vermək istəyir.

Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi gecikmənin əsasən situasiya imtahanları ilə bağlı olduğunu hesab edir.

Onun sözlərinə görə, builki məzunlar əvvəlki dövrdən fərqli olaraq situasiya tipli sualları yazmaqda maraqlıdırlar: “Yeni qaydada imtahan 2019-cu ildə keçirildi. Abituriyentlər əvvəlki dövrlərdə prosesə uyğunlaşa bilmirdilər. Açıq tipli sualları yazmaqda tərəddüd edirdilər. Amma hazırda bu tipli suallara cavab yazmaqda maraqlıdırlar və bunu edirlər. Bu da yoxlama prosesi zamanı çətinliklər yaradır. Ümumi olaraq imtahanda 48 973 abituriyentin nəticələri hesablanır. Verilən saya uyğun müvafiq olaraq 440757 yazı işi yoxlanılır. Nəticələrin dəqiq yoxlanılması kifayət qədər zaman tələb edir”.

Mütəxəssis bildirib ki, nəticələrin elan olunmasının yubanması ikinci cəhd imtahanında iştirak edəcək abituriyentlərin qərar verməsində bir az çətinlik yaradır: “İkinci cəhd imtahanı üçün ərizə qəbulu iyunun 17-də yekunlaşacaq. Bütün ixtisas qrupu üzrə olan abituriyentlər nəticələrini bilmək və qərarı onun əsasında vermək istəyirlər. Ona görə yəqin ki, yaxın 24 saat ərzində ll və lll ixtisas qrupunun nəticələri elan ediləcək. l və lV ixtisas qrupunun nəticələri isə ən gec bu həftənin sonunda elan olunmalıdr. Çünki növbəti günlərdə iyunun 20-dək qeyri-iş günləri olacaq. O vaxta kimi yubadılarsa, ikinci cəhd imtahan qeydiyyatı bitər. l və lV qruplarda iştirakçı sayı ll və lll ixtisas qrupu ilə müqayisədə daha azdır. Təxminən 36 min nəfər iştirakçı var. Ona görə də düşünürəm ki, yaxın günlərdə açıqlanması mümkün olacaq”.

Təhsil üzrə mütəxəssis, “Unikal” kurslarının baş direktoru Kamil Məmmədov isə TNS-ə açıqlamasında bildirib ki, nəticələrin bu gün axşam saatlarında, ən gec sabah günortaya qədər açıqlanma ehtimalı var: “Nəticələrin elan olunmasının nə üçün bu qədər gecikməsi ilə bağlı Dövlət İmtahan Mərkəzi rəsmi açıqlama vermədiyi üçün dəqiq bir fikir bildirmək olmur. Verdiyi informasiya situasiya suallarının yoxlanılma prosesinin uzun çəkməsi ilə bağlıdır. DİM imtahandan sonra açıqlama vermişdi ki, iki həftə ərzində cavablar açıqlanacaq. Hazırda isə 3-cü həftəyə keçmişik. Dediyim kimi, gecikmənin cavabını konkret ala bilməmişik”.

Kamil Məmmədov gecikmənin səbəbinin açıq tipli sualların yoxlanılmasına daha həssas, dəqiq yanaşmadan qaynaqla biləcəyini də vurğulayıb: “Buraxılış imtahanından sonra apellyasiya oldu. 10 mindən çox abituriyent müraciət etdi, 600-ə yaxın abituriyentin balına əlavələr oldu. Yəqin ki, apellyasiyaya bu qədər ehtiyac olmasın, abituriyentlərə əlavə narahatlıq yaranmasın deyə, prosesə daha həssas yanaşırlar”.

Geri qayıt